AZ

Hindistan Pakistana zərbə endirməklə özünü dünya siyasətində daha güclü göstərmək istəyir -EKSPERT

Cənubi Asiyada yenidən baş qaldıran gərginlik beynəlxalq ictimaiyyətin ciddi narahatlığına səbəb olub. Mayın 6-da Hindistan Müdafiə Nazirliyinin yaydığı bəyanata əsasən, ölkənin silahlı qüvvələri Pakistan və Pakistanın nəzarətində olan Kəşmir bölgəsində yerləşən doqquz hədəfə aviazərbələr endirib. Bu hücumlar "Sindur" kod adlı hərbi əməliyyat çərçivəsində həyata keçirilib. Əməliyyat Hindistanda baş vermiş qanlı terror aktına cavab olaraq təşkil olunub – aprelin 22-də Cammu və Kəşmirdə 26 hindu turistin həyatını itirməsi ilə nəticələnən hücum Hindistan hökuməti tərəfindən Pakistanın dəstəklədiyi terror təşkilatları ilə əlaqələndirilib.

Politoloq Həşim Səhrablı Sherg.az-a açıqlamasında bildirib ki,hər iki tərəf sadəcə olaraq öz güclərini nümayiş etdirmək istəyir:

"Hindistanın elan edilməmiş, hətta sivillərin belə yaşadığı bölgələrə zərbələr etməsi beynəlxalq qurumlar baxımından qəbul edilməməlidir və cinayət sayılır. Etiraf edək ki,  beynəlxalq hüququn işlək forması qalmayıb. Praktikada de-fakto olaraq beynəlxalq hüquqa uyğun qərarların həyata keçirildiyini görmürük. Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasında da bir şey görmədik. BMT bunu qınadı. Rusiyanı "işğalçı"  adlandırsalar da  faktiki olaraq  bu heç bir nəticə vermədi. Artıq müharibə 4 ildir ki, davam edir. Rusiya Ukrayna kimi böyük dövlətin şərq vilayətlərinin əksəriyyətini zəbt edib. Ona  görə də biz beynəlxalq hüquqdan danışanda de-yure  qəbul edilən qərarlardan danışa bilərik. Beynəlxalq  hüququn belə bir müdafiə mexanizması  yoxdur. Ona görə də bu gün dövlətlər beynəlxalq hüquq prizmasından deyil, öz maraqlarından çıxış edirlər. Xarici siyasətlərini öz maraqlarına uyğun formalaşdırırlar. Eynisi dünən Hindistanın  Pakistana hücumunda da təkrarlandı. Hindistan bilir ki, dünyada xaos mühiti var, beynəlxalq hüquq işləmir. Ona görə də Pakistanın suveren hüquqlarını  pozaraq ona zərbələr endirdi".

Eksper əlavə ki, Pakistan və Hindistan müstəqillik əldə etdikləri ilk gündən bu günə qədər müharibə vəziyyətindədirlər:
"Hətta bir neçə dəfə atəşkəsin əldə edilməsindən sonra da bu hallar təkrarlanıb. Artıq hər iki dövlət öz düşmənliklərini hərbi  müstəvidən siyasi müstəviyə keçiriblər. Bugünkü əməliyyatların fürsət yaradacağını düşünmürəm. Çünki hər ikisi də böyük dövlətlərdir. Yaxşı bilirlər ki, yeni dünya düzəninin düzəldiyi vaxtda onların müharibə aparması hər iki dövlətə qarşı ziyandır. Hər iki dövlətin bölgədə kifayət qədər rəqibləri var.  Bu müharibədə sonda məğlub dövlət dünya siyasətindən silinəcək. Qalib dövlətin isə suverenliyini qoruyub yeni dövlətlərlə rəqiblik etməyə resursları tükənəcək. İndi onların bir-birinə geniş miqyaslı əməliyyatlar aparması gözlənilməzdir.  Hindistan Pakistana zərbə endirməklə özünü dünya siyasətində daha güclü göstərmək istəyir".

Fidan Fərhad
Seçilən
0
sherg.az

1Mənbələr