AZ

Sülh sazişi 2026-cı ildən sonraya qalır?

Bakı və İrəvan arasında masaya dönüş gecikir

Azərbaycanla Ermənistan arasında sülh mətni üzərində razılaşma əldə olunsa da, tərəflər yekun sazişlə bağlı masaya oturmayıblar. Son günlərdə isə ümumiyyətlə tərəflər arasında sülh müzakirələrinin səngidiyi, görüşlərin əvvəlki intensivlikdə olmadığı müşahidə olunur. Hansısa müddəa üzərində danışıqların getmədiyi görüntüsü yaranır. 

Ancaq ötən gün Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, müzakirələr aktiv şəkildə davam edir. Simonyan tərəflərin müstəqil şəkildə 17 bəndi razılaşdırmağa nail olduqlarını xatırladıb və prosesin tamamlanacağına ümid etdiyini bildirib. Həmçinin, qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiya və delimitasiya prosesləri davam edir, hazırda tərəflər arasında fikir ayrılıqları yoxdur: "Proses davam edir, indi onun hansı sahələrdə davam edəcəyi müzakirə olunur. Lakin birmənalı olaraq o, Gürcüstanla sərhəddən İrana qədər tamamlanacaq. Bu, Almatı Bəyannaməsi əsasında baş verəcək". O, Ermənistanın Tavuş vilayətinin Kirants (Güney) kəndi yaxınlığındakı sərhəd sahəsi razılaşmasını "böyük qələbə" adlandırıb: "Bu sahənin delimitasiyası sayəsində biz Ermənistanın müstəqilliyinin əsaslarından birini əldə etdik. Bura iki tərəfin də tanıdığı sərhəddir. Orada sərhədçilər dayanır və delimitasiya aparılmayan sahələrə nisbətən daha təhlükəsizdir". Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan da yeni Konstitusiya layihəsinin mətninin işlənmə mərhələsində olduğunu açıqlayıb. Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiasının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadın yeni konstitusiyadan çıxarılması məsələsinə gəlincə, nazir bildirib ki, mətnin hazır hissəsini yaxın vaxtlarda Konstitusiya Şurasının üzvləri ilə müzakirə edəcəklər. 

Sülh müzakirələrini "Sherg.az"a dəyərləndirən Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib ki, həm Ermənistan, həm də Azərbaycan tərəfindən danışıqların dayanmadığı, davam etdiyi barədə məlumatlar verilir. Professorun sözlərinə görə, heç şübhəsiz, aparılan danışıqların, davam edən prosesin müəyyən nəticəsi olmalıdır:

 "Hazırda sülh danışıqları prosesi ilə yanaşı, sərhədlərin delimitasiya və demarkasiyası prosesi də gedir. Ermənistan parlamentinin rəhbəri A.Simonyanın açıqlamaları buna dəlalət edir. Simonyan Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesinin getdiyini vurğuladı. Ancaq sülh müqaviləsinin imzalanması istiqamətində hələlik bir dayanma, tormozlanma hiss olunmaqdadır. Ermənistan tərəfi Azərbaycanın demək olar ki, əksər tələbini qəbul etsə də, hələ qəbul olunmayan iki əsas tələbimiz var. Onlardan biri Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialarla bağlı müddəanın çıxarılması, Konstitusiyada Müstəqillik Aktına istinadın aradan qaldırılması, digəri isə ATƏT-in Minsk qrupunun ləğv edilməsidir. Minsk qrupunun öz fəaliyyətini dayandırması üçün müraciət həm Ermənistan, həm də Azərbaycan tərəfindən eyni vaxtda edilməlidir. Bu iki tələblə bağlı İrəvan konkret addımlar atmayıb, amma digər məsələlərlə bağlı az da olsa irəliləyişlər var". 
Ə.İbrahimov düşünür ki, Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkisindən sonra Konstitusiyada dəyişiklik edilməsinin şahidi olacağıq: "2026-cı ildəki seçkilərdən sonra sülh müqaviləsinin imzalanıb-imzalanmayacağı barədə qəti proqnoz vermək mümkündür. Fikrimcə, Ermənistan hökuməti indiki şəraitdə, seçkilər ərəfəsində bu məsələyə yaxın durmayacaq. Yəni Konstitusiyada dəyişiklik edilməsinə getməyəcək. Məhz o səbəbdən sülh sazişinin 2026-cı ildən sonra imzalanması mümkün ehtimaldır. Azərbaycan haqlı olaraq Konstitusiyada yer alan ərazi iddialarını sülhə əsas maneələrdən biri sayır. Ermənistan Konstitusiyasında dəyişiklik olmazsa, istənilən vaxt hakimiyyət dəyişikliyi nəticəsində yenidən Azərbaycan ərazilərinə iddialar başlaya bilər. Danışıqların sürətinin aşağı olmasına baxmayaraq, prosesin ümumən davam etdirilməsi inam yaradır ki, gələcəkdə, hardasa iki ildən sonra sülh müqaviləsinin imzalanması istiqamətində müəyyən addımlar atılacaq. Nəzərə alaq ki, regionda və qlobal səviyyədə baş verən hadisələrin də Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanıb-imzalanmamasına ciddi təsirləri danılmazdır". 

Seçilən
0
sherg.az

1Mənbələr