AZ

Azərbaycan və Vyetnam arasında əlaqələrin inkişafı üçün geniş perspektivlər var

Prezident İlham Əliyev “Vietnam News Agency” agentliyinə verdiyi müsahibəsində iki ölkə arasındakı əlaqələrin xarakterindən bəhs edib. Ölkəmizin başçısı Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətlərinin birləşdirdiyini qeyd edib. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSRİ-ə səfərini xatırladan dövlətimizin başçısı o dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərinin da əlaqələrin formalaşmasındakı əhəmiyyətli roluna toxunub. Bu əlamətdar səfərlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrildiyini, həmçinin dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin münasibətlərdə yeni səhifə açdığı məmnunluqla vurğulanıb.

“İki sahil” xəbər verir ki,  bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin müsahibəsində 2014-cü ildə Vyetnama səfərinin və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfərinin iki dövlət arasında münasibətlərin inkişafına mühüm önəm kəsb etdiyini söyləyib: “Azərbaycanla Vyetnam arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının fəaliyyəti önə çəkilib. Xarici işlər nazirliklərinin və parlamentlərarası əlaqələrin fəaliyyətinə toxunulub. Eyni zamanda Azərbaycanın və Vyetnamın  Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlığından bəhs olunub. İki ölkə arasında energetika sahəsində əməkdaşlığın mühüm aspektlərinin olduğunu vurğulanıb. Buna misal kimi 2019-cu ildə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında imzalanan müqavilənin əhəmiyyətindən bəhs edilib. Sözsüz ki, neft sahəsində əməkdaşlığımızın möhkəm tarixi təmələ əsaslandığı da ölkəmizin başçısı da tərəfindən qeyd edilməsi xüsusi önəm kəsb edir. Vaxtilə Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında əsas rol oynayıblar. Təsadüfi deyil ki, 1981-ci ildə Sovet İttifaqının köməyi ilə yaradılan “Veso Petrol” müştərək müəssisəsinin ilk baş direktoru azərbaycanlı Cəlal Məmmədov olub”.

Təftiş Komissiyasının sədri vurğulayıb ki, Prezidentin müsahibəsində də qeyd etdiyi kimi iki ölkə arasında mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlığın köklərinin sovet dövrünə gedib çıxsa da son illərdə bu daha da inkişaf etdiyi bildirilib: “1955-ci ildə Azərbaycan bəstəkarı Qara Qarayev Vyetnam müharibəsi haqqında ilk sovet-Vyetnam sənədli filmi üçün “Vyetnam süitası”nı bəstələyib, onun premyerası 2023-cü ildə Hanoyda olub. Həmçinin sovet dövründə Azərbaycanda 5 minə yaxın vyetnamlı təhsil alıb, onların bir çoxu hazırda Vyetnamın dövlət orqanlarında məsul vəzifələr tutur. Bu xüsusda Prezident İlham Əliyevin 2014-cü ildə Hanoya səfəri zamanı Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüş oldu, onlar ölkəmiz və burada keçirdikləri illərlə bağlı səmimi sözlər ifadə etdilər. 2015-ci ildə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edildi. 2024-cü ildə isə Bakıda Vyetnam müharibəsinin qəhrəmanlarına həsr edilmiş “Əfsanə yaradanlar” filminin nümayişi olunub. Bununla yanaşı Heydər Əliyev Fondu tərəfindən 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, Vyetnamda fəal surətdə layihələr həyata keçirilib. Ölkəmizin başçısı da müsahibəsində bu məqamlara xüsusi ilə toxunub. Vurğulanıb ki, bu ilin aprelində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çərçivəsində vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibinin xanımı No Fon Li, yaradıcılıq sənayesinin nümayəndələri, Hanoy Ticarət və Turizm Kollecinin rəhbərləri, həmçinin Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşüb. Görüş çərçivəsində Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bağlı sertifikat təqdim edilib”.

Sevinc Hüseynova Vyetnam liderinin ölkəmizə səfərinin əhəmiyyətinə xüsusi ilə toxunan dövlətimizin başçısı müsahibəsində bunun fəal əməkdaşlığa mühüm təkan olacağını qeyd edib: “Azərbaycanla Vyetnam arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açılır. Səfər çərçivəsində siyasi dialoqa, iqtisadi-ticari əlaqələrə, həmçinin humanitar və mədəni mübadiləyə xüsusi diqqət yetiriləcək. Bundan başqa, partiyalararası dialoqun inkişafına ayrıca əhəmiyyət verilir. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq müsbət dinamika nümayiş etdirir. Qarşıdakı səfər siyasi və ideoloji zəmində qarşılıqlı fəaliyyətin yüksək səviyyəsinin əlavə təsdiqi olacaq. Ölkələrimiz ən müxtəlif sahələrdə əməkdaşlıq potensialını bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlara malikdir. Sözsüz ki, iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinin əsas perspektivli istiqamətlərindən biri turizmdir. Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması turizm proqramlarının inkişafı ilə paralel surətdə iki ölkənin vətəndaşlarının bir-birinin mədəniyyətinə və tarixinə marağının artmasına kömək edəcək. Müştərək mədəniyyət layihələrinin intensivləşdirilməsi, səhiyyə və ekologiya sahələrində humanitar missiyalarla bağlı proqramların və birgə təşəbbüslərin inkişafı ölkələrimiz üçün qarşılıqlı maraq doğuran istiqamətlərdən hesab olunur. Azərbaycan həmişə olduğu kimi, Vyetnamdan tələbələrin gəlməsində maraqlıdır. Onlar Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün Azərbaycanın təklif etdiyi qrantlar və təqaüdlər çərçivəsində təhsil proqramlarından istifadə edə bilərlər”.

Seçilən
0
1
ikisahil.az

10Mənbələr