AZ

Kartlardan oğurluq ya bankın, ya da mobil şirkətin "işverənliyi" ilə baş verir - İddia və cavab...


Azərbaycanda bank hesablarından pul oğurluğu adi hal alıb. Bu dələduzluq növü ilə baş verən cinayət hadisələrinin sayı hər keçən gün daha da artır. Təkcə Mayın 6-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 3400, 2500, 2000, 1500, 1302, 999, 840, 490, 285, 161, 30, 16, 5 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Demək olar ki, hər gün insanların kartından müxtəlif məbləğdə vəsait oğurlanır. Bununla bağlı çağırışlar edilir ki, kartın FİN nömrəsini heç kimə verməyin, kart məlumatlarını gizli saxlayın. Ancaq yenə də kiberoğuqluq baş alıb gedir.

Maraqlı məqam ondan ibarətdir ki, kiberoğurluq hadisəsi daha çox dövriyyəsində pul olan, karta yüksək məbləğdə pul köçəndə baş verir. Bu hal isə bir sıra sualların yaranmasına səbəb olur. Belə ki, məlumat sızıntısı ehtimalını artırır. Görəsən, məlumat ötürülməsi halı banklardan və ya mobil operatorlardan sızdırıla bilərmi?

Osman Gündüz: “Bu məlumatlar həm banklardan, həm də mobil operatorlardan sızdırıla bilər və ya bank məlumat bazaları ilə bağlıdır”

Multi-Media Mərkəzinin rəhbəri Osman Gündüz “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bank kartlarından oğurluqda insan amilinin rolu var: “Kiberdələduzlarla bank məlumatlarına çıxışı olan şəxslər arasında əlaqə var. Yəni kibercinayətlər mütəşəkkil qaydada törədilir. Təsadüfi nömrələrə zəng vurulmur. Dövriyyəsi olan, kartında pul olanlar hədəf seçilir. Bu fakt isə məlumat sızıntısı ehtimalını artırır. Bu qədər kütləvi şəkildə, yüksək məbləğli və dəqiq hədəflərlə dələduzluqlar həyata keçirilirsə, bu artıq adi bir bank əməkdaşının fərdi bir müştəri məlumatını sızdırması ola bilməz. Bu məlumatlar həm banklardan, həm də mobil operatorlardan sızdırıla bilər və ya bank məlumat bazaları ilə bağlıdır.Bu sahədə ciddi araşdırma və hüquqi mövqe ortaya qoyulmasa, kibercinayətkarlıq daha da sistemli xarakter alacaq. Vəziyyət bu cür davam etsə dövlətin rəqəmsal etimadı və maliyyə sabitliyi də zərbə altında qalacaq və hər kəs nağd alışa üstünlük verəcək”.

Elvin Abbasov: “Kiberdələduzluqla mübarizə yalnız texnoloji deyil, həm də ictimai məsuliyyət məsələsidir”

İKT sahəsi üzrə ekspert Elvin Abbasov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, kiberdələduzluq, kibertalançılıq halları günü-gündən artır: "Hər gün yeni kiberhücum, yeni versiyalarla insanlar aldadılır. Aidiyyəti qurumlar israrla bildirir ki, öz şəxsi məlumatlarınızı heç kimə verməyin. Bu çağırış çox vacibdir. Kiberdələduzluqla mübarizə yalnız texnoloji deyil, həm də ictimai məsuliyyət məsələsidir. Vətəndaş, dövlət və özəl sektor bu zəncirin ayrı-ayrı halqaları kimi birgə işləməli, rəqəmsal təhlükəsizliyi təmin etmək üçün həm texniki, həm hüquqi, həm də maarifləndirici sahələrdə birgə fəaliyyət göstərməlidirlər”.

Günel CƏLİLOVA

Seçilən
0
baki-xeber.com

1Mənbələr