Mən 15 il Xətaidəki Vunq-Tau prospektində yerləşən binada yaşamışam. - Deyəsən, həmin ad, sonralar başqa küçəyə verildi, bizim prospekt isə Gəncə adlandırıldı; olsun! - Olsun ki, Gəncədən, olsun ki, Bakıdan Vyetnama könül körpüləri qurulub – bu, ən azı Sovetlər dönəmində baş verib, müstəqillik dönəmində isə yeni keyfiyyət qazanaraq davam edib.
Bizim ulu dədələrin Asiyada - Vyetnama yaxın torpaqlarda söz sahibi olduğu dönəmlərdə müəyyən bağlar, gediş-gəliş olub hər halda. Ayrıca, Vunq-Tau (Vũng Tàu) adını ilk dəfə eşidəndə, diqqətimi “Tau” hissəsi daha çox çəkdi. Vunq-Tau adının qaynağı və anlamı belə yorumlanır:
“Vũng” – yerli dildə “körfəz”, “kiçik liman”, “sığınacaq yer” və ya “dərin su yeri” anlamında işlənir. - Yəni, bu söz coğrafi olaraq gəmilərin sığındığı, dənizin daha sakit və dərin olduğu yerləri təsvir edir;
“Tàu” isə “gəmi” anlamındadır. Yəni, “Tau” bizim qıpçaqlarda “dağ” olsa da, qıpçaqlara bizdən daha yaxın olan vyetnamlılarda tamam başqa - gəmi anlamını verir. Olsun. - Bunlar hamısı öz yerində, öz göyündə olsun…
Xətaidəki küçəyə adı verilmiş Vunq-Tau Bakı ilə qardaşlaşmış şəhərdir. Vyetnamın “neft qoxan gül”ü - Vunq-Tau Baria-Vunqtau əyalətinin inzibati mərkəzi olub, Vyetnamın neft sənayesi ocağı sayılır.
Vunq-Tau Bakı ilə qardaşlaşmış şəhərdir. Şəhərdəki neft sənayesi müəssisələrində çalışan yerli mütəxəssislərin böyük çoxu (bizim ailədən də iki nəfərin oxuduğu) AZİ-nin (indiki ADNSU-nun - Azərbaycan Neft və Sənaye Universitetinin) məzunlarıdır.
1988-ci ildə "Azərbaycanfilm" Kinostudiyası tərəfindən Bakı və Vunq-Taunun dostluğu haqqında "Ağ pələnglə görüş" filmi çəkilib.
2022-ci ildə biz, Vyetnamlı ünlü şair May Van Fanın Azərbaycanda ilk şeirlər kitabını çıxaranda, cild rəsmi olaraq, ilginc bir körpü şəkli qoymuşduq; şair dostumuz ühulət-sühulətlə o şəklin dəyişdirilməsini istədi- məgər həmin körpünün memarisi, arxitekturası-filan Amerika mənşəliymiş və bir sosialist ölkəsinin milli şairinin şeirlər kitabı üçün çox da uyğun sayılmırmış… Qəbul etdik və dəyişdirdik. Amma körpü körpüdür - istər fiziki, istər mənəvi olsun - təki olsun və təki namərd körpüsü olmasın!..
Vyetnamlılar öz ictimai-siyasi, mədəni irsi, keçmişi ilə Sosialist Vyetnamı arasında necə və neçə körpü salır - dəqiq bilmirəm; onu bilirəm ki, getməsəm də, görməsəm də, qəribə bir doğmalıq duyduğum bu Asiya ölkəsi xeyirli körpüləri yandırmayan gözəl insanların ölkəsidir. Sözüm ona - keçmiş SSRİ dönəmində və məkanında ün qazanan, baş ağrısına qarşı təsirli “Vyetnamski maz”ı (“Вьетнамский мазь”) - Vyetnam məlhəmini də xeyirxahlıq, səhiyyə körpüsalanlığı işinə aid etsək, qüsur olmasın gərək…
Rəsmi şüarı “Müstəqillik - Azadlıq - Xoşbəxtlik”
(’'Độc lập - Tự do - Hạnh phúc) olan Vyetnam (Việt Nam) adının etimolojisi “Çindən güneydə yerləşən Viet xalqının vətəni” şəklində yorumlanır.
