AZ

Şəraa ilk Avropa dövləti kimi Fransanı seçdi - Suriya-Türkiyə münasibətlərinə fransız barmağı uzanır...


Rəşad Bayramov: “Suriyanın Fransa ilə yaxınlaşması Türkiyədən uzaqlaşma kimi qəbul olunmamalıdır”

Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şəraa mayın 7-də Fransaya səfər edəcək. Bu barədə BFMTV telekanalı Yelisey sarayındakı mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, o, Parisdə Fransa Prezidenti Emmanuel Makronla danışıqlar aparacaq.

Bu, yeni Suriya liderinin Avropaya ilk səfəri olacaq. Bu səfərin əhəmiyyəti yalnız Avropa ilə məhdudlaşmır. Avropanın Suriya ilə yaxınlaşması region ölkələrinin mövqelərinə də təsir edə və Yaxın Şərqdə yeni siyasi düzənə qapı aça bilər. Hazırkı geosiyasi dəyişikliklər fonunda Fransa bu təşəbbüslə Yaxın Şərqdə yenidən təsirli gücə çevrilmək istəyir. Ona görə də Parisdə keçiriləcək bu görüşün nəticələri maraqla izlənilir.

Maraqlıdır, Əhməd əş-Şəraa ilk səfərini Avropada Fransaya başlamaqla nə demək istəyir? Bu, gələcəkdə Avropada Fransanı əsas partniyor kimi seçdi anlamına gəlməyə əsas verirmi? Əgər belə olacaqsa, onun Fransa ilə belə yaxınlaşması Türkiyə ilə münasibətlərdə məsafə saxlamasına gətirib çıxarar, ya çıxarmaz?

“Ölkənin dirçəldilməsi üçün Avroittifaqın çox böyük sərmayəsinə, maliyyə resurslarına ehtiyac var”

Sözügedən məsələyə aydınlıq gətirən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şəraanın Avropaya ilk səfəri çərçivəsində Fransanı seçməsi əslində başa düşüləndir. Çünki Fransanın Avropa İttifaqında aparıcı mövqedə olması, eləcə də Avropa institutlarına təsir imkanlarının daha çox olması əş-Şəraanın məhz ilk olaraq Parisə səfər etməyə sövq edib. Ona görə ki, Türkiyə bütün platformalarda Suriyanın maraqlarını müdafiə etsə də, bu ölkəyə dəstəyini ifadə etsə də, ölkə daxilində bir sıra təhlükəsizlik məsələlərinin həllində konkret rol oynasa da təkcə bu, yetərli deyil. Türkiyə prezidenti Ərdoğan bir müddət əvvəl ABŞ prezidenti Trampla danışığında da bu ölkənin Suriyaya qarşı tətbiq etdiyi sanksiyaların götürülməsi ilə bağlı çağırış edib. Ancaq məsələ ondadır ki, Suriyaya sanksiya tətbiq edən ölkələrin çoxu Avroittifaq ölkələridir. Çox güman ki, əş-Şəraanın Parisdə apardığı danışıqların əsas hissəsi Suriyaya qarşı sanksiyaların yumuşaldılması və tədricən ləğv edilməsi ilə bağlı olacaq. Yeni Suriya hakimiyyəti üçün başlıca məsələ Aİ-nin bu ölkəyə qarşı sanksiyaları götürməsi ilə bağlıdır. Çünki 2011-ci ildə başlayan və uzun müddət davam edən vətəndaş müharibəsi Suriyaya çox böyük zərbə vurub. Bir sıra kənd və şəhərlər viran qoyulub. Ölkənin dirçəldilməsi üçün çox böyük sərmayəyə, maliyyə resurslarına ehtiyac var. Bu maliyyə də bir ərəb ölkələrindədir, bir də Avroittifaq ölkələrində. Həm də Birinci Dünya müharibəsindən sonra 1947-ci ilə qədər Suriya Fransanın mandatlığı altında olduğu üçün iki ölkə arasında xüsusi əlaqələr olub. Suriyanın Yaxın Şərqdə Aralıq dənizi sahilində yerləşməsi bir sıra ölkələrin diqqətini cəlb edir. Bütün bunların fonunda, Suriyanın Fransa ilə yaxınlaşması Türkiyədən uzaqlaşma kimi qəbul olunmamalıdır. Ən azından ona görə ki, Əsəd rejimi devriləndən sonra Türkiyə Suriyanın bir nömrəli strateji partniyoru qismində çıxış edir. Türkiyə əsas regional ölkə olmaqla yanaşı, Suriya ilə 911 kilometr quru sərhədinə malikdir. Yəni heç bir halda Suriyanın yenidən qurulmasında, orada gedən proseslərdən Türkiyəni kənarda saxlamaq mümkün olmayacaq”.

Vidadi ORDAHALLI

Seçilən
0
baki-xeber.com

1Mənbələr