AZ

 Qərblə balansı qorumaq mümkünsüzdür: Ermənistan tam Rusiyayönlü siyasət apara bilməz

Ermənistanın beynəlxalq münasibətlər sistemindəki mövqeyi onun müstəqil siyasət yürütmək bacarığından çox, böyük güclərin maraqları arasında mövcud olan geosiyasi balanslara uyğunlaşmaq meyli ilə səciyyələnir. Tarixən Rusiya ilə sıx əlaqələrə malik olan Ermənistan, bu münasibətlərdən daha çox öz maraqlarını qorumaq üçün bir vasitə kimi faydalanmağa çalışıb. Rusiya ilə münasibətlərdəki istənilən gərginlik anı isə Ermənistan üçün həm Qərbə, həm də İrana yaxınlaşmaq üçün fürsət kimi qiymətləndirilib. Son dövrlərdə bölgədə baş verən hadisələr xüsusilə Azərbaycanla sülh prosesinin gündəmə gəlməsi və bu kontekstdə Rusiya, Qərb və İran arasında maraqların toqquşması Ermənistanın xarici siyasətindəki maraq istiqamətlərini daha da qabarıq şəkildə ortaya qoyur. 

Mövzu ilə bağlı politoloq Tural İrfan Sherg.az-a açıqlama verib:

"Məlumdur ki, Ermənistan yarandığı andan bəri Rusiyaya bağlı olub və Rusiyanın maraqlarının həyata keçirilməsində bir alət, vasitə rolunu oynayıb. Ermənistanın müstəqil siyasət yürütmək iqtidarı olmayıb, bunda heç maraqlı da deyil. Həmişə böyük güclərin əlində başqalarına təsir rıçaqı rolundan bəhrələnib. Təyyarəmizin Rusiya tərəfindən vurulmasından sonra arada müəyyən soyuqluğun müşahidə olunmasından istifadə edən Ermənistan Rusiyaya meylini artırmaqla təsir gücünü çoxaltmaq məqsədi güdür.
Ermənistan Qərbə, əsasən Fransa kimi anti-türk dövlətlərə müəyyən maraqların həyata keçməsində lazımdırsa, Rusiyaya başqa maraqlar üçün lazımdır. Ona görə Ermənistan həm Qərblə, həm İranla, həm də Rusiya ilə yaxınlığında balansı qorumağa çalışır. Məsələn, Zəngəzur dəhlizinin qəti əleyhinə olan İran, Fransa və ABŞ-nin Ermənistana gəlməsindən narahat deyil. Çünki ortaq maraqlar var. Rusiya da təbii ki, Ermənistanı əldən vermək istəmir. Amma Ermənistanda hazırda Paşinyanın reytinqi düşür. Azərbaycanla arada imzalanmalı olan sülh müqaviləsinə qədər icra etməli olduğu öhdəliklər var ki, bunun icrası zamanı Rusiya yönlü müxalifətin təxribatlarına məruz qala bilər. Ola bilər ki, bu mərhələni keçənə qədər özünü Rusiyaya meyilli kimi göstərməyə cəhd edir". 

Ekspert Ermənistanın iqtisadi, siyasi, hərbi əlaqələrini Rusiya ilə dərinləşdirdikcə Qərblə də balansı qorumağa məcbur olacağını bildirib:
"Ermənistan çalışacaq ki, Qərblə Rusiyanın toqquşan maraqları üzərindən iş görməsin. Təbii ki, Rusiya ilə Azərbaycan arasında da münasibətlər nizama salınmalıdır və Rusiya tərəfi Ermənistana çox da etibar etməməlidir. Əlaqələr, münasibətlər, müqavilələr Azərbaycan və Türkiyə əleyhinə olan planların tərkib hissəsi xarakteri daşımamalıdır. Əks halda Türkiyə-Rusiya münasibətlərinə də xələl gələ və regionda yeni gərginlik hasil ola bilər.
Rusiya Ermənistanı təbii ki, tamamilə Qərbin təsir dairəsindən çıxarmaq üçün əlindən gələni edəcək. Fəqət rəsmi İrəvanın Rusiya ilə əlaqələrdə Qərblə balansı qoruması mümkünsüzdür. Şübhəsiz ki, Rusiya - Ermənistan münasibətləri dərinləşərsə eyni zamanda Ermənistanın İranla da əlaqələrinin dərinləşməsi baş tuta bilər ki, bu zaman Qərb, ABŞ-ni ciddi narahatlığını əyani şəkildə ortaya qoyacaq. Bütün bunların fonunda Ermənistan tam Rusiyayönlü siyasət apara bilməz, sadəcə siyasi, iqtisadi, ticari əlaqələri genişləndirə bilər".
Seçilən
0
sherg.az

1Mənbələr