Mayın 7-dən 8-nə keçən gecə Pakistan Ordusu Cammu və Kəşmir bölgəsində Kupvara, Baramulla, Uri və Axnova ilə üzbəüz yerləşən ərazilərdə Nəzarət Xətti boyunca heç bir səbəb olmadan atıcı silahlar və artilleriyadan istifadə edərək atəş açıb.
Operativ Media xəbər verir ki, bu haqda Hindistan hərbi rəsmiləri ANI agentliyinə məlumat verib.
Bəyanatda qeyd olunur ki, Hindistan quru qoşunları bu hücuma proporsional şəkildə cavab verib.
Hindistan və Pakistan arasında münasibətlər aprelin 22-də Cammu və Kəşmirin Pahalqam şəhərində baş vermiş və nəticədə 25 Hindistan, 1 Nepal vətəndaşının həyatını itirdiyi terror aktından sonra gərginləşib. Hindistan hökuməti hücumda Pakistanın Xidmətlərarası Kəşfiyyat İdarəsinin əli olduğuna dair sübutların mövcud olduğunu bildirib.
Bunun fonunda Yeni Dehli və İslamabad qarşılıqlı məhdudiyyətlər tətbiq edib, ikitərəfli razılaşmaları dayandırıb və bir-birinin hava məkanını kommersiya aviasiyası üçün bağlayıb.