AZ

2025-ci ili xarici ticarətdə mənfi saldo ilə başladıq... Ekspertlər necə izah edir..?


Xalid Kərimli: "Qazın qiymətləri bir qədər bahalaşsa da, ixracatımız o səviyyədə deyil ki, neft satışından itirdiyimiz gəlirləri kompensasiya edə bilsin"

Bu ilin ilk 2 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 8 milyard 211 milyon dollar olub. Dövriyyənin 4 milyard 73 milyon dolları ixracın, 4 milyard 138 milyon dolları isə idxalın payına düşüb. Bu o deməkdir ki, xarici ticarət dövriyyəsinin 49.6 faizini ixrac, 50.4 faizini isə idxal təşkil edib. Yəni, sözügedən müddətdə idxal ixracatı üstələyib.

Bu isə o deməkdir ki, uzun illərdən sonra xarici ticarətdə ilk dəfə mənfi saldo yaranıb. Məlumdur ki, ötən il Azərbaycan xarici ticarət dövriyyəsində müsbət saldo 15 milyard dollardan 5 milyard dollara düşdü. Bu il də tendensiya davam edir. Bu nə ilə bağlıdır, nəyə görə xarici ticarətdə mənfi saldo yaranıb?

Baki-xeber.com saytının sualını cavablandıran iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, 2022 və 2023-cü il iqtisadi baxımdan Azərbaycan üçün çox uğurlu il oldu: "Çünki 2022-ci ildə neftin ortalama qiyməti 100 dollar, 2023-cu ildə isə 85 dollar idi. Qazın qiyməti isə o dövrlərdə fantaztik idi - qazın min kubmetri 760-3000 dollar arasında dəyişirdi. 2024-cü il də bizim üçün iqtisadi baxımdan münbit bir il oldu. Ötən li neftin ortalama qiyməti 80 dollar olsa da, qazın min kvadratmetrinin qiyməti 326 dollara qədər ucuzlaşdı. Bu il isə neft və qaz qiymətləri ucuzlaşır, üstəgəl, neftin hasilatı ildən-ilə azalır. Bu il də neft hasilatının azalması davam edir. Bütün bu səbəblər ötən il xarici ticarətimizdə müsbət saldonu bir il ərzində 15 mikyard dollardan 5 milyard dollara saldı.

Bu il neftin hasilatı azalmaqda davam edir, neft qiymətləri da ötən illə müqayisədə 25%-ə qədər ucuzlaşıb. Qazın qiymətləri bir qədər bahalaşsa da, ixracatımız o səviyyədə deyil ki, qaz satışından gələn gəlirlər neft satışından itirdiyimiz gəlirləri kompensasiya edə bilsin. Ona görə də ixrac göstəricilərimiz ilbəil aşağı düşür. Bir qədər də konkretləşdirsək, ixracatımızın azalmasının əsas səbəbı, neft hasilətının azalması, neftin ucuzlaşması və qaz qiymətlərinin əvvəlki illərdəki kimi yüksək olmamasıdır. Ötən ilin birinci rübüna nisbətən qazın qiymətində artım var, amma bu 2022-23-cu illərin qiymətlərinə nisbətən çox ucuzdur.

Qeyri-neft sektorunun ixracatı isə çox azdır. Məsələn, ötən il cəmi 3,6 milyard dollarlıq qeyri-neft sektorundan ixracat olub. Bu cəmi ixracatın 13,7%-i təşkil edir. Yəni bizdə ixracatın əsasını neft-qaz sektoru formalaşdırır. Neft-qaz satışından gəlirlər azalanda isə ixracat kəskin azalir.

İdxala gəldikdə isə bu istiqamətdə dövlət alışları mühüm rol oynayır. Dövlətin həm investisiya qoyuluşları, həm də təhlükəsizlik məsələləri ilə bağlı alışları idxalin artmasına səbəb olur. Bəyan edilən bu 4 milyard dollar vətəndaşların alışları deyil. Bunun əsas hissəsi dövlət alışlarıdır ki, bu da ilin ilk aylarına düşüb. Amma bu ilin profisidli, yəni müsbət saldolu tədiyyə balansı ilə başa vurulacağı gözləniləndir. Elə dramatik vəziyyət gözlənilmir ki, ilin sonuna xarici ticarət dövriyyəmiz mənfi saldo ilə yekunlaşsın".

Ekspertin də vurğuladığı kimi, indiyə qədər Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldonu təmin edən sahə neft-qaz sektoru olub. İndi isə bir tərəfdən hasilət azalır, digər tərəfdən qiymətlər ucuzlaşır, ücüncü bir tərəfdən dövlət alışları idxalı şişirdir. Nəticədə ortaya mənfi saldo çıxır. Bunun qarşısını almağın yeganə yolu isə daxili istehsali stimullaşdırmaqla qeyri-neft sektorunu inkişaf etdirməkdir.

Dəniz NƏSİRLİ

Seçilən
0
baki-xeber.com

1Mənbələr