Vyetnamın rəhbəri - bu Sosialist Respublikasının hakim Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ölkəmizə dövlət səfərinə gəlib; gəlib, xoş gəlib!
Prezident İlham Əliyevin bu səfərdən bir gün öncə (06 may 2025-ci il tarixində) Vyetnamın rəsmi xəbər agentliyi olan “Vietnam News Agency”yə verdiyi geniş müsahibə təkcə iki ölkə arasında diplomatik bağların yığcam özəti deyil, həm də çağdaş beynəlxalq münasibətlərdə sabitlik, qarşılıqlı sayğı və uzunmüddətli, səmərəli işbirliyi kimi dəyərlərin canlı örnəyidir.
Bu yerdə xatırladaq ki, dövlətimiz bütün mümkün platformlarda layiqli təmsilçilik və töhfələr vermə kimi urvatlı siyasət yeridir. Yalnız iki beynəlxalq platformda qəbul olunmuş, Qərbi Azərbaycana ləyaqətli qayıdışla bağlı qərarlar sözümüzü təsdiq edir
Asiya Parlament Assambleyası və Qoşulmama Hərəkatından gedir. Vyetnam hər iki beynəlxalq qurumun tamhüquqlu üzvüdür.
Vyetnam 1976-cı ildə (Vyetnam müharibəsindən sonra) birləşib - başqa sözlə, ərazi bütövlüyü və suverenkiyini bərpa edib. Biz tarixi torpaqlarımız üzrə hələ bütöv olmasaq da, respublikamızın ərazi bütövlüyünü və suverenliyini bərpa etmişik. Tarixi irs, “neft qoxan gül”lər, liman şəhərlərinə malik olmaq və s. bizim uzaqlığımıza yaxınlıq, doğmalıq və məhəbbət qatır.
Bəli, Vyetnam liderinin səfərindən öncə Azərbaycan kiderinin xoşgörülü müsahibəsi bir sıra mətləbləri ilə diqqət çəkir – burada yalnız liderlərin rəsmi bəyanatları deyil, tarixlə gələcək arasında qurulan siyasi-mədəni körpünün davamlılığı hiss olunur. Azərbaycanın və Vyetnamın ötən yüzilliyin ortalarından başlayan dostluğu, müstəqillik yollarında paralel təcrübələri və sosializm irsi fonunda fərqli inkişaf modelləri bu münasibətləri daha da maraqlı və çoxşaxəli edir.
Prezident İlham Əliyevin çıxışında Ho Şi Minin 1959-cu ildə Bakıya səfəri və Ümummilli lider Heydər Əliyevin 1983-cü ildə Hanoya etdiyi səfər xüsusi vurğulanır. Bu iki tarixi fakt – əslində bir sətirlik tarix deyil, Asiyanın müxtəlif bölgələrində yerləşən, lakin oxşar mübarizə və dirçəliş yolu keçmiş iki xalqın yaddaşında qalan mənəvi kodlardır.
Azərbaycanın uzaq Vyetnamla yaxın bağları XX yüzilin ikinci yarısından başlayaraq klassik diplomatik bağlar çərçivəsini aşaraq, təhsil, mədəniyyət və enerji sahələrində işbirliyi ilə zənginləşib. Bu gün isə həmin münasibətlər informasiya texnologiyaları, əczaçılıq, kənd təsərrüfatı və alternativ enerji kimi çağdaş çağırışlara cavab verən sahələrdə inkişaf etməkdədir.
Önə çıxan məqamlardan biri də neft-kimya sənayesində işbirliyinin tarixi və bugünkü mərhələsidir. SOCAR ilə Vyetnamın “Binh Son” şirkəti arasındakı bağlar təkcə iqtisadi baxımdan deyil, həm də geosiyasi planda Güney-Batı Asiyadan Güney-Doğu Asiyaya uzanan strateji enerji koridorunun göstəricisi sayıla bilər. Bu kontekstdə Cəlal Məmmədovun 1981-ci ildə Vyetnam–SSRİ “Veso Petrol” şirkətinə rəhbərlik etməsi həm tarixi ardıcıllığın - qırılmadan ötürülmənin, həm də kadr potensialının göstəricisidir.
