2025-ci ilin yanvar ayının sonunda ABŞ-ın keçmiş prezidenti Donald Trampın rəhbərlik etdiyi administrasiya Ukrayna hökumətinə maraqlı və bir qədər mübahisəli bir təklif irəli sürüb. Belə ki, Ağ Ev Kiyevə qeyri-müəyyən sayda üçüncü ölkə vətəndaşının ABŞ-dan deportasiyasını qəbul etməyi təklif edib.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “The Washington Post” nəşri məlumat yayıb. Jurnalistlərin əldə etdiyi sənədlərə əsasən, bu təklif Ukraynaya ABŞ-ın yüksək səviyyəli diplomatı vasitəsilə çatdırılıb. Sənədlərdə Ukraynanın bu təklifə konkret hansı mövqe ilə cavab verdiyi qeyd olunmasa da, yalnız bir Ukrayna diplomatı ABŞ səfirliyinə bildirib ki, məsələ ilə bağlı rəsmi mövqe formalaşdıqdan sonra cavab veriləcək.
Məsələni yaxından izləyən iki ukraynalı dövlət rəsmisi qəzetə bildiriblər ki, bu təklif hələlik ali səviyyədə müzakirə mövzusu olmayıb. Onlardan biri ABŞ tərəfindən hər hansı siyasi tələb və ya şərtin irəli sürüldüyündən xəbərsiz olduğunu da vurğulayıb.
“The Washington Post”un araşdırmasına görə, Ukrayna hələlik ABŞ-dan deportasiya olunmuş üçüncü ölkə vətəndaşlarından heç birini qəbul etməyib. Nəşr bu təklifi “qeyri-adi” hesab edir, çünki Ukraynada hələ də müharibə şəraiti hökm sürür və ölkənin daxili sabitliyi ciddi təzyiqlərlə üz-üzədir.
Bununla belə, ABŞ-ın bu istiqamətdə başqa ölkələrlə danışıqları nəticə verib. Belə ki, Salvador, Meksika, Kosta-Rika və Panama kimi ölkələr artıq bu tipli deportasiya əməliyyatlarını qəbul etməyə razılıq veriblər. Qəzetin yazdığına görə, Tramp administrasiyası bu razılıqları əldə etmək üçün bəzi ölkələrə maliyyə vəsaiti təklif edib, digərlərini isə iqtisadi sanksiyalar, xüsusilə də ticarət rüsumları ilə təhdid edib.
Məlumata əsasən, Tramp administrasiyası prezidentliyinin ilk ilində ABŞ ərazisindəki bir milyon qeyri-qanuni miqrantı deportasiya etməyi planlaşdırır. Bu, Barak Obama dövründə illik orta göstərici olan 400 min nəfərlik deportasiya ilə müqayisədə xeyli yüksək rəqəmdir. Lakin ekspertlər bu hədəfi gerçəkləşməsi çətin olan bir niyyət kimi dəyərləndirirlər. Onların fikrincə, bu miqyasda deportasiya əməliyyatı üçün ABŞ-ın nə maliyyə, nə də hüquq-mühafizə resursları yetərlidir.
Natiq SƏLİM,
KONKRET.az