AZ

“WorldSkills Azerbaijan” yarışına qeydiyyat davam edir

1 may tarixindən etibarən Peşə Təhsili üzrə Dövlət Agentliyi və “WorldSkills Azerbaijan” İctimai Birliyi ilə birgə əməkdaşlığı çərçivəsində Veb texnologiyaları üzrə milli yarışa qeydiyyat elan olunub. 

Agentlikdən TƏHSİL.BİZ -ə bildirilib ki, yarış Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək.

Yarışda iştirak etmək istəyən şəxslər 15 may 2025-ci il tarixinədək keçidə daxil olaraq müraciət edə bilərlər. Müraciət hüququna 16–21 yaş aralığında olan şəxslər malikdir.

Bu yarış, peşə bacarıqlarını nümayiş etdirmək və beynəlxalq səviyyədə Azərbaycanı təmsil etmək istəyən istedadlı gənclər üçün əhəmiyyətli bir platformadır.Yarışın qalibi 2025-ci ilin sonundaTayvanda baş tutacaq  “WorldSkills Asia Taipei 2025” yarışında ölkəmizi təmsil etmək hüququ qazanacaq. Eyni zamanda, qalib şəxsin adı 2026-cı ildə Çinin Şanxay şəhərində keçiriləcək və 85-dən çox ölkənin qatılacağı “WorldSkills Shanghai” yarışında iştirak üçün potensial namizədlər siyahısına daxil edilə bilər.

Xatırladaq ki, “WorldSkills Azerbaijan” platformasının əsası 2020-ci ilin oktyabr ayında Azərbaycanın “WorldSkills International” təşkilatına  85-ci üzv kimi qəbulu ilə qoyulmuşdur. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır. 

 

 

Seçilən
0
2
tehsil.biz

3Mənbələr