Elm və Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsinin yekun konserti keçirilib.
Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva, professor Dilarə Seyidzadə, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
AzEdu.az Elm və Təhsil Nazirliyinin məlumatına əsasən xəbər verir ki, konsertdə tələbələrin ifasında ümummilli liderə həsr edilmiş, həmçinin onun sevdiyi mahnılar, şeirlər səsləndirilib, rəqs kompozisiyaları nümayiş olunub.
Müsabiqədə I, II və III yerlərə layiq görülən tələbələrə Elm və Təhsil Nazirliyi tərəfindən fəxri fərman və hədiyyələr təqdim olunub.
Fevral-may aylarında keçirilən müsabiqəyə Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrindən “Şeir”, “Azərbaycan bəstəkarlarının estrada mahnıları”, “Kollektiv ifa”, “Təsnif və xalq mahnıları”, “Rəqs” nominasiyaları üzrə 1000-ə yaxın tələbə qatılıb, 32 peşə təhsil müəssisəsindən 94, 26 orta ixtisas təhsili müəssisəsindən 113 olmaqla, ümumilikdə 207 tələbə respublika mərhələsinə vəsiqə qazanıb. Mədəniyyət və incəsənət xadimləri tərəfindən 5 nominasiya üzrə 125 nəfər qalib müəyyən olunub.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik, hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında misilsiz xidmətlərini gənclərə aşılamaq, həmçinin gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, istedad və bacarıqlarını üzə çıxarmaq, onlarda nitq mədəniyyətinə, bədii ifaçılığa, şeirə və incəsənətə olan marağı artırmaqdan ibarət olub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta