Hindistan hakimiyyəti Pakistanda, eləcə də Kəşmirin Pakistan hissəsində hərbi əməliyyatlara başladığını açıqlayıb. Məlumata görə, “Sindur” əməliyyatı çərçivəsində Pakistanın doqquz obyektinə hücum edilib.
Pakistan Müdafiə Nazirliyi Hindistanın ölkə ərazisindəki hədəflərə raket zərbəsi endirdiyini təsdiqləyib. Kotli, Müzəffərabad və Bəhavalpur əraziləri hücuma məruz qalıb. Ölkənin müdafiə naziri Xavaca Məhəmməd Asif vurulan bütün hədəflərin mülki obyektlər olduğunu bildirib: “Qorxaqlar kölgədən zərbə endirməyə çalışdılar. Hindistan qaranlıqda hücum etdi, lakin bizim cavabımız daha güclü və ucadan olacaq. Cəsarətin varsa bizim döyüş meydanımıza çıx, sonra kişilər kimi bu məsələni həll edək. Hindistan qəsdən mülki insanları hədəfə aldı”. Paksitan ordusunun ictimaiyyətlə əlaqələr şöbəsinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri bildirib ki, Hindistan ordusunun hədəfi Pəncab əyalətinin Bahavalpur və Azad Kəşmirin iki şəhəri - Kotli və Müzəffərabad olub. General əlavə edib ki, Hindistan Hərbi Hava Qüvvələri Pakistanda altı hədəfə 24 zərbə endirib. Əhməd Şərif Çaudri Hindistanın hücumunu utancverici və qorxaqlıq adlandıraraq, zərbələrin Hindistan ərazisindən həyata keçirildiyini açıqlayıb: “Hərbi Hava Qüvvələrimizin təyyarələri havaya qaldırılıb. Bu biabırçı və qorxaq hücum Hindistanın hava məkanından həyata keçirilib. Biz onların Pakistanın hava məkanına soxulmasına heç vaxt icazə verməmişik. Pakistan bu hücuma cavab verəcək və təxribat cavabsız qalmayacaq”. “Geo News” telekanalı təhlükəsizlik xidmətindəki mənbələrə istinadən məlumat yayıb ki, Pakistan Hərbi Hava Qüvvələri Fransa istehsalı olan iki “Rafale” və Rusiya istehsalı olan bir Su-30 qırıcısı daxil olmaqla beş Hindistan təyyarəsini vurub. Hindistan Pakistanın Kəşmirdəki bölücü xətt boyunca artilleriyadan atəş açdığını bildirir. Az sonra Hindistan ordusu Kəşmirdə nəzarət xəttində yerləşən Çora kompleksində ağ bayraq qaldırıb. “Daily Pakistan” qəzeti təhlükəsizlik güclərindəki mənbələrə istinadən məlumat yayıb ki, Pakistan ordusunun nəzarət xətti boyunca düşmən postlarına ciddi zərbə vurması Hindistan ordusunun Çora kompleksi postunda ağ bayraq asmasına səbəb olub. Mənbələr həmçinin, Azad Cammu və Kəşmirdə nəzarət xətti yaxınlığındakı əməliyyatlarda iştirak edən Hindistanın əsas taktiki quruluşu olan 12-ci piyada briqadası, 9-cu diviziya, 15-ci korpusun qərargahının Pakistan ordusu tərəfindən məhv edildiyini təsdiqləyib.
Bir daha xatırladaq ki, Hindistan və Pakistan arasında münasibətlər aprelin 22-də Kəşmirin Hindistanın nəzarətində olan hissəsində turistlərə silahlı hücumdan sonra kəskin pisləşib. Hücuma görə məsuliyyəti az tanınan separatçı qruplaşma – “The Resistance Front” öz üzərinə götürüb. Hindistan rəsmilərinin terror aktı kimi qiymətləndirdiyi hücumda 26 nəfər həlak olub. Tərəflər arasında Cammu və Kəşmir indiyə kimi əsas ziddiyyət səbəbidir. Cammu və Kəşmir Hindustan yarımadasının şimal-qərbində 1947-ci ildən Hindistan və Pakistan arasında mübahisə predmeti olan bir bölgədir. Hindistan və Pakistan üç dəfə-1947-1948, 1965 və 1971-ci illərdə Cammu və Kəşmir uğrunda müharibə aparıb. 2003-cü ildən ölkələr arasında qeyri-sabit atəşkəs rejimi qüvvədədir, lakin regionun statusu həll olunmayıb. Cammu və Kəşmirin Hindistan hissəsində Pakistana birləşmək əhval-ruhiyyəsi güclüdür. 1980-ci illərin sonlarından bölgənin öz müqəddəratını özünün təyin etməsini və ya Pakistana birləşdirilməsini müdafiə edən qruplaşmalar fəaliyyət göstərir. Əvvəlcə Hindistan, sonra isə Pakistan nüvə silahı əldə etdikdən sonra Kəşmir münaqişəsinə diqqət artıb. Son toqquşmada isə Pakistan Hindistana unutmayacağı dərs verib. Elə bu səbəbdəndir ki, Hindistan Pakistanın sərt cavabından şoka düşüb və vasitəçilər yolu ilə gərginliyi azaltmağa çağırıb. “Daily Pakistan” qəzetinin məlumatına görə, Hindistan tərəfi ərəb ölkələrinə, xüsusən də Birləşmiş Ərəb Əmirliklərinin rəsmilərinə müraciət