“Cəzaçəkmə müəssisələrinin monitorinqi” layihəsi çərçivəsində məhkumlar üçün ödənişsiz hüquqi yardım və təlimlər keçiriləcək.
QHT.az xəbər verir ki, bu barədə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev məlumat verib. Onun sözlərinə görə, cari ilin may ayından “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində həyata keçirilən" Cəzaçəkmə müəssisələrinin monitorinqi" layihəsinə start verilir:
"Cəzaçəkmə müəssisələrinin monitorinqi layihəsi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilir. Layihə çərçivəsində məhkumlara professional hüquqşünaslar tərəfindən yazılı hüquqi xidmətlər və şifahi hüquqi məsləhətlər veriləcək, onların insan hüquq və azadlıqları ilə bağlı sualları cavablandırılacaq. Məhkumlara həmçinin təcrübəli təlimçilər tərəfindən cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə, əfv və amnistiya ilə əlaqədar qanunvericiliyin tələbləri, mövcud qaydalar barədə məlumatlandırılacaq".
Əliməmməd Nuriyev həmçinin bildirib ki, layihə çərçivəsində həmçinin cəzaçəkmə müəssisələrində məhkumların saxlanma şəraitinə dair müntəzəm monitorinqlər aparılacaq:
"Monitorinqlərin məqsədi, məhkumların hüquqlarının qorunması, saxlanma şəraitinin beynəlxalq standartlara uyğun olub-olmamasını yoxlamaq və ortaya çıxan potensial problemlərin həllinə töhfə verməkdir. Monitorinqlər zamanı Məhkumların saxlanma şəraiti, Səhiyyə və tibbi xidmətlərə əlçatanlıq, Məhkumların ailə üzvləri və hüquqi nümayəndələri ilə əlaqəsi, Təhsil və reabilitasiya proqramlarına qoşulma imkanları diqqət mərkəzində olmuşdur. Layihə, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir və oktyabr ayının sonunadək davam edəcəkdir".
Pərvanə Fərhadqızı