BAKI, 7 may. TELEQRAF
Bakının Qaradağ rayonu ərazisində avtomobil qəzasında ağır xəsarət alaraq xəstəxanada vəfat edən Coşqun Dəmirkayayev 20 gün əvvəl ata olubmuş.
Bu barədə Teleqraf-a mərhumun yaxınları məlumat verib.
Coqun Dəmirkayayev 1994-cü ildə Xaçmaz rayonunun Qımıl-qışlaq kəndində anadan olub. Ailədə iki qardaş, bir bacı olublar. Coşqun atasını çox erkən yaşda itirib, anasının himayəsində böyüyüb. Ailədəki çətinliklərə görə ali təhsil ala bilməyib. Ötən il laçınlı xanımla ailə həyatı qurub. Qəzadan 20 gün əvvəl oğlan övladı dünyaya gəlib, adını Atilla qoyublar.
Coşqun Dəmirkayayev Qaradağ rayonu ərazisində yerləşən metal zavodda gecə növbəsində briqadir işləyirmiş.
Hadisə baş verən gün Coşqun Qaradağ rayonu ərazisində məcburi köçkünlərin məskunlaşdığı “Qobu park” yaşayış massivindən “Meyvəli” Ticarət Mərkəzinə bazarlığa gedib, yolda manatlıq taksiyə minib. Hadisə “Qobu park”la Lökbatan arasında yerləşən “Rahat” marketin yaxınlığında baş verib.
Qəzada ağır xəsarət alan Coqun Dəmirkayayev 1 saylı Klinik Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və mayın 5-də vəfat edib. Doğulduğu kənddə torpağa tapşırılıb. Coşqunu tanıyanlar onu qoçaq, mərd və işgüzar gənc kimi xarakterizə edirlər.
Hazırda Coşqunun uşağının da səhhətində problemlər var. Atilla Bakıda K.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda müalicə alır.
Qeyd edək ki, mayın 3-də Qaradağda “Toyota Prius”un “KamAZ”a çırpılması nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılardan Coşqun Dəmirkayayev mayın 5-də xəstəxanada vəfat edib.
Faktla bağlı cinayət işi başlanıb.