edərək Pakistanla sərhəddə gərginliyin azaldılmasına köməklik istəyib. Daha sonra BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed bəyanatla çıxış edərək Hindistan və Pakistanı təmkinli olmağa, gərginliyi azaltmağa, regional və beynəlxalq sülhü təhdid edən addımlardan qaçmağa çağırıb. Nazir hərbi eskalasiyanın qarşısının alınması, Cənubi Asiyada sabitliyin möhkəmləndirilməsi və regional gərginliyin daha da artmasının qarşısını almaq üçün dialoqa və qarşılıqlı anlaşmaya çağıran səslərə qulaq asmağın vacibliyini vurğulayıb. Pakistanın baş naziri Şahbaz Şərif isə qeyd edib ki, ölkəsinin Hindistanın başlatdığı bu müharibə aktına qətiyyətlə cavab vermək hüququ var və qətiyyətli cavab artıq verilib: “Bütün ölkə Pakistan Silahlı Qüvvələrinin arxasındadır və bütün Pakistan xalqının əhval-ruhiyyəsi və ruhu yüksəkdir. Pakistan xalqı və ordusu düşmənlə necə mübarizə aparacağını bilir. Biz heç vaxt düşmənin öz çirkin məqsədlərinə nail olmasına imkan verməyəcəyik”. Bu şəraitdə Hindistanın baş naziri Narendra Modi Hindistanın Pakistana çay suyunun verilməsini dayandırdığını bildirib. O, suyun verilməsinin bərpa edilməyəcəyini qeyd edib. Bu da savaşa əlavə səbəbdir. Xatırladaq ki, Hindistan Çenab çayı üzərində yerləşən Bağlihar bəndi vasitəsilə Pakistana su verilməsini dayandırıb. Bundan əvvəl Hindistan hakimiyyəti hər iki ölkənin bir sıra çaylardan istifadəsini tənzimləyən Hind Suları Müqaviləsini dayandırmışdı. Onu da qeyd edək ki, tərəflərin hər ikisi nvə silahına malikdir. Məlumat üçün onu da qeyd edək ki, Hindistan 1,46 milyon aktiv əsgər və 81 milyard dollar müdafiə büdcəsinə malikdir. Pakistan isə 660000 aktiv hərbi personala və 10 milyard dollar müdafiə büdcəsin malikdir. Hindistan 2229 təyyarə, 4201 tank və 293 dəniz gəmisi, o cümlədən iki təyyarə daşıyıcısı var. Pakistanın 1399 təyyarəsi, 2627 tankı və 121 hərbi dəniz donanması var. Hindistan aktiv hərbi personal, ehtiyatlar və yarımhərbiləşdirilmiş qüvvələr baxımından Pakistanı əhəmiyyətli dərəcədə qabaqlayır. “Qlobal Atəş Gücü” indeksi 2025-ə görə, Hindistan qlobal miqyasda dördüncü, Pakistan isə doqquzuncu yerdən geriləyərək on ikinci yeri tutur. Hindistan 2,5 milyon yarımhərbi heyətlə yanaşı, əlavə 1,15 milyon ehtiyatı olan təxminən 1,46 milyon aktiv qoşuna malikdir. Bunun əksinə olaraq, Pakistanda 654.000 aktiv əsgər, 500.000-ə yaxın hərbiləşdirilmiş qüvvə və başqa bir hesablamaya görə, 291.000 hərbiləşdirilmiş polis var. Bu demoqrafik üstünlük Hindistanın geniş əhalisi tərəfindən dəstəklənir, Pakistanda 4,8 milyon ilə müqayisədə hər il təxminən 24 milyon nəfər hərbi yaşa çatır. Ənənəvi olaraq Rusiyaya arxalanan Hindistan Fransa, İsrail və ABŞ-dan idxalı genişləndirib. Təyyarə gəmiləri, sualtı qayıqlar və helikopterlərlə bağlı layihələr də daxil olmaqla, yerli istehsal da artıb. Pakistan isə öz hərbi texnikasının əsas hissəsini Çindən alır. SIPRI məlumatları göstərir ki, 2019-2023-cü illər arasında Pakistanın idxalının 82 faizi, 2009-2012-ci illərdəki 51 faizdən çox, Çindən gətirilib.O, həmçinin Türkiyədən qabaqcıl sistemlər və dronlar alır və Fransa və Rusiya ilə tarixi satınalma əlaqələri var. Dəniz qüvvələrində Hindistan ciddi üstünlük nümayiş etdirir. Hindistanın iki aktiv təyyarədaşıyan gəmisi, çoxsaylı freqatları, esminesləri və sualtı qayıqları var. Pakistan isə əsasən freqatlar və sualtı qayıqlardan ibarət daha kiçik bir donanmaya malikdir və təyyarədaşıyan gəmi parkına sahib deyil. Hindistan və Pakistan nüvə silahlarına sahib ölkələrdir və bu fakt bölgədəki istənilən münaqişənin çox təhlükəli səviyyəyə çata biləcəyini göstərir. Hindistanın təxminən 180, Pakistanın isə 170-ə yaxın nüvə başlığı olduğu təxmin edilir. Hər iki ölkə öz nüvə başlıqlarını daşımaq üçün ballistik və qanadlı raket sistemlərinə sahibdir. Hindistan “Agni” və “Prithvi” raket seriyaları ilə, Pakistan isə “Shaheen” və “Babur” raket sistemləri ilə nüvə qüvvələrini inkişaf etdirir.
Tahir TAĞIYEV