“Azərbaycanda son illər ərzində aşpazlıq sənətində əhəmiyyətli inkişaf müşahidə olunur. Bu inkişaf bir neçə əsas faktorla, yəni artan turizm axını, milli mətbəxə olan marağın güclənməsi, kulinariya təhsilinin genişlənməsi, beynəlxalq trendlərə uyğunlaşma və yerli məhsullardan daha geniş istifadə ilə bağlıdır”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında qida məsələləri üzrə ekspert Fərid Səfərov səsləndirib:
“Turizmin inkişafı ölkədə restoranların açılmasına və qastronomik xidmətlərin keyfiyyətinin yüksəlməsinə səbəb olub. Yerli və xarici turistlərin marağını cəlb edən məkanlar aşpazların daha yaradıcı və fərqli yeməklər təqdim etməsinə şərait yaradır.
Eyni zamanda, Azərbaycanın zəngin milli mətbəxi plov, dolma, qutab, kabab kimi yeməklər həm ölkə daxilində, həm də xaricdə geniş maraq doğurur. Bu tendensiya yerli aşpazlar və restoran sahibləri üçün öz bacarıqlarını tanıtmaq və mətbəximizi dünyaya təqdim etmək baxımından əlavə imkanlar yaradır.
Aşpazlıq təhsilinə maraq da artıb. Son illərdə bir sıra kulinariya məktəbləri və kurslar fəaliyyətə başlayıb. Bu isə gənclərə peşəkar təhsil almaq və bacarıqlarını inkişaf etdirmək imkanı verir. Eyni zamanda, restoran və otellər də personalını mütəmadi olaraq təlimləndirir”.
Ekspert qeyd edir ki, müasir aşpazlar dünya qastronomiyasındakı yenilikləri izləyərək yeni texnologiyalardan istifadə edir və müasir yemək təqdimatlarına üstünlük verirlər. Bu Azərbaycan mətbəxinin müasirləşməsinə və beynəlxalq səviyyədə tanınmasına zəmin yaradır.
Son olaraq, yerli və mövsümi məhsullara olan marağın artması diqqət çəkir. Aşpazlar kənd təsərrüfatı məhsullarından daha geniş şəkildə istifadə edərək həm daha keyfiyyətli, həm də dadlı yeməklər hazırlayırlar.
Hazırda Azərbaycanda aşpazlıq gəlirli sahəyə çevrilib. Peşəkarlıq səviyyəsinə uyğun olaraq, bu sahədə aylıq qazanc 800 manatdan başlayaraq 10.000 manata qədər yüksələ bilir”.
Mütəxəssis hesab edir ki, peşəyə sevgi, yaradıcılıq və davamlı inkişaf bu sahədə uğurun əsas açarlarıdır”.
Aynurə İsmayıl
KONKRET.az