Mədəniyyət və humanitar diplomatiya sahəsində də münasibətlər gözardı edilə bilməz. Qara Qarayevin bəstələdiyi “Vyetnam süitası”, Əjdər İbrahimovun kino sahəsində fəaliyyəti, Heydər Əliyev Fondunun Vyetnamda gerçəkləşdirdiyi layihələr və Fondun vitse-prezidenti Leyla Əliyevanın Hanoyda keçirdiyi görüşlər Azərbaycan mədəniyyətinin beynəlxalq müstəvidə qəbul olunma səviyyəsini göstərir.
Bu kontekstdə “yumşaq güc” (soft power) anlayışına diqqət yetirilməlidir. Prezident Əliyevin müsahibəsi yalnız siyasi və iqtisadi sahələrdə deyil, mədəni təsirin də dərinliklərini əhatə edir. Bu isə çağdaş dönəmdə diplomatiyanın sərt təzyiqlərdən çox, mədəni rezonans üzərində qurulmalı olduğuna bir işarədir.
Vyetnam və Azərbaycan liderləri arasında planlaşdırılan qarşılıqlı səfərlər bu münasibətlərin davamlı və yüksələn xətt üzrə inkişaf etdiyini göstərir. Bu səfərlər yalnız protokol xarakteri daşımır, həm də yeni geoiqtisadi mərhələnin astanasında olan Asiya–Qafqaz xəttində strateji tərəfdaşlıq üçün yeni imkanlar açır.
Vyetnam liderinin səfəri həm də postneft dönəminin, beynəlxalq hüququn sarsıldığı bir mərhələdə Azərbaycanın çoxvektorlu xarici siyasətinin təmkinli və ardıcıl strategiyasını nümayiş etdirir. Vyetnam kimi strateji tərəfdaşlarla münasibətlərin bu səviyyədə inkişaf etdirilməsi Azərbaycanın “qazan - qazan”
(“qeyri-sıfır məbləğli oyun”; “non-zero-sum game”)
prinsipinə söykənən siyasətinin daha bir sübutudur.
Mayın 7-də Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında imzalanmış sənədlərin Prezident İlham Əliyevin və Baş katib To Lamın iştirakı ilə mübadiləsi törəni olub.
İlham Əliyev və To Lam “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ı qəbul edib.
Energetika, müdafiə, ədliyyə, mədəniyyət, arxiv, elm, texnologiya, innovasiya, rəqəmsal inkişaf və b. sahələrdə Anlaşma sənədləri mübadilə edilib.
“Gördüyünüz kimi, bu gün imzalanmış sənədlər arasında bir çox istiqamətlər üzrə sənədlər var. Bu gün apardığımız danışıqlar və əldə edilmiş razılaşmalar deməyə əsas verir ki, biz qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atmışıq”. - Bu sözləri, Prezident İlham Əliyev mətbuata bəyanatla çıxış edərkən deyib.
“Hazırkı səfərim diplomatik münasibətlər qurulduqdan sonra Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana ilk səfəridir. Bu, Azərbaycanla bütün sahələrdə əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsində Vyetnamın qətiyyətli olduğunu nümayiş etdirir. Bütün bunlar, öz növbəsində, ölkələrimiz arasında ənənəvi dostluğa və əməkdaşlıq potensialına cavab verir. Biz etimad, dostluq və səmimiyyət şəraitində cənab Prezidentlə uğurlu danışıqlar apardıq və yaxın zamanlarda iki ölkə arasında əlaqələrin strateji istiqamətlər üzrə inkişaf etdirilməsi barədə razılığa gəldik”. - Bu isə Baş katib To Lamın bəyanatındandır.
Bəli, Vyetnam liderinin ölkəmizə dövlət səfəri Azərbaycan diplomatiyasının ideoloji sabitlik və praqmatik məqsədyönlülük sintezinə Vyetnam öz tarixi ləyaqəti və uzaqgörənliyi ilə cavab verir.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI