AZ

Dünya fəlakətin bir addımlığında: müharibədə kim maraqlıdır?

Zaur Məmmədov: “Genişmiqyaslı müharibənin olmasını nə qlobal güclər, nə də ki, Hindistan və Pakistan istəyir”

Mayın 6-sı gecə saatlarında Pakistanın Kəşmir bölgəsindəki Müzəffərabad şəhəri yaxınlığında çoxsaylı partlayışlar baş verib. Pakistan ordusunun Mətbuat Xidməti Hindistanın üç bölgədən hücuma keçdiyini açıqlayıb. Məlumatda Hindistanın üç ayrı yerdən Pakistan ərazisinə raket hücumu etdiyi bildirilib.

Hindistan Silahlı Qüvvələri Pakistanın nəzarətində olan Cammu və Kəşmirdəki terror infrastrukturuna zərbə endirəcək "Sindoor əməliyyatı"nın başladığını elan edib. Məlumata görə, Pakistanın 9 rayonunda heç bir hərbi obyektin hədəf alınmadığı əməliyyat keçirilib.

Hindistan hökuməti atılan addımların qarşıdurmaya yol açmadığını bildirsə də, gərginlik toqquşmalarla nəticələnib.

Hindistan ordusunun Pakistana endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb. Bu barədə Pakistan ordusundan bildirilib. Qeyd edilib ki, yaralıların sayı 46 nəfərdir.

Rəsmi İslamabad Hindistanın əməliyyatını “müharibə aktı” adlandırıb. “Məkrli düşmən Pakistanın 5 yaşayış məntəqəsinə qorxaqcasına hücumlar həyata keçirib”, deyən Pakistanın Baş naziri Şahbaz Şərif bildirib ki, Pakistanın Hindistanın tətbiq etdiyi bu müharibə aktına güclə cavab vermək hüququ var: “Bütün ölkə Pakistan silahlı qüvvələrinin arxasındadır və bütün Pakistan xalqının əhval-ruhiyyəsi yüksəkdir. Pakistan xalqı və Pakistan silahlı qüvvələri düşmənlə necə mübarizə aparacağını bilir. Biz heç vaxt düşmənin öz çirkin məqsədlərinə nail olmasına imkan verməyəcəyik”.

Ehtimal edilir ki, bu toqquşmalar iki dövlət arasında dördüncü müharibə ilə sonuclanacaq. Amma genişmiqyaslı eskalasiyanın olmayacağı proqnozları da yetərincədir.

Hindistan-Pakistan toqquşmaları barədə AYNA.AZ-ın suallarını cavablandıran Bakı Politoloqlar Klubunun rəhbəri, analitik Zaur Məmmədov xatırladıb ki, Hindistanla Pakistan arasında belə gərginliklər dəfələrlə olub:

- Yəni ki, bu toqquşmalar ilk deyil. Təkcə 2000-ci ildən bu yana iki dövlət arasında təxminən 5 dəfə ciddi toqquşmalar, genişmiqyaslı müharibəyə çevrilə biləcək hadisələr baş verib. Elə Hindistanda Narenda Modinin hakimiyyəti dövründə səhv etmirəmsə, iki dəfə belə gərginlik yaşanıb. Eynilə Hindistan tərəfindən Kəşmir ətrafında və Pakistanın digər regionlarına Yeni Dehlinin terrorçu adlandırdıqları qruplaşmalara zərbələr endirilib. Bu dəfə də biz Hindistanın terrorçu adlandırdığı həmin qruplaşmaların məskən saldığı ərazilərə raket zərbəsi endirildi. Əlbəttə, Pakistan da bu zərbələrə cavab verdi.

Sual olunur: dünya belə toqquşmanı gözləyirdimi? Məncə, gözləyirdi. Məsələn, Pakistan rəsmiləri aprelin 30-da qeyd etmişdi ki, 24-36 saat ərzində Hindistan tərəfinin Pakistana raket zərbələri endirəcəyi barədə İslamabadda dəqiq məlumatlar var. Həmin müddət 24-36 saatdan bir qədər artıq çəkdi, amma 6 gündən sonra Hindistanın Pakistana raket zərbələri endirdiyinin şahidi olduq. Amma mən düşünmürəm ki, bu toqquşmalar böyük və uzunmüddətli müharibəyə çevriləcək. Çünki belə genişmiqyaslı müharibənin olmasını nə qlobal güclər, nə də ki, Hindistan və Pakistan istəyir. Hər kəs yaxşı anlayır ki, böyük müharibə qlobal fəlakətə səbəb ola bilər.

- Amma tərəflər bütün qoşunların hazır vəziyyətdə olduqlarını bəyan etmişdilər. Xüsusilə də, Hindistan tərəfindən təhdidlər daha ciddi görünür...

- Yenə deyirəm ki, bu toqquşmaların genişmiqyaslı müharibəyə gətirib çıxaracağı inandırıcı deyil. Düzdür, Hindistan-Pakistan arasındakı müharibələrə baxsaq görərik ki, ilk dəfə olaraq Hindistan ordusu bu dəfə həm Quru Qoşunlarını, həm Hərbi Hava Qüvvələrini, həm də Hərbi Dəniz Qüvvələrini işə saldı. Pakistan isə bir qədər təmkinlilik nümayiş etdirdi. Çünki əvvəldən də görünən odur ki, Pakistan eskalasiyada maraqlı deyil. İslamabad ya buna hazır deyildi, ya da ki, müharibənin ona daha çox zərər verəcəyini düşünür. Demək ki, eskalasiyada maraqlı olan Modi hakimiyyətidir. Modi hakimiyyəti genişmiqyaslı müharibədə maraqlı olmasa da, müəyyən zərbələr endirərək özünün hansısa məqsədlərinə çatması niyyətindədir.

Ümumiyyətlə, Kəşmir münaqişəsinin digər münaqişələrdən fərqi ondan ibarətdir ki, bu bölgə ətrafında bir çox qruplar var ki, vahid hakimiyyətə tabe deyil. Ona görə də, tərəflər əslində toqquşmaların səbəbkarı kimi həmin qruplaşmaları göstərir və eskalasiya dərinləşmədən başa çatdırırlar.

- Dediniz ki, qlobal oyunçular da müharibədə maraqlı deyillər. Hansı oyunçuları nəzərdə tutursunuz?

- Bu gün münaqişənin müharibə mərhələsinə keçməsinə ən çox qarşı olan qüvvə Çindir. Çünki Çinin Pakistanla çox böyük layihələri var. Pekin bu layihələrə zərər gəlməsini heç bir halda istəmir. Eyni zamanda, ABŞ da müharibənin baş verməsində maraqlı deyil. Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki qarşıdurmalar onsuz da dünya düzənini pozub, qlobal iqtisadiyyata ciddi zərbələr vurub. Asiyada da yeni genişmiqyaslı müharibə qlobal böhranı daha da dərinləşdirəcək. Onu da nəzərə almaq lazımdır ki, Hindistan da, Pakistan da nüvə dövlətidir. İki nüvə dövləti arasında böyük müharibə isə yenə deyirəm, dünyanın fəlakətinə səbəb ola bilər. Yeni müharibə yeni qaçqın problemidir, ekoloji böhrandır, qida təhlükəsizliyinə ciddi zərbədir. Qlobal güclər bu amilləri nəzərə alaraq müharibədə maraqlı deyillər.

Seçilən
0
turkustan.az

1Mənbələr