AZ

“Qlobal Şərqin diqqəti getdikcə daha çox ölkəmizə yönəlməkdədir” - Kamaləddin Qafarov

"Azərbaycanın Avropa ilə Asiya arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsində oynadığı önəmli rol qlobal Şərqin diqqətini getdikcə daha çox ölkəmizə cəlb edir. O cümlədən, biz bu gün cənub-şərqi Asiya ölkələrinin Azərbaycanla əməkdaşlıq əlaqələrini dərinləşdirməkdə son dərəcə maraqlı olduqlarını müşahidə edirik. Bu baxımdan may ayının 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycan Respublikasına gözlənilən dövlət səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın inkişafına yeni təkan verəcəyini deyə bilərik. Cənab Prezident İlham Əliyevin mayın 6-da "Vietnam News Agency" agentliyinə verdiyi müsahibədə də qeyd olunduğu kimi, Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Hələ 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. 1983-cü ildə isə, o dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Ulu Öndər Heydər Əliyev Vyetnamda səfərdə olub. Məhz bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib. Eləcə də cənab Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Azərbaycan Respublikasına rəsmi səfəri iki ölkələrimiz arasında münasibətlərin inkişafında yeni mərhələyə keçid üçün möhkəm zəmin yaratdı." Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili qeyd edib ki, cənab Prezident İlham Əliyevin öz müsahibəsində Azərbaycan-Vyetnam münasibətlərinin inkişaf perspektivləri ilə bağlı səsləndirdiyi fikirlər hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edir: "Möhtərəm dövlət başçımızın dediyi kimi, Azərbaycan ilə Vyetnam bir çox sahələrdə əməkdaşlıq potensialını daha dinamik şəkildə inkişaf etdirmək üçün bütün imkanlara malikdirlər. Cənab Prezident xüsusi olaraq vurğuladı ki, bu gün təkcə iqtisadi artımı stimullaşdıracaq deyil, həm də qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaradacaq, bununla da öz növbəsində iqtisadiyyatlarımızın gələcəkdə də şaxələndirilməsinə kömək edəcək yeni əməkdaşlıq imkanları mövcuddur. Ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinin əsas perspektivli istiqamətlərindən biri də təhsil sahəsidir. Qeyd edə bilərik ki, təhsil Azərbaycan ilə Vyetnam arasında əməkdaşlığın hələ sovetlər dönəmindən mövcud olduğu ənənəvi sahələrdən biridir. Əlbəttə ki, Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün Azərbaycanın təklif etdiyi qrantlar və təqaüdlər çərçivəsində təhsil proqramları vyetnamlı tələbələrə də geniş perspektivlər vəd edir. Bu isə öz növbəsində Azərbaycanla Vyetnam arasında şəxsi təmasların möhkəmləndirilməsi üzrə imkanları daha da genişləndirəcək" - deyə, Kamaləddin Qafarov fikirlərini tamamlayıb.

Seçilən
0
12
day.az

10Mənbələr