AZ

Azərbaycan-Vyetnam: qarşılıqlı etimada əsaslanan dayanıqlı əməkdaşlıq

Azərbaycan və Vyetnam arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub və 2014-cü ilin mayında Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri ölkələr arasındakı münasibətlər tarixində yeni səhifə açaraq, əlaqələrin bütün sahələr üzrə inkişafına güclü təkan vermişdir. 2015-ci ilin mayında isə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri baş tutub və bu səfər iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi və dərinləşməsinə şərait yaratmışdır. Belə ki, Çıonq Tan Şanqın səfəri çərçivəsində rəsmi şəxslərlə yanaşı, neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrin işgüzar dairələrinin iştirakı ilə Birinci Azərbaycan-Vyetnam biznes forumu da keçirilib.
Ümumiyyətlə isə Azərbaycan və Vyetnam arasında münasibətlərin tarixi daha qədimdir. Cənab Prezident bu günlərdə “Vietnam News Agency” agentliyinə müsahibəsində də dediyi kimi, iki ölkəni yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Belə ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın ümummilli lideri Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Şübhəsiz ki, bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib.
2013-cü ildən hazırkı zamanadək Vyetnam Milli Assambleyasında (Parlament) Vyetnam-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu, Azərbaycan Respublikasının Milli Məclisində isə Azərbaycan-Vyetnam Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupu yaradılmış, iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası təsis edilmişdir. Qeyd olunan qurumlar Azərbaycanla Vyetnam arasında əlaqələrin davamlı inkişafına öz ciddi töhfəsini verir. Ölkələrimiz həm də ən böyük beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı və BMT çərçivəsində də səmərəli əməkdaşlıq edirlər.
Xüsusilə son illərdə iki ölkə arasında çoxşaxəli əməkdaşlığın qurulduğu müşahidə edilməkdədir. İki ölkə arasında ticarət dövriyəsinin həcmi artır, neft-qaz sahəsində əlaqələr inkişaf edir, kiçik və orta biznesin qarşılıqlı əlaqəsi üçün platformalar yaradılır. Paralel olaraq, mədəni dialoq möhkəmlənir, nəqliyyat və logistika sferasında, ələlxüsus da, Azərbaycanın tranzit qovşaq olaraq artan əhəmiyyəti fonunda yeni perspektivlər açılır. Bir sözlə, coğrafi baxımdan uzaq olmasına baxmayaraq, Azərbaycan və Vyetnam praqmatik yanaşmaya və əsas sahələrdəki ümumi maraqlara söykənərək dayanıqlı və qarşılıqlı faydalı əlaqələr qurur.
Azərbaycan və Vyetnam arasında iqtisadi əməkdaşlıq dinamikasında 2025-ci ilin ilk üç ayında ikitərəfli ticarət dövriyyəsinin həcmi 127,2 milyon dollar təşkil edib. Bunun 91,8 milyon dolları məhz Azərbaycandan Vyetnama ixrac olunan xam neftin payına düşür. Azərbaycana idxal isə 35,4 milyon dollar olub. Müqayisə üçün deyim ki, 2024-cü il ərzində iki ölkə arasında ticarət əməliyyatlarının ümumi həcmi cəmi 223,9 milyon dollar təşkil etmişdi və indi üç aylıq göstərici iqtisadi əlaqələrdəki davamlı artımı göstərir.
İşgüzar münasibətlərin inkişafında mühüm addımlardan biri də 2024-cü ildə Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Vyetnamın Beynəlxalq Biznes Əlaqələri Klubu arasında sazişlərin bağlanması olub. Bu addım iki ölkənin sahibkarları arasında birbaşa əlaqələrin möhkəmləndirilməsinə və birgə layihələr üçün platformaların yaradılmasına yönəlib.
Ölkələrimiz neft sahəsində də qarşılıqlı fəaliyyət göstərir. 2019-cu ildə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında müqavilə imzalanıb. Ölkə başçısı da müsahibəsində bu məqama toxunaraq neft sahəsində əməkdaşlığın möhkəm tarixi təmələ əsaslandığını bildirdi. Çünki Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında əsas rol oynayıblar. Təsadüfi deyil ki, 1981-ci ildə Sovet İttifaqının köməyi ilə yaradılan “Veso Petrol” müştərək müəssisəsinin ilk baş direktoru azərbaycanlı Cəlal Məmmədov olub.
İki ölkə arasında münasibətlərin inkişafında mühüm amillərdən biri də Sovet dövründə Azərbaycanda 5 minə yaxın vyetnamlı tələbənin təhsil alması ilə bağlıdır. Prezidentin də qeyd etdiyi kimi, onların bir çoxu hazırda Vyetnamın dövlət orqanlarında məsul vəzifələr tutur. Onu da deyim ki, cənab Prezidentin 2014-cü ildə Hanoya səfəri zamanı Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüş keçirilmişdi və nəticədə 2015-ci ildə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edildi.
Vyetnamın Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi To Lamanın ölkəmizə gözlənilən səfəri isə şübhəsiz ki, ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edəcək. Bu səfər cənab Lamın Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi qismində ilk səfəri olacaq. Tərəflərin ikitərəfli münasibətlərin dərinləşdirilməsi səylərini əks etdirən və qarşılıqlı fəaliyyətdə yeni istiqamətlər açacaq bu səfər böyük siyasi əhəmiyyətə malikdir. Bu kontekstdə səfəri haqlı olaraq Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafında mühüm mərhələ kimi qiymətləndirmək olar.

Aysel Mənsimova – politoloq

Seçilən
0
2
veteninfo.az

3Mənbələr