Səhnəmizin dəyərli simalarından olan Əməkdar artist Səbinə İlyasova sənətə dərin sevgisi, peşəkarlığı və zəngin musiqi zövqü ilə illərdir tamaşaçı qəlbində özünə xüsusi yer qazanıb. Səbinə İlyasova o sənətkarlardandır ki, səsi və ifa tərzi ilə yaddaşlarda iz qoyub.
Əməkdar artist Bakıvaxtı.az-a müsahibəsində sənət yolu, gənclərə verdiyi tövsiyələr, səhnə təcrübələri və gələcək planları barədə danışıb. Hər kəsin sevimlisi olan müğənni ilə müsahibəni təqdim edirik:
Əgər sənətkar peşəkardırsa, unudulmur
- Həm bəstəkar mahnıları, həm də estrada janrlarında uğur qazanmış sənətkarlardansınız. Gənc nəsil müğənnilərə bu yolda nələri məsləhət görərsiniz?
- Mən sənətə ilk gəldiyim zaman Azərbaycan musiqi mədəniyyətinin milli dəyəri olan muğamlara müraciət etmişəm. Sənətə yeni gələnlərə məsləhətim odur ki, ilk növbədə musiqi təhsili alsınlar, bu çox vacibdir. Gənclərə də tövsiyə edirəm ki, muğamı mütləq bilsinlər. Muğamı biləndə mahnı janrını oxumaq çətin olmur. Öz üzərlərində çox çalışsınlar, yeni-yeni ifalar etsinlər ki, tamaşaçının sevgisini qazana bilsinlər.
- Səhnədə heç unutmadığınız bir baxış, bir tamaşaçı olubmu?
- Mənim konsertimə gələn tamaşaçılar məhz mənim səsimi və ifamı bəyənib gələnlərdir. Hamısının baxışında bir məhəbbət var. Onların gözlərindəki sevgini unutmaq qeyri-mümkündür.
- Unutmaq demiş, unudulmaqdan qorxmursunuzmu?
- Unudulmaqdan qorxuram. Əgər sənətkar peşəkardırsa - istər müğənni, istər musiqiçi, bəstəkar və ya aktyor olsun - unudulmur. Artıq internet dövründəyik, sosial platformalar arxivlə doludur. Özümüz həyatda olmayanda belə, arxivdə olan səsimiz hər zaman eşidiləcək.
- Son zamanlar gənc müğənnilər daha çox bəstəkar və xalq mahnılarına müraciət edirlər. Bu isə həqiqi sənətin unudulmadığını göstərir. Ümumiyyətlə, yeni oranjemanları bəyənirsinizmi?
- Gənc müğənnilərimizin repertuarında xalq mahnılarını və bəstəkar mahnılarını görmək sevindirici haldır. Onlar elə mahnılardır ki, hər dövrdə sevilir və unudulmazdır.
Oranjemanlara gəlincə isə, təbii ki, zəifi də var, yaxşısı da. Bu, həmişə belə olub və olacaq. Oranjman çox şeyə təsir edir: yaxşı mahnını pis, pisi isə yaxşı təqdim edə bilər.
Özlərinə inamları olmayanlar böyük sənətkarları qəbul etməkdən qorxurlar
- 2012-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüsünüz. “Xalq”ın vaxtı deyilmi?
- Artıq 46 ildir peşəkar səhnədə fəaliyyət göstərirəm və bu illər ərzində Azərbaycan milli və estrada musiqisini həm ölkəmizdə, həm də xarici dövlətlərdə geniş şəkildə təbliğ etmişəm. Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən Əməkdar artist fəxri adına layiq görülmüşəm. O ki qaldı Xalq artisti adına, əgər illərlə xalqın qarşısında çıxış etmişiksə, demək ki, biz elə xalqın artistiyik, düz deyil? Uzun illər fəaliyyət göstəririk, əmək veririk sənət üçün, istər ölkədə, istər ölkədən kənarda. Belə hesab edirəm ki, Əməkdar artist adı Xalq artisti adından daha üstündür.
- Bəzən gənc müğənnilər yaşlı nəsildən söz düşəndə “onların dövrü keçib” deyərək, bəyənmirlər. Amma zaman-zaman da onların ifa etdikləri mahnılara üz tuturlar…
- Belə düşüncədə olanlar sənət baxımından zəif müğənnilərdir. Onların özlərinə inamları olmadığı üçün böyük sənətkarları qəbul etməkdən qorxurlar. Dünyanın bütün ölkələrində stajı çox olan müğənnilər həm dövlət, həm də xalq tərəfindən daha çox hörmət görür.
Filmə çəkilməklə bağlı yenə də təklif gəlsə, dəyərləndirə bilərəm
- Sizcə, sənətkar hansı yaşadək səhnədə olmalıdır?
- Hər bir sənət adamı ona tələbat olana qədər səhnədə olmalıdır. Tələbatın bitməsi 40 yaşında da, 30 yaşında da, 70 yaşında da ola bilər. Səhnənin yaşı yoxdur. Sənətkar təravətini itiribsə, artıq yeni işləri yoxdursa, o zaman səhnəni tərk edə bilər. Səhnədə olan adam hər zaman baxımlı olmalı, zövqlə geyinməli, yeni-yeni əsərlər tamaşaçıya təqdim etməlidir.
- 2008-ci ildə “Oyunçu”, 2014-cü ildə “Boyunbağı” seriallarında sizi görmüşük. Yenidən film sektoruna qayıtmaq istəyərsinizmi?
- Bəli, iki seriala çəkilmişəm. Filmə çəkilmək çox xoşuma gəlmişdi, ona görə düşünürəm ki, yenə də təklif gəlsə, dəyərləndirə bilərəm. Obrazımı mənimsəyirəm, elə oynayıram ki, sanki rol deyil, gerçəkdir.
- Yeni layihələr üzərində işləməyi planlaşdırırsınız?
- Hal-hazırda iki layihədə yer alıram: “Xalqın səsi” və “Toylar kraliçası” layihələrində münsif kimi iştirak edirəm. Çox maraqlı layihələrdir. Gənc və istedadlı ifaçılara yol açır. Ümumiyyətlə, mən zəif istedada malik gənclərimizə dəstək olmağı, onların püxtələşməsinə köməklik göstərməyi sevirəm. Elza Seyidcahan mənə böyük şairimiz Nəsiminin sözlərinə yazılmış yeni bir mahnı təklif edib. Hazırda üzərində işləyirəm və yaxın günlərdə tamaşaçılara təqdim edəcəyəm.
Nuriyyə Musayeva