AZ

“Jurnalistlərimizin beynəlxalq mediaya inteqrasiyası güclənməlidir” -

Mətbuat cəmiyyətin güzgüsü olmaqla yanaşı, eyni zamanda, dövlətlə xalq arasında etibarlı bir körpü funksiyasını yerinə yetirir. Bu baxımdan, milli mətbuatın 150 illik yubileyi ölkə tarixində mühüm hadisə kimi qiymətləndirilir. Prezident İlham Əliyevin 2024-cü il aprelin 25-də imzaladığı “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam, bu sahəyə göstərilən yüksək dövlət diqqətinin, milli informasiya suverenliyimizin və ictimai fikir tariximizə verilən böyük dəyərin bariz nümunəsidir. Sözügedən sərəncam yalnız keçmişə ehtiram aktı deyil, həm də çağdaş media sistemimizin gələcək inkişaf prioritetlərini müəyyən edən strateji sənəddir. Burada Azərbaycan Mətbuat Şurasının adının xüsusi olaraq qeyd edilməsi isə qurumun cəmiyyətdəki mövqeyinə və fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir. Metbuat.az bu barədə Mətbuat Şurasının sədri, yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidlə müsahibə aparıb: Rəşad müəllim, 150 illik yubileyə nə qədər hazırıq? Azərbaycan mətbuatının dəstəyini gücləndirmək üçün daha hansı addımlar atılmalıdır? Məlum olduğu kimi, Prezident İlham Əliyev aprelin 25-də “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzaladı. Düşünürəm ki, bu vacib dövlət sənədi həm mətbuatımızın ictimai fikir tariximizdəki roluna verilən böyük dəyərin nümunəsi, həm mediamızın müasir missiyasına həssas yanaşmanın, həm də müstəqillik dövründə milli mətbuatımızın yubileylərinin keçirilməsi ənənəsinə sadiqliyin göstəricisidir. O da məlumdur ki, Prezident Sərəncamında yubiley tədbirlərinin təşkili nəzərdə tutulur. Sənəddə Mətbuat Şurasının da adı çəkilir. Hesab edirik ki, bu, Şuranın fəaliyyətinə verilən ali dəyərdir. Belə bir dəyərə görə dövlətimizin başçısına təşəkkürümüzü bildiririk. Eyni zamanda, onu da deyim ki, Mətbuat Şurası üzərinə düşən vəzifələrin icrasına tam hazırdır. Bu məqam Şuranın İdarə Heyətinin aprelin 29-da keçirilmiş iclasında da vurğulandı. O ki qaldı sualınızın ikinci hissəsinə, fikrimcə, söhbət Azərbaycan mediasının ictimai həyata təsir imkanlarını artırmaqdan gedir. Əlbəttə, məsələyə geniş yanaşılmalıdır. Hazırda dövlətimizin medianın cəmiyyət üçün prioritet sayılan mövzular üzrə istiqamətləndirilməsini həyata keçirir. Yəni, müxtəlif media vasitələrinin bununla əlaqədar layihələri maliyyələşdirilir. Ayrıca jurnalist yaradıcılığı da stimullaşdırılmaqdadır. Təbii, mediamızın və jurnalistlərimizin beynəlxalq media məkanına inteqrasiyası güclənməlidir. Bununla bağlı konkret hədəflərin müəyyənləşdirilməsinə ehtiyac var. Nəzərə almalıyıq ki, Azərbaycanın siyasi, hərbi və iqtisadi qüdrəti artdıqca, əleyhidarlarımızın, inkişafımızı gözü götürməyən qüvvələrin sayı da genişlənir. Onlar qarayaxma kampaniyasını gücləndirir, həqiqətləri, reallığı təhrif yolu tutur, ölkəmizlə bağlı mənfi rəy yaratmaq yönümlü fəaliyyətlərini intensivləşdirirlər. Bu sayaq meyillərlə mübarizədə mütəşəkkil mübarizə son dərəcə vacibdir. Sizcə, müasir texnologiya və sosial media mətbuatın inkişafına necə təsir edir? Biz ənənəvi mediadan çoxmu uzaqdayıq?