Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin “Məzunların məşğulluq reytinqi” elektron platformasında yer alan məlumatlara əsasən ölkənin ali təhsil müəssisələrini bakalavr pilləsi üzrə bitirən şəxslərin əmək bazarına daxil olma tezliyi ildən-ilə artır.
2018-ci ildə bakalavriat pilləsini bitirmiş məzunların sonrakı ilk iki il ərzində əmək müqaviləsi ilə əmək fəaliyyətinə cəlb olunma göstəricisi 55,2 faiz olubsa, 2024-cü ilin məlumatlarına əsasən bu göstərici 2022-ci ildə məzun olanlar üzrə 62,3 faiz təşkil edib.
Platformada 31 ali təhsil müəssisəsini 2018-2022-ci illərdə yalnız bakalavr pilləsi üzrə bitirmiş 103,4 minədək məzunla bağlı məlumatlar mövcuddur.
“Məzunların məşğulluq reytinqi”nin metodologiyasına əsasən bir məzunun iş tapma müddəti məzun olduqdan sonrakı 2 illik dövrü əhatə edir.
Digər tərəfdən, bakalavr təhsilini başa vurduqdan sonra ölkə daxilində və ya digər ölkələrdə magistratura təhsili alan, daha sonra əmək bazarına daxil olan şəxslərin məlumatları hazırda “Məzunların məşğulluq reytinqi” e-platformasında əks olunmur.
Platformada əks olunmuş əməkhaqqı məlumatları əmək fəaliyyətində olan həmin məzunların işə başlarkən bağlanmış əmək müqaviləsindəki məlumatlardır, hazırki əməkhaqqı göstəriciləri daha yüksəkdir.
Ali təhsil müəssisələrini bitirən məzunların məşğulluğu və əmək bazarında aktual ixtisaslar barədə abituriyentlərin məlumatlılığını təmin edən, onlara əmək bazarının tələblərinə uyğun düzgün peşə-ixtisas seçimi imkanı yaradan “Məzunların məşğulluq reytinqi” e-platforması beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir.
Ötən dövrdə bir sıra beynəlxalq müsabiqələrdə qalib seçilən bu paltforma ABŞ-nin aparıcı qiymətləndirmə proqramının müsabiqəsində Qlobal Tanınma Mükafatına (“Global Recognition Awards”) da layiq görülüb.