BAKI, TurkicWorld
"Akkuyu ilə enerji sahəsində fərqli bir liqaya yüksəldik."
TurkicWorld xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştepe Konqres və Mədəniyyət Mərkəzində keçirilən 2024 Bərpa Olunan Enerji İnvestisiyalarının Kütləvi Açılış Mərasimində çıxış edib.
O, Türkiyənin enerji sektorunda böyük sıçrayış etdiyini bildirib və Akkuyu Atom Elektrik Stansiyası ilə ölkəsinin enerji sahəsində yeni mərhələyə keçdiyini vurğulayıb.
Prezident enerji təchizatı təhlükəsizliyinin bütün dünya ölkələri üçün həyati əhəmiyyət daşıdığını qeyd edərək, artan enerji tələbatının ətraf mühitə təsirləri və resursların tükənməsi kimi qlobal problemlərə diqqət çəkib. Ərdoğan əlavə edib ki, Türkiyə enerji sahəsində rəqabət prizmasından deyil, "birlikdə qazanmaq" prinsipi ilə yanaşır.
Ərdoğan bildirib ki, 2035-ci ilə qədər ölkənin enerji tələbatının 50 faiz artacağı proqnozlaşdırılır və bu istiqamətdə bərpa olunan enerji əsas prioritetlərdən biridir. Hazırda Türkiyə bərpa olunan enerji üzrə Avropada 5-ci, dünyada isə 11-ci yeri tutur. Ölkədə günəş enerjisi gücü 21 min 803 meqavata çatıb, külək və günəş enerjisi üçün isə ümumilikdə 120 min meqavatlıq hədəf müəyyən edilib.
Ərdoğan ölkənin yaşıl enerji infrastrukturu qurduğunu, 2035-ci ilə qədər dənizdə 5 min meqavatlıq külək enerjisi potensialına çatmağı hədəflədiklərini və bu sahəyə 80 milyard dollar sərmayə yatırılacağını da açıqlayıb. Hazırda sektorda 500 istehsalçı fəaliyyət göstərir və 50 min nəfər bu sahədə çalışır.
Qeyd edək ki, Prezident Ərdoğan çıxışında enerji sektorunda icra edilən layihələrin sadələşdirilməsi üçün yeni qanun təkliflərinin hazırlandığını və bu təkliflərin tezliklə parlamentə təqdim olunacağını bildirib. Eyni zamanda, o, müxalifətin bu sahəyə lazımi diqqət göstərmədiyini və Türkiyənin enerji gündəminə uyğun gəlmədiyini qeyd edib.