AZ

Keçmişi indiyə çağırmaq

Marsel Prustun “İtkin zamanın sorağında” epopeyası haqqında

Əvvəli ötən saylarımızda...

Epopeya, deyildiyi kimi, yeddi cilddən ibarətdir:

1. Svana doğru

2. Çiçəkli qızların kölgəsində

3. Germantların mülkündə

4. Sodom və Qomorra

5. Əsir qız

6. Qaçaq qız

7. Qaytarılmış zaman (bu da başqa bir versiya)

Prusta görə, insan ömrü məkanda yox, zamanda keçir. Yaddaş adlı mexanizmin köməyi sayəsində zamanı geri qaytarmaqla keçmişi ölümdən çağırmaq, insanı diriltmək olar. Nəinki adamları, onları əhatə eləyən mühiti, məkanı, əşyaları, detalları, bir sözlə, fonu da canlandırıb ölümün əlindən almaq mümkündür. Sənət dirilik iksiridir, o, bir cadugər kimi yoxluğa, faniliyə meydan oxuyur.

Məhz buna görə Marsel nəhəng roman boyu təkcə insanlara yox, gördüyü bütün mənzərələrə, qoxulara, dadlara, səslərə can verməyə çalışır, ən xırda detalları, elementləri belə gözdən qaçırmır, zamanın surətini xırda cizgilərinə qədər diri saxlamağa cəhd göstərir. Bu məqsəddən, məzmundan doğan xırdaçılıq, uzunçuluq əsərin üslubunda da əksini tapır: iç-içə yığılan qutular kimi bir-birinin bətnindən çıxan qarınqulu, gonbul, hamilə cümlələr, döngələri qəfil burulub dalanlarda bərkə dirənən, məcburən qayıdıb ana yola çıxan avara-sərgərdan, azğın, yola nabələd cümlələr, bəzən iti axan dağ çayı kimi çevik, qıvraq, yüngülqədəm, hazıryaraq, bəzən düzən çayı kimi ağırtaxta, ağırsəngin, şaqqalı, ləngərli cümlələr müəllifin zərrəbinlə apardığı psixoloji analizin ən incə detallarını belə gözdən qaçırmamaq üçün ona əsgər sədaqətiylə xidmət göstərir. Hələ-hələ hər böyük şairin də sərəncamında olmayan qədər saysız-hesabsız obrazlar, bənzətmələr, simvollar, metaforalar Marselin hüzurunda əmrə müntəzir durur.

Əslində, bu əsər sözün ənənəvi mənasında roman da deyil, nəhəng bir poemadır - bir yalqızlıq kamerasının dar pəncərəsindən görünən dünya haqqında qoşulmuş subyektiv poema, tək əllə, tək barmaqla bəstələnmiş kədərli melodiya. Bizim həmin aləmi ayrı gözlə görmək şansımız yoxdur, biz o dünyanı yalnız Marselin gözüylə görə bilərik. Ona görə də Marselin qandığından artığını qana bilmərik, çünki bizə o dünyanı başqa bucaqdan izləmək, qapı dalından, hasar üstündən güdmək imkanı verilməyib. Heç kim heç kimin dünyasının sərhədini poza bilməz, heç kəs başqasının düşündüklərini, duyduqlarını eynilə olduğu kimi düşünüb duya bilməz. Hər kəs öz dünyasını özüylə aparır, odur ki, yaradıcı insan öz dünyasına hələ hamının olan bu dünyadaykən əbədilik qazandırmaq istəyir.

***

Əsər, demək olar, başdan-ayağa “düşüncə seli” metoduyla yazılıb. Müəllif bizə yüzlərlə (bəlkə də minlərlə) personajın, canlı-cansız varlıqların, cürbəcür mənzərələrin, ağacların, bitkilərin, məişət əşyalarının, təbiət hadisələrinin... özünü yox, onların lirik qəhrəmanda yaratdığı təəssüratı, oyatdığı duyğuları təqdim eləyir. Biz bunların hamısına Marselin beyninin qırışları, onun axan şüurunun dalğaları arasından baxırıq, fenomenlərin əslini yox, qəhrəmanın şüurundakı əksini görürük. Subyektivizmin ana prinsipi budur. Kant, ondan iki əsr sonra da ekzistensializm fəlsəfəsi deyirdi ki, insandan kənar varlıqlar “noumen”lər, yəni “özündə şey”lərdir, biz onların gerçək mahiyyətinə varıb əsl mənasını qana bilmərik, biz yalnız onların özümüzdə oyatdığı təəssüratı, duyğuları analizdən keçirə bilərik. “İtkin zamanın sorağında” romanının üslubu da belə bir subyektivist prinsip üzərində qurulub, ancaq heç də bütün məqamlarda yox. İstisnalar da var.

