“Hazırda planetdə közərən əksər münaqişələr məhz imperializm siyasətinin bəhrələridir... Bu gün bəşəriyyət məhz onların əməllərinin ağrısını çəkir. Nə var-nə var, hansısa ölkədə kiçik bir zümrə zənginlik, yağ-bal içində, qəsrlərdə, malıkanələrdə yaşayacaqdı…”
“Hindistanın baş naziri Narendra Modi induist faşistidir. O, qeyri-dinlərə, qeyri-xalqlara nifrət edir. Modi katoliklərə də, müsəlmanlara da nifrət edir. Hindistanda 250 milyon müsəlman yaşamasına rəğmən onlara qarşı mütəmadi olaraq ayrı-seçkilik siyasəti yürüdülür. İndi də Modi Kəşmirdəki qeyri-müəyyən və gərgin vəziyyətdən istifadə edərək Pakistana qarşı hərbi əməliyyatlara başlayıb”.
Siyasi şərhçi Zərdüşt Əlizadə bu fikirləri Moderator.az-a aşıqlamasında “Pakistanla Hindistan arasında artıq lokal hərbi toqquşmalara çevrilmiş və insan itkiləri, dağıntılarla nəticələnmiş gərginliyin sonunu necə görürsüz” sualını cavablandırarkən dilə gətirib.
Davamında həmsöhbətimiz Hindistan-Pakistan qarşıdurması haqda çoxlarının ağlına gəlməyən bir versiya səsləndirdi:
“Mövcud dünyada belə şeylər olur. Mən əminəm ki, 7 oktyabr 2023-cü ildə “HƏMAS”-ın İsrailə hücumunu baş nazir Netanyahu özü təşkil etmişdi. Çünki bunun faydasını məhz o gördü; İsrail daxilində törətdiyi cinayətlərə görə həbs olunmaqdan qurtuldu, cəmiyyəti xarici düşmənə qarşı səfərbər etdi və hökumətinin mövqeyini gücləndirdi. Elə Kəşmirdəki terror aktından da Modi udur və hələlik Pakistana gedən suları birdəfəlik kəsməklə hədələyir”.
Bununla belə, Zərdüşt Əlizadə inanır ki, iki ölkə arasındakı hazırkı silahlı qarşıdurma genişmiqyaslı savaşa və sonda nüvə müharibəsinə çevrilməyəcək.
“Hazırda məlum olduğu kimi, artıq hərbi qarşıdurma başlayıb, artıq qarşılıqlı olaraq raketlər, təyyarələr işə düşüb, hər iki tərəfdə canlı itkilər və dağıntılar var. Tərəflərin müxtəlif təhdidlər dolu bəyanatları səslənir. Bununla belə, zənnimcə, hər iki ölkənin- həm Pakistanın, həm də Hindistanın atom silahının olduğunu və hər bir rəhbərin, hər bir xalqın ölmək istəmədiyini, canın şirin olduğunu nəzərə alsaq, az sonra tərəflər sakitləşəcək. Təsəvvür edin ki, Hindistanın 1 milyard yarıma yaxın, Pakistanın isə 250 milyona yaxın əhalisi var. Və nüvə müharibəsinin başlanması nəinki hər iki ölkədə, eləcə də qonşu və yaxın ölkələrdə on milyonlarla insan itkiləri və xəstəlikləri ilə nəticələnə bilər. Baxın, 1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasında sadəcə bir qəza Ukraynaya, Belarusa, Rusiyaya və s. nə qədər zərərlər vurdu, kütləvi insan itkiləri baş verdi, ömürlük xəstəliklər baş qaldırdı. Və indiyədək qəzanın olduğu məkanın ətrafında yüz kvadrat kilometrlərlə ərazidə yalnız heyvanlar yaşayır, oralarda insan yaşayışı mümkün deyil. 1945-ci ildə yalnız iki şəhərə- Xirosima və Naqasakiyə atılmış kiçik 20 kilotonluq atom bombaları yüz minlərlə insan itkisinə səbəb oldu və onların fəsadlarını yaponlar bu günədək öz orqanizmlərində hiss edirlər. Təsəvvür edin ki, Hindistanla Pakistan hər ikisi öz arsenalındakı bütün nüvə rakelərini işlətsə, həmin ölkələrdə və regionda nələr baş verər? Allah eləməsin!”, -deyə siyasi şərhçi ümidini ifadə edib.
Həmsöhbətimiz hesab edir ki, dünyamızda müxtəlif xalqlar, ölkələr arasındakı münaqişə və savaşların kökündə tarixən müxtəlif imperiyaların səpdiyi ziddiyyət və nifrət toxumları dayanır.
“Mən həm Pakistan, həm Hindistan xalqlarını sevirəm və heç birinə pislik, şər arzulamıram. Hindistan və Pakistan, demək olar ki, eyni xalqlardır - sadəcə imperiyalar tarixən onları dini əsasla iki hissəyə bölüblər. İngilis imperializminin Allah evini yıxsın. Bu, onların əməlidir... Həmçinin rus, Amerika, alman, fransız, Belçika, holland, ispan, portuqal və s. imperializmlərinə də lənət olsun! Hazırda planetdə közərən əksər münaqişələr məhz imperializm siyasətinin bəhrələridir... Bu gün bəşəriyyət məhz onların əməllərinin ağrısını çəkir. Nə var-nə var, hansısa ölkədə kiçik bir zümrə zənginlik, yağ-bal içində, qəsrlərdə, malıkanələrdə yaşayacaqdı... Təəssüf ki, xalqların da günahı var ki, əksəriyyəti savaddan, elmdən uzaq düşməklə eşitdikləri hər avantürist, irqçi, şovinista çağırışlara, şüarlara inanaraq bir-birinə qənim kəsilirlər”, -deyə Zərdüşt Əlizadə vurğulayıb.
Sultan Laçın