AZ

Vyetnamla münasibətlər tarixində ad qoymuş Cəlal Məmmədov kimdir?...


İlham Şaban: “Cəlal Məmmədovun “Vietsovpetro” şirkətinin ilk baş direktoru olduğunu bilirəm, bundan başqa...”

Azərbaycanla Vyetnam arasında uzun illərə dayanan dostluq, əməkdaşlıq əlaqələri mövcuddur. Bu dostluq körpüsünün təməlləri SSRİ dövründə qoyulub. Tarixdən də məlumdur ki, Vyetnamın müharibədən sonrakı bərpasında, xüsusən də neft-qaz sənayesinin qurulmasında Azərbaycan xalqının rolu danılmazdır.

Mətbuatda qeyd olunur ki, bu dəstəyin, habelə xalqlarımız arasında dostluğun yaranmasının tarixi 1959-cu ilə gedib çıxır. Ölkəsinin bərpası ilə əlaqədar dost dəstəyi üçün keçmiş Sovet İttifaqına səfər edən Vyetnamın ozamankı Prezidenti Ho Şi Min ölkəsinin əsas təbii sərvətlərindən olan neft yataqlarının kəşfiyyatı və işlənməsi üçün yollar axtarırdı. Bu axtarış onu həmin il iyulun 23-də Bakıya gətirir. Bu səfər Vyetnamın neft-qaz sənayesi tarixində həlledici rol oynayır. Belə ki, təyyarə Bakının səmasında olarkən Prezident Ho Şi Min tərcüməçisini yanına çağırıb belə deyir: “Bax, aşağıda nə görürsən? Dəniz. Amma bu, adi dəniz deyil. Bu, neft dənizidir”. Ho Şi Min haqlı idi, çünki o vaxt Xəzər dənizində böyük neft-qaz platformaları var idi. Prezidentin təyyarəsi Bakıya enəndən sonra onu paytaxt ətrafındakı neft-qaz yataqları ilə tanış edirlər. “Vyetnamda da dəniz var, inanıram ki, bizim də mütləq neftimiz olacaq. Amma ölkəmiz müharibə şəraitindədir və biz neft çıxarılmasını hələ gerçəkləşdirə bilmərik. Ümid edirəm və inanıram ki, Vyetnamın müqavimət müharibəsi uğurla başa çatdıqdan sonra siz bizə neft tapmaqda kömək edəcək, sonra neftin istismarına və emalına yardım göstərəcək, Bakıdakı kimi neft-qaz sənayesi parkı tikəcəksiniz”, - deyə Ho Şi Min Azərbaycan mühəndisləri və neftçiləri qarşısında çıxış edərkən söyləmişdi. Prezident Ho Şi Min “möcüzələr adası” kimi dillər əzbəri olan nəhəng “Neft daşları”ndan, Azərbaycan neftçilərinin böyük işlərindən təsirlənərək ölkəsinə qayıdır.

Bilirik ki, Vyetnamda neft qaz-qaz sənayesinin formalaşdırılmasında azərbaycanlı mütəxəssislərin iştirakı bu gün də qürurla xatırlanır.

Azərbaycanlı mütəxəssislər Cəlal Məmmədovun, Müslüm Vəliyevin və başqalarının bu sahədəki xidmətləri danılmazdır.

Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibəsində Azərbaycanın neft mütəxəssislərinin Vyetnamın neft sənayesinin qurululmasında və inkişafında rolunu vurğulayıb və Sovet İttifaqının köməyi ilə yaradılan “Veso Petrol” müştərək müəssisəsinin ilk baş direktorunun azərbaycanlı Cəlal Məmmədov olduğunu vurğulayıb.

Prezident Əliyev deyib: “Neft sahəsində əməkdaşlığımız möhkəm tarixi təmələ əsaslanır - çünki Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında əsas rol oynayıblar. Təsadüfi deyil ki, 1981-ci ildə Sovet İttifaqının köməyi ilə yaradılan “Veso Petrol” müştərək müəssisəsinin ilk baş direktoru azərbaycanlı Cəlal Məmmədov olub”.

Cəlal Məmmədov kimdir, onun Vyetnamdakı fəaliyyəti haqda nə bilirik?