Məsələn, birinci cildin “Svanın sevgisi” adlı ikinci bölümündə müəllif təhkiyənin mərkəzinə Svanı çəkir. Yəhudi birja maklerinin oğlu, ağıllı, savadlı, dövlətli, səxavətli Şarl Svan şübhəli reputasiyası olan Odetta de Kresi adlı ayağısürüşkən, yüngülbeyin qadına aşiq olur. Qadın Svanın başına olmazın oyunlar açır, onu sağalmaz qısqanclıq dərdinə mübtəla eləyir. Müəllif onların münasibətini ən incə psixoloji detallarına, intim təfərrüatına qədər xırdalayır. Müəllifi başa düşdük, bəs təhkiyəçi baş qəhrəman bu detalları haradan bilir? Balaca Marsel ər-arvadın keçmiş münasibətini haradan izləyir, Svanla Odettanı gecə-gündüz necə güdürdü? Doğrudur, Svanların evinə gedib-gələn bir nəfər bu barədə yerli-yataqlı danışır, ancaq yenə də kimdənsə eşitməklə insanın daxili həyatını bunca dəqiq müşahidə eləmək mümkün deyil. Belə görünür ki, Prust həmin bölümdə üslubuna xilaf çıxıb, həm də bu, roman boyu rastlaşdığımız yeganə bənzər hal deyil.

Birinci cilddə Marsel kiçik Kombre şəhərciyində keçən uşaqlığını xatırlayır. Axşamlar yatmamışdan anasının onun yanına qalxıb üzündən öpməsi balaca Marsel üçün az qala dini ayinə bərabər bir ritualdır. Zəhmli atası uşağı nasaz görüb anasına onun yanında gecələməyi tapşıranda Marselin sevinci yerə-göyə sığmır, hətta atasının fikri dəyişməsin deyə sevincini sezdirməmək üçün cürbəcür psixoloji hoqqalardan çıxır. Müəllifin özü kimi romanın qəhrəmanı da anasına çox bağlıdır, hər ikisinin heç vaxt evlənməməyinin bir səbəbi də yəqin budur.

Kombredə gəzintiyə çıxmaq üçün iki yol var: biri Svanların mülkünə, o biri Germantların qəsrinə aparır. Bunlar reallığa uyğun gerçək həyat mənzərəsi olsa da, həm də rəmzi məna daşıyır - yəhudi Svanlar burjua, tacir, sələmçi ailəsindən çıxıblar, Avropada qədim kökləri olan Germantlar isə aristokrat, cəngavər, kral nəslindən törəyiblər, həyata baxışlarına görə bu nəsillər arasında ciddi fərqlər var. Svanın timsalında müəllif ehtirasın, qısqanclığın anatomiyasını, mexanizmini ağır səbrlə, böyük ustalıqla incələyir, bu səhnələrin psixoloji dəqiqliyi, dərinliyi adamda heyrət doğurur.

Svanın düşdüyü vəziyyət Marselin gələcək sevgi uğursuzluqlarının bir növ anonsu, prelüdiyasıdır. İkinci cilddə yeniyetmə qəhrəman Şarl Svanın qızı Jilbertaya aşiq olur. Sonra Marsel dəniz kənarındakı kurort şəhəri Balbekə gedir, orada bir dəstə qızla tanış olur, onların az qala hamısına vurulur. Ancaq qızların arasında Albertina adlı biri xüsusi seçilir. Balbekdə baş qəhrəman bir rəssamla ünsiyyət qurur, Germant nəslindən olan Rober de Sen-Lu adlı gənclə dostlaşır.

F.Uğurlu

Seçilən
0
yeniazerbaycan.com

1Mənbələr