AZ

Analitik: Ermənistan anklavları Azərbaycana verməyə məcburdur

Tavuş vilayətində olan anklav kəndlərimizin qaytarılması istiqamətində daha bir addım atılıb. Bu barədə erməni mediası Tavuş vilayətindən olan jurnalist Voskan Sərkisyana istinadla məlumat yayıb. Bildirilib ki, mayın 5-də Tavuş qubernatoru Ayk Qalumyan Ermənistan hökumətinin 23 aprel 2025-ci il tarixli 474-N saylı Qərarı ilə ayrılmış vəsait hesabına vətəndaşlara daşınmaz əmlaka görə kompensasiyaların ödənilməsi üçün komissiyanın yaradılması haqqında qərar qəbul edib: “Qubernator özünü həmin komitənin sədri, Tavuş vilayəti administrasiyasından beş məmuru isə üzv təyin edib. Bəs hökumətin 23 aprel 2025-ci il tarixli 474-N saylı qərarında nə deyilir? Bununla hökumətin “Ermənistan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrasını təmin etmək tədbirləri haqqında” 27 dekabr 2024-cü il tarixli qərarın əlavəsinə əlavə və dəyişikliklər edilib. Həmin qərarın 2-ci bəndi məxfidir. Bunun bir mənası ola bilər: 2025-ci ilin dövlət büdcəsinə dəyişikliklər edilib ki, Tavuş vilayətindən Azərbaycana verilən ərazilərin sahiblərinə pul kompensasiyası verilsin”. Vurğulanıb ki, SSRİ dövründə Azərbaycanın anklavı olmuş, “əvvəllər azərbaycanlılar yaşayan” Sofulu, Bərxudarlu, Yuxarı Əskipara kəndləri qaytarıldıqdan sonra bu kəndlərə yollar çəkiləcək, kompensasiya da o yollara görədir. Sərkisyan yazıb ki, təsadüfi deyil ki, son vaxtlar stansiyanın yaxınlığında erməni hərbçiləri əraziləri minalardan təmizləyir və aşkar edilən minalar partladılır. 

Siyasi şərhçi Səxavət Məmməd Sherg.az-a açıqlamasında deyib ki, Ermənistan 10 noyabr bəyanatı ilə bağlı öhdəliklər götürmüşdü və 8 kənd məsələsi də var idi:

“Onlardan yeddisi Qazaxın, biri də Naxçıvanın Kərki kəndidir. Qazax istiqamətində kəndlərin dördü qaytarıldı, amma hələ də 3 kənd və Kərki yerində qalmaqdadır. Ermənistan tərəfi də əslində bilir ki, o kəndlər Azərbaycana məxsusdur və geri qaytarmaq lazımdır. Digər tərəfdən indiki mərhələdə Azərbaycanla Ermənistan arasında nə qədər atəşkəs reji Ermənistan tərəfindən pozulur. Azərbaycan tərəfi isə buna adekvat reaksiyalar verir. Bundan əlavə, Azərbaycan tərəfinin mövqeyi ondan ibarət idi ki, əgər Ermənistan bu formada davam edərsə, Azərbaycan Ermənistana ciddi şəkildə cavab verəcək. Bu cavab isə təbii ki, təkcə siyasi deyil, həm də hərbi cavab olacaq idi. Ermənistan tərəfi baş verənlərin hamısının fərqindədir. Onlar anlayır ki, Azərbaycan necə addım ata bilər. Ona görə də Ermənistan həmin kəndləri Azərbaycana verməyə məcburdur. Kəndlərlə bağlı məsələlər onların problemidir, və  kompensasiyanı da Ermənistan tərəfi ödəməlidir”.

Ekspert qeyd edib ki, Paşinyan hakimiyyəti Ermənistan daxilində də vəziyyətin kifayət qədər gərgin olduğunu görür:
“Paşinyan hakimiyyətinin üzərinə çox gəlinir. Ona görə də indiki mərhələdə Paşinyan cəhd göstərir ki, bu məsələni bitirsin və Azərbaycanla normallaşmanını yaradaraq təzyiqləri azaltmağa çalışır. Ermənistanın üzərinə  götürdüklərini öhdəlikləri yerinə yetirəcəyi ilə bağlı indidən fikir söyləmək çətindir. Çünki Ermənistanda həm revanşist qüvvələr ciddi şəkildə aktivləşib, həm də  Qarabağdan köçənlər konkret olaraq fəallaşıblar. Bunların hamısı da Paşinyan hakimiyyətini hədəf götürüblər. İndiki mərhələdə onların ciddi təzyiqlərinin şahidi olacağıq. Ermənistan hökumət müsbət mesaj verərək Azərbaycanla münasibətləri yaxşılaşdırmaq yolunda adımlar atmaq istəyir. Azərbaycan da Ermənistanın bu adımlarından sonra yumşalmaya gedə bilər. Amma prosesləri indidən tam təhlil etmək çətindir. Ermənistan sözügedən kəndləri Azərbaycana qaytarmaqla bağlı səy göstərəcək. Lakin bununla bağlı Paşinyana daxildən və xaricdən ciddi təzyiqlər var”.
Seçilən
0
sherg.az

1Mənbələr