AZ

Neftin qiyməti kəskin şəkildə endi: Bizi nələr gözləyir?

“OPEC+ ölkələrinin şənbə günü keçirilən iclasında iyunda neft hasilatının sutkada 411 min barrel artırılması barədə razılıq təbii ki, şok effekt yaratmalı idi və yaradıb da… Qiymətlərin düşəcəyi gözlənilən idi. Ötən aydan, yəni apreldən bu tendensiya güclənib. Səbəb də məlumdur. Belə ki, ABŞ prezidenti Donald Trampın tarif siyasəti və bunun nəticəsində yaranan ticarət münaqişəsi bir yandan, digər yandan elə Trampın özünün enerji resurslarının dünya bazar qiymətlərinin ucuzlaşdırılması ilə bağlı çağırışları və bu istiqamətdə yürütdüyü siyasəti istər-istəməz öz sözünü deməli idi”.

Bunu Editor.az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

O bildirib ki, qeyd olunan tendensiya davamlı xarakter daşıyacaq:

“Bu və əlavə olaraq digər faktorlar da daha geniş rol oynamağa başlayacaq. Əlbəttə, sözügedən prosesdən də gəlirləri bilavasitə enerji resurslarından aslı ölkələr ciddi zərər çəkəcəklər. Azərbaycan da bu sıraya daxildir. Lakin bu il üçün biz bunu hələ ki hiss etməyəcəyik. Birincisi, ona görə ki, ortalama qiymət yəqin ki, hər halda cari il üçün nəzərdə tutduğumuz proqnozlara yaxın olacaq. İkincisi isə bizim Neft Fondumuz var, ilk zərbə dövlət büdcəsinə deyil, ona dəyir.

Bu halda devalvasiya o zaman baş verə bilər ki, neftin qiyməti 50 dollar civara qədər düşəcək. Bu, isə uzunmüddətli olacaq. O zaman valyuta bazarında manatın məzənnəsini qoruyub saxlamaq Mərkəzi Banka çətin başa gələcək. Bunu cari il üçün gözləməyə dəyməz. Bu il belə bir təhlükə gözlənilmir. Ancaq növbəti ildən bu tendensiya davamlı xarakter daşıyarsa, neftin qiyməti düşə bilər. O zaman gələn il ərzində manatın məzənnəsinin dəyişəcəyi, dolların bahalaşacağı qaçılmaz xarakter daşıyır”.

//Gülnarə Abasova, Editor.az

 

Seçilən
0
editor.az

1Mənbələr