“Kreditlərlə bağlı gecikmələr yarandıqda müəyyən faizlər hesablanır və ödənilməli olur. Lakin bu, konkret kreditin götürülmə səbəblərinə və sonrakı hallara görə dəyişə bilər”. Bunu iqtisadçı ekspert Ruslan Atakişiyev Metbuat.az-a açıqlamasında kredit faizlərindən danışarkən deyib. İqtisadçı bildirib ki, kredit götürən şəxsin vəfat etməsi halında, onun varisləri bu öhdəliyi yerinə yetirə bilmədikdə, aidiyyəti orqanlara həmin şəxsin ölüm haqqında şəhadətnaməsi və digər vacib sənədlər təqdim olunur. Bu halda gecikmələrə görə faizlərin hesablanması dayandırıla bilər. “Bundan başqa, borcalanın maddi imkansızlıq vəziyyətinə düşməsi göstərilə bilər. Həmçinin müxtəlif səbəblərə görə məhkəməyə müraciət olunubsa, məhkəmənin qərarından sonra kreditin üzərinə gələn faiz dayandırıla bilər. Hətta bəzən faiz borcu çox yığılan müştəri məhkəməyə müraciət edir. Bu zaman məhkəmə götürülmüş yalnız əsas pulun qaytarılmasını məcburi elan edə, əlavə olunmuş faizlərin isə ödənilməməsi ilə bağlı qərar çıxara bilər”, - deyə R.Atakişiyev qeyd edib. Sevinc İbrahimzadə / Metbuat.az