Bəhruz Quliyev: “Bunun regiona mümkün təsirləri olacaq”
ABŞ Konqresinin Nümayəndələr Palatası "MEGOBARI Act" qanun layihəsini qəbul edib. Palatanın 433 üzvündən (220 respublikaçı və 213 demokrat) 349-u layihəni dəstəkləyib. 42 konqresmen sənədin əleyhinə çıxıb, 42-si ya bitərəf qalıb, ya da səsvermədə iştirak etməyib. Qanun layihəsinə palata üzvlərinin 80 faizi səs verib.
Sənədin tam adı belədir: "Gürcüstanda Çin Kommunist Partiyası, İran rejimi və Rusiya Federasiyasının təsirinə qarşı akt". Qanun layihəsi hər iki partiyanın dəstəyi ilə ABŞ Senatına da təqdim olunub. Layihədə demokratiyadan geri çəkilmə və Çin, Rusiya və İranla yaxınlaşma üçün məsuliyyət daşıyan hakimiyyət təmsilçilərinə sanksiyalar, Gürcüstanın xarici siyasət kursunda korrektələr olunarsa, ABŞ ilə əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulur. Qanun qüvvəsinə minməsindən ötrü aktı Senat təsdiqləməli, prezident Donald Tramp imzalamalıdır. Bu il martın 25-də Senatın xarici əlaqələr komitəsi onu dəstəkləyib.
Maraqlıdır, Tramp bu qanunu təstiqləsə, bunun ümumən Cənubi Qafqaza nə kimi təsirləri ola bilər? Bunun dolayı da olsa regionda həyata keçirilən iqtisadi, enerji, tranzit layihələrinə mənfi təsirləri ola bilərmi?
“Bu, regional güclər balansında Rusiyanın təsirinin artmasına zəmin yarada bilər ki, bu, həm Azərbaycan...”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev hesab edir ki, bunun Cənubi Qafqazda gedən proseslərə təsiri olacaq: “MEGOBARI Act” Cənubi Qafqaz regionunda baş verən geopolitik proseslərə və bölgənin gələcək inkişaf trayektoriyasına ciddi təsir göstərə biləcək bir hüquqi sənəddir. Əgər bu qanun layihəsi Senat tərəfindən də təsdiqlənərsə və prezident Donald Tramp tərəfindən imzalanaraq qüvvəyə minərsə, bu addım ilk növbədə Gürcüstan hakimiyyətinə ciddi siqnal olacaq. Qanun layihəsi açıq şəkildə bildirir ki, Gürcüstanda avtoritar rejimlər – xüsusilə Çin, Rusiya və İran ilə yaxınlaşma cəhdləri ABŞ tərəfindən diqqətlə izlənilir və bu cür siyasətə görə sanksiyalar tətbiq oluna bilər. Bu, dolayısı ilə regionda strateji balansın qorunması baxımından da mühüm siqnaldır. O üzdən, bunun regiona mümkün təsirləri də olacaq. Gürcüstanın qərbyönümlü siyasətdən uzaqlaşması halında ABŞ və Qərb ölkələri ilə əlaqələrinin zəifləməsi baş verə bilər. Bu isə regional güclər balansında Rusiyanın və ya Çinin təsirinin artmasına zəmin yarada bilər ki, bu, həm Azərbaycan, həm də Ermənistan üçün yeni diplomatik və təhlükəsizlik riskləri doğura bilər. Eyni zamanda, Gürcüstan Qafqaz regionunda mühüm tranzit ölkə olaraq TANAP, TAP və Bakı-Tbilisi-Ceyhan kimi enerji layihələrinin əsas hissəsini öz ərazisindən keçirir. ABŞ-Gürcüstan münasibətlərinin gərginləşməsi bu layihələrin təhlükəsizliyi ilə bağlı bəzi narahatlıqları artırsa da, bu layihələrdə əsas maraqlı tərəflər - Azərbaycan, Türkiyə və Avropa İttifaqı olduğu üçün ciddi texniki və iqtisadi təhlükə ehtimalı hazırda zəif görünür. Lakin siyasi qeyri-müəyyənlik investorların ehtiyatlı davranmasına səbəb ola bilər. Bu proseslərin bizə təsiri ilə bağlı deyə bilərəm ki, Azərbaycan balanslaşdırılmış xarici siyasət yürüdür və həm region ölkələri, həm də Qərb və Şərq tərəfdaşları ilə münasibətləri qoruyur. Gürcüstanda mümkün gərginlik Bakı üçün yeni diplomatik manevrlər və vasitəçilik imkanları yarada bilər. Eyni zamanda regionda sabitlik baxımından Bakı-Tbilisi oxunun möhkəmləndirilməsi zərurətini artırar. Sonda onu da deyim ki, MEGOBARI qanununun qəbul edilməsi Gürcüstanın daxili və xarici siyasətinə, eləcə də regionun geopolitik xəritəsinə müəyyən korrektələr gətirə bilər. Bu proseslər diqqətlə izlənilməli, Azərbaycan kimi ölkələr isə bu dəyişikliklərə çevik diplomatik adaptasiya ilə yanaşmalıdır”
Vidadi ORDAHALLI