C.Məmmdovla bağlı araşdırma apararkən onun biqorafiyasına dair heç bir məlumat əldə edə bilməməyimiz təəssüf doğurur. Azərbaycanın şöhrətini yayan, Vyetnamın neft-qaz sənayesinin inkişafında rolu olan belə bir şəxs barədə internet resurslarında çox az məlumatlar var və o məlumatlar da ətraflı deyil, epizodik xarakter daşıyır. C.Məmmədov haqda Vikpediya məqaləsi də yoxdur. Belə bir mütəxəssis barəsində demək olar ki, sorğu gönədrdiyimiz dövlət qurumlarından, elm və təhsil müəssisələrindən məlumat ala bilmədik. SOCAR-dan (Azərbaycan Dövlət Neft Şirkətindən), Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən, Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutundan, ayrı-ayrı mütəxəssislərdən eşitdiyimiz söz bu oldu ki, C.Məmmədov barədə məlumatımız yoxdur.

Uzun illər Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olmuş, mərhum akademik Xoşbəxt Yusifzadənin çıxışlarından birində C.Məmmədov barədə belə deyilir: “...Onu da demək istəyirəm ki, Vyetnamda neft sənayesinin inkişaf tarixi mənim gözlərimin qarşısından kinolenti kimi keçir. 1980-ci illərdə Sovetlər İttifaqı Vyetnamda işləri təşkil etməyə başlayanda, - nəzərə alsaq, dənizdə neft işlərini Azərbaycandan yaxşı bilən yox idi, - demək olar ki, Vyetnamdakı mütəxəssis kontingentinin əksəriyyətini azərbaycanlılar təşkil edirdi. Burada adlar çəkildi, hətta baş direktor da Azərbaycandan idi - Məmmədov Cəlal Heydər oğlu...

...Vyetnamın neft yataqlarının kəşfiyyatı və işlənilməsi məqsədilə 1981-ci ildə “Vietsovpetro” Sovet – Vyetnam birgə müəssisəsi yaradılıb və bu ölkənin neft yataqlarının kəşfiyyatı, hasilatı üçün Azərbaycanın onlarla qabaqcıl neft mühəndisi, geoloqu, ixtisaslaşmış işçisi Vyetnama ezam olunub. Bundan başqa, Azərbaycandan Vyetnama neft sənayesinə aid xeyli sayda texnika və avadanlıq göndərilib. Şirkətin 1981–1984-cü illərdə ilk baş direktoru azərbaycanlı mütəxəssis Cəlal Məmmədov, geologiya bölməsinin ilk rəhbəri isə Müslüm Vəliyev olub”.

Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi saytında C.Məmmədov barədə belə bir fikirlərə rast gəldik: “2025-ci ildə Bakı və Vunq Tau şəhərlərində "Vietsovpetro" neft şirkətinin yaradılmasında mühüm rolu olan bu şirkətin ilk baş direktoru Cəlal Məmmədovun 100 illik yubileyi qeyd ediləcək”.

Ekspert İlham Şaban “Bakı-Xəbər”ə bildirdi ki, keçən əsrin 80-ci illərində “Vietsovpetro” Sovet-Vyetnam birgə müəssisəsi yaradılıb və C.Məmmədov da onun baş direktoru olub: “Cəlal Məmmədovun “Vietsovpetro” şirkətinin ilk baş direktoru olduğunu bilirəm, bundan başqa məlumatım yoxdur. Azərbaycanlı mütəxəssislər Vyetnamın Vunq Tau şəhərində, dənizdə neft çıxarıblar.

İllər əvvəl məni Neft və Sənaye Universitetinə tədbirə dəvət etmişdilər. Orda mənə 70-75 yaşlı bir kişini göstərib dedilər ki, o, Vyetnamda işləyib və Azərbaycan neftçilərinin fəxridir.

Bu çox mənfi haldır ki, Cəlal Məmmədov kimi bir mütəxəssis haqda bir vikipediya məqaləsi belə yoxdur. Ölkəmizi xarici ölkələrdə təmsil edən neftçilər haqda məlumatlar yoxdur...”

100 illik yubileyinin keçiriləcəyi bildirilən C.Məmmədov barədə məlumatların geniş olmaması təbii ki, təəssüf hissi yaradır. Bəzən bizim tədqiqatçılar belə şəxsiyyətlərin irsini araşdırmağa maraq göstərmir, amma Azərbaycan dövlətini və xalqını xarici ölkələrdə ləyaqətlə təmsil etmiş Cəlal Məmmədov kimi şəxsiyyətlər barədə geniş araşdırmalar aparılmalıdır ki, insanlarımızın onlar barədə məlumatı olsun.

İradə SARIYEVA

Seçilən
0
baki-xeber.com

1Mənbələr