AZ

Tramp və varis ssenarisi- TƏHLİL

Vens və Rubio ABŞ prezidentliyinə namizəd olacaqmı?

“Demokratlar Partiyası 2028-ci ildə prezidentiliyə yeni nəsil siyasətçilərdən birinin namizədliyini irəli sürəcək. Müxalifətlə rəqabatə tab gətirmək üçün respublikaçıların da eyni siyasəti izləmələrinə ehtiyac var”

ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubionun özünün mümkün varisləri ola biləcəyini bildirib. Tramp deyib ki, bu barədə danışmaq hələ tezdir, amma onun vitse-prezidenti var: "Cey Di Vens fantastik iş görür". O, eyni zamanda əlavə edib ki, Marko Rubio da əla biridir. Tramp qeyd edib ki, Respublikaçılar Partiyasında liderlik üçün potensialı olan yaxşı insanlar var: 

"Onların hər biri partiyanın lideri və ölkənin növbəti prezidenti ola bilər. Mən səkkiz il, iki müddət prezident olacağam. Bunu həmişə çox vacib hesab etmişəm. Mən dörd gözəl il keçirəcəyəm və sonra onu başqasına, ideal olaraq böyük bir respublikaçıya təhvil verəcəyəm". Qeyd edək ki, Tramp daha əvvəl ABŞ prezidentliyinə üçüncü dəfə namizəd olmayacağını və 2028-ci ildə hakimiyyəti “ideal olaraq möhtəşəm bir respublikaçıya” təhvil verəcəyini açıqlamışdı.


Politoloq Zeynal Əmrəliyev "Sherg.az"a deyib ki, D.Trampın bu qərarı şəxsi qərardan daha çox ABŞ-də mövcud siyasi sistemin davamlılığı və Respublikaçılar Partiyasının gücləndirilməsi baxımından əhəmiyyətlidir. Ekspertin sözlərinə görə, bundan öncə ABŞ-də 2028-ci ilə vurğu edilərək çoxsaylı tədbirlər keçirilib, hətta bununla əlaqədar mallar satışa çıxarılıb: 

"Donald Trampın bu qərarı almasına bir neçə amil səbəb ola bilər. Birincisi, Konstitusiyadakı məhdudiyyətdir. Ölkə Konstitusiyasına görə bir şəxs yalnız 2 dönəm prezidentlik edə bilər. Mövcud prezidentin 2016-2020-ci illərdə bir dönəm prezident olduğunu nəzərə alsaq, ana qanunda ardıcıllıq nəzərdə tutulmadığı üçün onun yenidən seçkiyə qoşulması hüquqi baxımdan mümkünsüzdür. Ancaq Trampın tərəfdarları Konstitusiyaya bununla bağlı dəyişiklik edilməsini təklif edirdilər ki, bu da mövcud siyasi sistemin sıradan çıxması deməkdir. Tramp buna görə ciddi müqavimətlə üzləşə və eyni zamanda təmsil olunduğu Respublikaçılar Partiyasını çətin vəziyyətə sala bilərdi. İkinci məsələ isə onun siyasətinin istənilən nəticəni verməməsi və ölkə daxilində ona qarşı ciddi narazılığın baş qaldırmasıdır. Donald Trampın əsas vədləri olan Yaxın Şərq və Ukraynada sülhə nail olmaq barədə planlar uğursuz oldu. Ölkənin supergüc kimi reytinqinə ciddi ziyan dəydi. Düzdür, bu problemlərin yoluna qoyulması üçün xeyli zaman var. Ancaq qısa zamanda buraxılan səhvlərdən müxalifətdə olan demokratlar da bacarıqla istifadə edirlər. D.Trampın namizədliyindən imtinasının 3-cü səbəbi isə Respublikaçılar Partiyasında yeni nəsil siyasətçilərin meydana gəlməsinə şərait yaratmaqdır". 

Z.Əmrəliyev əlavə edib ki, rəqib Demokratlar Partiyasında hazırda gəncləşmə gedir: 

"Ştatlarda yerli parlamentlərə, həm də qubernator vəzifələrinə gənc siyasətçilərin namizədliyi irəli sürülür. Eyni siyasətin federal seçkilərində də həyata keçiriləcəyi gözləniləndir. Ehtimal ki, Demokratlar Partiyası 2028-ci ildə prezidentiliyə yeni nəsil siyasətçilərdən birinin namizədliyini irəli sürəcək. Müxalifətlə rəqabatə tab gətirmək üçün respublikaçıların da eyni siyasəti izləmələrinə ehtiyac var. Hazırda Tramp sonrası prezidentlik üçün mövcud komandadan 2 şəxsin adı daha çox önə çıxır. Bunlar vitse-prezident Vens və dövlət katibi Mark Robiodur. Vitse-prezident sərt siyasətin, dövlət katibi isə nisbətən mülayim xətt tərəfdarları tərəfindən dəstəklənilir. Ancaq nəzərə alaq ki, Respublikaçılar Partiyasının vahid namizədi olduqca gərgin keçən partiyadaxili prayzmerlərlə müəyyən edilir. Bu cür partiyadaxili seçki isə kifayət qədər iddialı və sürpriz fiqurları ortaya çıxarır".

Seçilən
0
sherg.az

1Mənbələr