Kamran Əsədov: “Kartların hansı xidmət sahələrini əhatə edəcəyi məsələsi də ciddi əhəmiyyət kəsb edir, əgər…”
Müəllimlərə sosial dəstəyin gücləndirilməsi istiqamətində yeniliklər olacaq. Artıq bu payızdan etibarən pedaqoji fəaliyyətlə məşğul olan şəxslərə güzəştli kartlar təqdim olunacaq.
Bu kartlar müəllimlərə müxtəlif sahələrdə - nəqliyyatdan alış-verişə, iaşə xidmətlərindən elektron resurslara qədər - bir sıra endirim və güzəştlərdən istifadə imkanı yaradacaq. Layihə müəllimlərin sosial rifahının yüksəldilməsi və peşəkar fəaliyyətlərinə əlavə motivasiya verilməsi məqsədi daşıyır.
Qeyd edək ki, hazırda dünyanın bir çox ölkəsində müəllimlər üçün xüsusi güzəştli təhsil kartları mövcuddur. Bu kartlar müəllimlərin peşəkar və şəxsi həyatlarını asanlaşdırmaq məqsədilə müxtəlif sahələrdə endirim və imtiyazlar təqdim edir.
Maraqlıdır, müəllimlərə veriləcəj güzəştli kartların nə kimi üstünlüyü olacaq?
“Müəllimlər üçün kart təqdim etməklə yox, o kartın verdiyi imtiyazların gündəlik həyatdakı faydası ilə real dəstək göstərilməlidir”
Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanda müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində uzun illərdir ciddi problemlər müşahidə olunur: “Mövcud qanunvericilikdə pedaqoji fəaliyyətlə məşğul olan şəxslərin sosial statusunu müəyyən edən normalar olsa da, onların real həyatdakı tətbiqi zəif qalır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 49-cu maddəsinə əsasən, pedaqoji işçilərə güzəştlər və imtiyazlar tətbiq edilə bilər. Lakin bu güzəştlərin böyük əksəriyyəti ya kağız üzərində qalır, ya da yalnız formal icra olunur. Yeni təklif edilən güzəştli kart sistemi isə ilk dəfə olaraq bu normativ əsasların praktikaya keçməsi baxımından əhəmiyyətlidir.
Hazırda ölkədə 150 mindən çox müəllim fəaliyyət göstərir. Dövlət Statistika Komitəsinin 2023-cü il məlumatına görə, orta aylıq müəllim maaşı 600 manatı keçmir. Bu isə inflyasiya və qiymət artımları fonunda onların gündəlik sosial tələbatlarını qarşılamaq üçün yetərli deyil. Xüsusən də Bakı və iri şəhərlərdə yaşayan müəllimlər üçün bu gəlir nəinki qənaətbəxşdir, hətta çox zaman ikinci iş axtarmağa, repetitorluğa və ya məktəbdənkənar fəaliyyətlərə yönəlməyə səbəb olur. Bu kontekstdə yeni təqdim olunacaq güzəştli kartlar müəllimlərin real xərclərini azaltmaq və onların rifahına dolayısı yolla dəstək vermək məqsədi daşıyır.
Kartların hansı xidmət sahələrini əhatə edəcəyi məsələsi də ciddi əhəmiyyət kəsb edir. Əgər bu kartlar yalnız nəqliyyatda və bir neçə kommersiya şəbəkəsində endirimlərlə məhdudlaşarsa, bu sistemin effektivliyi aşağı olacaq. Ən azı, apteklər, dərs vəsaiti mağazaları, geyim dükanları, kommunal xidmətlər, stomatoloji xidmətlər, həmçinin yay istirahət mərkəzləri və uşaq bağçalarında güzəştlərin tətbiqi gözlənilir. Bu sahələrin seçilməsi pedaqoji işçilərin əsas ehtiyaclarını əhatə etdiyindən sistemin təsir gücünü artıracaq. Eyni zamanda, bu güzəştlər dövlət və özəl sektorun əməkdaşlığı fonunda həyata keçirilməlidir. Əgər dövlət yalnız kartı təqdim edir, lakin tərəfdaş bazası zəif qalırsa, bu təşəbbüs də yalnız formal mahiyyət daşıyacaq.
