AZ

8 may Beynəlxalq Talassemiya Günüdür

Hər il mayın 8-i dünyada Beynəlxalq Talassemiya Günü kimi keçirilir.Missiya.Az xəbər verir ki, həmin gün 1994-cü ildə Beynəlxalq Talassemiya Federasiyası tərəfindən təsis edilib və onun əsas məqsədi talassemiyalı insanlar üçün görülməli olan tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaqdır. Bu, ilk növbədə, profilaktika, keyfiyyətli tibbi xidmətin əlçatanlığı, sosial inteqrasiya, həmçinin elmi tədqiqatlara və yeni terapevtik yanaşmalara çıxışdır.

Talassemiyanın ən ağır formalarına əksər hallarda qan qohumluğu olan nikahlarda təsadüf edilir. Bir-biri ilə yaxın qohum olan gənclərin ailə qurması gələcəkdə ağır patologiyalı, o cümlədən talassemiyalı uşaqların doğulması ilə nəticələnir. Talassemiya xəstəliyi erkən təzahür etdiyi halda, azyaşlının fiziki və əqli inkişafının ləngiməsinə, üz skeletinin kobud dəyişikliyinə - kvadrat kəllə, yəhərvari burun, dişlərin yerdəyişməsi, alt və üst çənələrin üst-üstə düşməməsi və bir sıra digər hallara gətirib çıxarır. Həmin uşaqlarda bir qədər sarılıq müşahidə edilir və onlar tez-tez infeksion xəstəliklərə yoluxurlar.

Ağır talassemiya formalarında uşaqlar həyatlarını erkən dövrdə itirir, orta ağır talassemiya zamanı uşaqlar yetkin yaşa qədər yaşayırlar. Talassemiya zamanı qanın rəng göstəricisi aşağı enir. Qanda dəmirin miqdarı ya norma daxilində, ya da artmış olur. Eritrositlər patologiya nəticəsində vaxtından əvvəl parçalanır, bir çox hallarda qanda zülalın miqdarı yüksəlir, dalaq isə böyüyür. Valideynlərdən gen vasitəsilə uşağa keçən ağır irsi qan xəstəliyi olan talassemiya genetik çatışmazlıq nəticəsində hemoqlobin sintezinin pozulması və xroniki anemiya ilə xarakterizə edilir. Dəmir defisitli anemiyada dəmir preparatlarının qəbul edilməsi qanın tərkibinin yaxşılaşmasına səbəb olursa, talassemiya zamanı bu preparatların qəbul edilməsi xəstəyə zərərli təsir göstərir. Talassemiya müalicə edilməsə də, xəstəyə qan köçürməklə onun vəziyyətini yüngülləşdirmək mümkündür. Problemin daha bir müalicə üsulu isə sümük iliyinin köçürülməsidir.

Habelə ayda bir dəfə dəri altına dərman yeritməklə qanın laxtalanmasını normal vəziyyətə salan və xəstənin tam sağlam yaşamasını təmin etmək olur.

 Zərintac Mayisqızı Missiya.Az

Seçilən
0
missiya.az

1Mənbələr