Azərbaycanda yay aylarında müəllimlərin növbəti sertifikasiya imtahanının keçirilməsi nəzərdə tutulub. Sertifikasiyaya biologiya, kimya, coğrafiya, informatika və fizika müəllimləri cəlb olunacaq.
2022-2024-cü illər ərzində 65 min nəfərə yaxın müəllim sertifikatlaşdırmaya cəlb edilib. İndiyə kimi sertifikatlaşdırma prosesini uğurla keçmiş müəllimlərin ümumi sayı 55 min nəfər olub.
Hər il aprelin sonunda həmin il keçiriləcək sertifikasiya imtahanlarının tarixləri açıqlırdı. Ancaq bu il proses gecikir. Cari ildə keçiriləcək imtahanın tarixinin açıqlanmaması sosial şəbəkələrdə müxtəlif iddiaların yayılmasına səbəb olub.
Modern.az mövzu ilə bağlı Elm və Ali Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rasif Dünyamalıyev ilə həmsöhbət olub.
Onun sözlərinə görə, sertifikatlaşdırma prosesi daim yenilənməyə ehtiyacı olan prosesdir:
“Söhbət müəllimlərin bilik və bacarıqlarının zəmanəyə, müasir standartlara uyğunlaşmasında gedir. Bunu uyğunlaşdırmaq üçün həm prosesin özü, həm də yoxlama sualları təkmilləşməlidir. Amma Azərbaycan müəllimi nəzərə almalıdır ki, bu proses ölkəmizdə 2-3 ildir başlayıb. Hələ bütün müəllim heyətinin sertifikasiyası bitməyib ki, növbəti mərhələ başlasın. Kəsilib təkrar imtahan verənlər isə əvvəlki məzmun üzrə verəcəklər”.
R.Dünyamalı qeyd edib ki, bu il imtahan verib keçən insan 5 ildən sonra yenidən imtahan verəcək:
“Əlbəttə ki, o insan 5 il sonra yenidən 2025-ci il suallarından imtahan verə bilməz. Bu real deyil. Çünki insanların bilik və bacarıqları təkmilləşir, müasir dünya yenilənir. Müəllim də buna cavab verməlidir. Sertifikasiyanın keçirilməsin də məqsəd də budur ki, müəllimin müasir standartlara cavab verib-verməməsi yoxlanılsın. Ona görə də müəllimlər düşünməsinlər ki, imtahan qərəzli şəkildə çətinləşdirilir. İmtahanın məqsədi uyğun olmayanların sistemdən kənarlaşdırılmasıdır. Sertifikasiyanın məqsədi budursa, fərqli çərçivəyə salmaq, Nazirliyin qərəzli fəaliyyət göstərdiyini düşünmək prosesə zərbə vurmaq deməkdir. Yaxşı müəllim ola biləcək şəxslər belə düşünə bilməz. Yaxşı müəllim bilməlidir ki, 5 ildən sonra yeni imtahan olacaq, həmin imtahan da başqa standartlarla, başqa məzmunda olacaq. Digər düşüncələr absurddur, Elm və Təhsil Nazirliyini olmayan bir şeyə görə ittiham edib hay-həşir salmaq doğru deyil”.