Dünya təcrübəsi göstərir ki, sosial rifahın dəstəklənməsi təkcə maaş artımı ilə deyil, sistemli sosial paketlərlə həyata keçirilir. Məsələn, Finlandiyada müəllimlərə həm ictimai nəqliyyatda, həm də dövlət tərəfindən maliyyələşdirilən mədəniyyət və idman mərkəzlərində pulsuz və ya endirimli istifadə hüququ verilir. Cənubi Koreyada pedaqoqlar müəyyən mağaza şəbəkələrində 30%-ə qədər endirimlər əldə edir, bu isə onların aylıq büdcəsinə real müsbət təsir edir. Bəzi ölkələrdə isə müəllimlərə həm özləri, həm də ailə üzvləri üçün səhiyyə və sosial sığorta çərçivəsində əlavə güzəştlər tətbiq olunur”.
Ekspert hesab edir ki, güzəştli kartların müsbət tərəf odur ki, Azərbaycanda ilk dəfə olaraq müəllimlər üçün güzəştli sistemin hüquqi və təşkilati mexanizmi formalaşdırılır. Bu təşəbbüs pedaqoji fəaliyyətin stimullaşdırılması, müəllim nüfuzunun artırılması və sosial siyasətin hədəflərinə uyğunluq baxımından irəliyə doğru atılmış addımdır: “Əgər bu sistem real işlək formaya salınarsa, müəllimlərin əlavə xərclərdən azad edilməsi həm də onların psixoloji rahatlığına və iş keyfiyyətinə müsbət təsir göstərə bilər. Çünki müəllim özünün iqtisadi və sosial sabitliyini hiss etdikdə tədrisə daha çox diqqət ayırır, şəxsi problemlərlə məşğul olmur. Bununla belə, bir neçə kritik məqam da qeyd olunmalıdır. Əgər bu kartlar yalnız müəyyən markalara, sponsorluq edən şirkətlərə və kampaniya xarakterli alqı-satqılara xidmət edəcəksə, bu zaman məqsədindən uzaqlaşmış olacaq. Əlavə olaraq, bütün müəllimlər bu kartlardan eyni səviyyədə yararlana bilməyə bilər. Məsələn, bölgələrdə yaşayan pedaqoqlar üçün nəqliyyatda güzəşt olmaya bilər, çünki onların yaşadığı yerdə bu sistem tətbiq olunmur. Eyni zamanda bəzi özəl şirkətlərin endirim kampaniyaları sadəcə müvəqqəti və reklam xarakterli ola bilər. Müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində bu tip kartlar keçici və simvolik bir dəstək ola bilər. Lakin davamlı sosial rifah yalnız maaş artımı, yaşayış minimumunun üzərində əmək haqqı təyin edilməsi və pensiya təminatının sabitləşdirilməsi ilə təmin edilə bilər. Bu kartlar isə yalnız əlavə yardımçı vasitə kimi faydalı olacaq. Son nəticədə dəyişəcək olan budur ki, əgər sistem real və davamlı tətbiq olunarsa, müəllimlərin cəmiyyətdəki sosial statusu və ictimai nüfuzu artacaq. Dəyişməli olan isə bu sistemin formallıqdan çıxarılıb praktik və genişmiqyaslı istifadəyə yönəldilməsidir. Müəllimlər üçün kart təqdim etməklə yox, o kartın verdiyi imtiyazların gündəlik həyatdakı faydası ilə real dəstək göstərilməlidir. Dövlət bu təşəbbüsü qısamüddətli deyil, uzunmüddətli sosial siyasətin bir elementi kimi görməli və ona uyğun institusional mexanizmləri tətbiq etməlidir”.
Günel CƏLİLOVA