Ümumən, cəmiyyətlərin daha çox informasiyalaşması müsbət haldır. Yəni, insanlar nə qədər çox informasiya alətləri əldə etsələr, bir o qədər azadlıq parametrləri genişlənər. Amma biz durumun ziyanlı tərəflərini görürük. Bəlkə bu, dövrün xüsusiyyətidir və zamanla belə xoşagəlməz hallar aradan qalxacaq. Hər bir halda, mənfi tendensiyalara qarşı mübarizə tədbirlərinin reallaşdırılması mütləqdir. Müasir texnologiyaların informasiya məkanına təsirinin artdığı və sosial media alətlərinin genişləndiyi hazırkı şəraitdə yeniliklərin neqativ təzahürlərindən uzaq dayanmağı bacarmaq lazımdır. Bunun üçünsə medianın fərqi, daha doğrusu, üstünlüyü ortaya qoyulmalıdır. Məsələn, adi bir vətəndaş sosial mediadan aldığı hansısa informasiyanı dəqiqləşdirməyi düşünməlidir. Başqa sözlə desəm, vətəndaşlarımız sosial mediada paylaşılan hansısa bilgini şübhələndirməyi bacarmalı, dərhal qənaətə gəlməməli, peşəkar mediaya üz tutmalıdır. Bu isə etimaddan asılıdır. Hesab edirəm ki, media orqanlarımız nə qədər çox inam və etimad qazansalar, onların cəmiyyət həyatındakı çəkisi bir o qədər artar. Belə olduqda sosial şəbəkələr vasitəsilə dezinformasiya və zərərli bilgi yayanlar cəmiyyəti yanlış yönləndirmək güclərinin olmadığını dərk edib geri çəkiləcəklər. Onu da deyim ki, belə bir durumun yaranması təkcə informasiya yayıcısı kimi, medianın aktiv fəaliyyəti ilə mümkün deyil. Gərək informasiya daşıyıcıları olan ilk mənbə sahibləri də məsuliyyətlərini dərk etsinlər. Anlasınlar ki, əgər hansısa məsələ ilə bağlı mediaya zamanında informasiya verilmirsə, yaxud ümumiyyətlə susqun mövqe tutulursa, bu, yekunda yalan bilgilərin tirajlanması vəziyyətini doğuracaq. Yəni, insanların dəqiq informasiya ilə təminatı prosesi təktərəfli deyil. Sualınızın digər hissəsi ilə əlaqədar onu deyə bilərəm ki, məsələni birbaşa ənənəvi mediadan uzaqlıq şəklində qoymaq istəməzdim. Dövr və zaman dəyişirsə, ona uyğun adekvat fəaliyyət də mütləqdir. Qalır o fəaliyyəti peşəkarlıqla uzlaşdırmaq. Fikrimcə, bu gün peşəkar media orqanlarımız var. Hazırda dünyada Azərbaycan mediasına Cənubi Qafqazla bağlı başlıca informasiya mənbəyi kimi yanaşılırsa, deməli, mövcud istiqamətdə irəliləyiş əldə edə bilmişik. Əlbəttə, irəliləyişləri daha da dərinləşdirməli və strateji hədəf halına gətirməliyik. Həm də ona görə ki, dəyişən reallıqlar informasiya amilinə stratejilik qazandırıb. Bu gün informasiya təhlükəsizliyi dövlətlərin ümumi təhlükəsizliklərinin mühüm komponenti kimi çıxış edir. Tutalım, hərbi sahə ilə bağlı bəlli fəaliyyət platformamız varsa, informasiya ilə bağlı da eyni sistematiklik əsas götürülməlidir. Mətbuatın 150 illiyi haqqında danışarkən, jurnalistikanın etik dəyərlərinin qorunması və mətbuatın ictimai məsələlərə xidmət məsələlərinə necə yanaşırsınız? Hesab edirəm ki, etik dəyərlərin qorunmasına və mətbuatın cəmiyyətə xidmət paradiqmasına münasibət yalnız mətbuatın 150 illiyi, yaxud da digər əlamətdar günlər müstəvisində yada düşməməlidir. Hər iki cəhət ümumilikdə medianın gündəmini təşkil etməlidir. Bəs nə üçün yubiley ilində bu dəyərlər yada düşür? Fikrimcə, cavab çox sadədir. Çünki 150 il əvvəl əsası qoyulmuş milli mətbuatımız ictimai maraqların qorunması platforması olaraq təşəkkür tapmış və bu baxımdan ənənə formalaşdırmışdı. “Əkinçi”dən sonra yaranmış milli nəşrlərimiz etik prinsiplər çərçivəsindəki fəaliyyəti ictimai maraqların qorunmasında başlıca silaha çevirmişdilər və bu cəhət onlara insanlar arasında populyarlıq qazandırmışdı. Populyarlıq isə bütövlükdə mətbu sözün ideoloji strukturunun formalaşmasına təsirini göstərmişdi. Nəticə etibarilə məhz peşə prinsiplərinə sadiq mətbuat sonda Azərbaycan Xalq Cümhuriyyətinin məfkurə bazasının yaranmasında müstəsna rol oynamışdı. Yəni, jurnalist peşəkarlığı yekunda böyük amalımız naminə faydalı alətə çevrilmişdi. Biz “Əkinçi” ənənələrinə sadiqlik və keçmişin təcrübəsini yaddan çıxarmamalıyıq. Ona görə də bu gün jurnalistikanın və medianın işi ilk növbədə ictimai maraq və mənafelərin qorunması olmalıdır. Nəzərə alaq ki, dövlətimiz də öz işini cəmiyyətdən alan mesajlarla qurur. Deməli, medianın fəaliyyəti həm də dövlətçiliyə xidmətə köklənməlidir.

Gülbəniz Hüseynli / Metbuat.az

Seçilən
0
metbuat.az

1Mənbələr