“Ermənistanın vaxtilə torpaqlarımızı işğal edərkən və işğalda saxladığı müddətdə törətdiyi cinayətlər hələ də aşkar olunmaqdadır”.
Bunu deputat Tural Gəncəliyev Bakıvaxtı.az-a açıqlamasında deyib.
Deputatın sözlərinə görə, işğaldan azad edilmiş ərazilərimizdə quruculuq-bərpa işləri davam etdikcə kütləvi insan məzarlıqları üzə çıxır:
"4 minə yaxın Azərbaycan vətəndaşı haqqında Ermənistan tərəfi hələ də heç bir məlumat verməyib. Yeni-yeni aşkarlanan kütləvi məzarlıqlar göstərir ki, vaxtilə erməni silahlıları tərəfindən əsir və girov götürülmüş azərbaycanlılar qətlə yetirilib, kütləvi şəkildə basdırılıb. Ermənistan buna görə, beynəlxalq hüququn ən ağır cinayətlər kateqoriyası olan sülh və bəşəriyyət əleyhinə cinayətlər törətməkdə təqsirkardır”.
T.Gəncəliyev bildirib ki, bu cinayətləri törədən bəzi şəxslər Azərbaycanda keçirilən şəffaf, ədalətli məhkəmə qarşısında cavab verirlər. Buna baxmayaraq, Ermənistanın keçmiş rəhbərləri, konkret desək, Robert Köçəryan, Serj Sarkisyan kimi cəlladlar hələ də azadlıqda gəzirlər. Onlar anlamalıdırlar ki, istər Birinci Dünya müharibəsi, istərsə də İkinci Dünya müharibəsindən sonra beynəlxalq hüquq qarşısında konkret fərdi məsuliyyət də müəyyənləşib.
Tural Gəncəliyev, deputat
Müsahibimiz qeyd edib ki, Ermənistan işğalçı dövlət kimi də məsuliyyət daşıyır. Ancaq dövlətin özü konkret şəxslərdən, fərdlərdən ibarətdir:
"Məsələn, Birinci Dünya müharibəsindən sonra alman kayzeri fərdi məsuliyyət qismində beynəlxalq məhkəmə qarşısına çıxarılması üçün sorğu göndərilmişdi. Amma kayzer Niderlan krallığına qaçmışdı. İkinci Dünya mübaribəsindən sonra Nyunberq tribunalı oldu. Yaponiya üzrə tribunal təşkil edildi. Bütün bu tribunallar məhz sülh və bəşəriyyət əleyhinə çalışmış, insanları kütləvi qətlə yetirmiş keçmiş dövlət başçıları, generallar üçün qurulmuşdu. 1990-cı illərdə keçmiş Yuqoslaviyada, Bosniya-Hersoqovinada, Ruanda da böyük genosidlər baş vermişdi. Yəni beynəlxalq hüquqa baxsaq, konkret şəxslərin fərdi cinayət məsuliyyətinə cəlb edilməsi halları mövcuddur. Ermənistan üçün də bu, keçərlidir. Hazırda Bakıda keçirilən məhkəmə prosesi beynəlxalq hüququn təcəssümü, ədalətin bərpasıdır".
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə sayca 25-ci kütləvi məzarlıq aşkarlanıb. Kütləvi məzarlıqların hər biri Dövlət Komissiyası tərəfindən, həmçinin Baş Prokurorluğun müstəntiqləri tərəfindən qeydiyyata alınır, faktlar sənədləşdirilir.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib ki, aprel ayında aparılmış qazıntılar zamanı iki kütləvi məzarlıq aşkarlanıb. Kütləvi məzarlıqlardan biri Şuşa şəhərinin yaxınlığında - Şuşa-Xankəndi yolu ilə Şuşa-Laçın yolunun birləşməsində aşkarlanıb. Həmin ərazidə ən azı 5 itkin şəxsə aid olan meyit qalıqları aşkarlanaraq götürülüb.
E.Səmədov bildirib ki, Əsgəran-Xocalı yolunun üzərində aşkarlanan kütləvi məzarlıqda isə azı 7 itkin şəxsə aid meyit qalıqlarının olduğu ehtimal edilir. Meyit qalıqları əsasən mülki şəxslərə aiddir. Qeyri-ənənəvi dəfn üsulları müşahidə olunub:
“Hazırda Ermənistanın törətdiyi yeni cinayət faktı ilə üz-üzəyik. Ermənistan Xocalı soyqırımı ilə bağlı məsələlərə uzun illər özünəməxsus yanaşma nümayiş etdirib. Hətta onların uydurmasına görə, mülki əhali şəhəri tərk edərkən dəhliz verilib. Bu gün yol kənarında tapılan bu fakt göstərir ki, heç bir humanitar dəhlizdən söhbət gedə bilməz, mülki şəxslər burada bilərəkdən qətlə yetirilib və kütləvi şəkildə basdırılıblar. Beynəlxalq humanitar hüquq normalarına, Azərbaycanın da, Ermənistanın da qoşulduğu Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən, mülki insanların girov götürülməsi, ümumiyyətlə, qadağandır. Bu fakt isə göstərir ki, insanlar nəinki girov götürülüb, hətta beynəlxalq humanitar hüquq normalarına zidd olaraq işgəncələrlə qətlə yetirilib və burada kütləvi şəkildə basdırılıblar".
Qeyd edək ki, ölkəmizə qarşı hərbi təcavüz nəticəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması ilə bağlı beynəlxalq təşkilatların vasitəçiliyi ilə dəfələrlə Ermənistana sorğular verilib. İtkin şəxslərin taleyi ilə bağlı məlumatların verilməsi tələb olunub. Ermənistan tərəfi bu gün də faktları gizlətməyə davam edir.
Aydın Baxış