"Azərbaycan üçün alça mövsümi əsasən aprel ayının sonundan başlayır. Demək olar ki, iyun ayının əvvəlinə kimi, hətta bəzi bölgələrdə iyul ayının əvvəlinə kimi yetişir. Ən çox erkən yetişənlər isə cənub bölgəsində, hansı ki Lənkəran, Masallıda alça daha erkən yetişir". Bu sözləri SİA-ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.
Onun sözlərinə görə, alçanın ən bol olan vaxtı isə may ayıdır ki, həmin ayda alçaların qiyməti daha normal olmalıdır: "Çünki artıq təbii öz mövsümündə yetişir və belə olan halda bölgələrdən yetərli qədər gətirilən alçalar satışda olur ki, bu da onun bol olduğuna görə qiymətlərinin daha münasib olmasını göstərir.
Xüsusilə alçanın tərkibində ki, C vitaminin çox olması, eləcə də lifli qida olması, antioksidant maddələrlə zəngin olması, onun faydalarını daha da çoxaldır. Çünki C vitamini çox olduğuna görə immun sistemini gücləndirir. Antioksidant təsiri olduğuna görə, sərbəst radikallarla mübarizə apararaq hüceyrə zədələnməsinin qarşısını alır. Eyni zamanda da xərçəng xəstəliyinin yaranmaq riskini azaltmaqla yanaşı, xərçəngin müalicəsində də vitamin qaynağı olaraq istifadə olunur. C vitamini bol olduğuna görə orqanizmdə kollegen sintezinidə yaxşılaşdırır. Bu da dərinin cavan qalmasına gətirib çıxarır.
Mütəxəssis qeyd edir ki, alça lifli qida olduğuna görə bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır: "Həddindən artıq çox istifadə etdikdə, xüsusilədə bağırsaqların funksiyasını poza bilər. Lifli qida olan alça çox istifadə edildikdə ishala gətirib çıxarır. Alçada C vitamini çox olduğuna görə, acqarnına çox qəbul edildikdə mədə turşuluğunu artıra bilər".