“Rabat Mədəni İrsin Qorunması Fondu, Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Qardaşlaşmış proqram” vasitəsilə qlobal vətəndaşlığı və qarşılıqlı anlayışı təşviq etmək istiqamətində birgə öhdəliyi əks etdirir”.
TƏHSİL.BİZ xəbər verir ki, bu fikirləri bu gün elm və təhsil naziri Emin Əmrullayev 132–134 nömrəli Təhsil Kompleksində Mərakeş Krallığının Şahzadəsi Lalla Hasnaanın Azərbaycana işgüzar səfəri çərçivəsində təşkil olunan tədbirdə səsləndirib.
Nazir bildirib ki, pilot layihə 132–134 nömrəli Təhsil Kompleksində həyata keçiriləcək, lakin proqram ümumilikdə Bakının beş və Rabatın beş məktəbini bir araya gətirəcək:
“Onlar birgə öyrənmə təcrübələri, mədəni araşdırmalar və şagird təşəbbüsləri vasitəsilə əlaqələndiriləcək. Bu təşəbbüs gəncləri öz mədəni irslərini araşdırmağa, qorumağa və qeyd etməyə ruhlandırır, eyni zamanda şəhərlərarası körpü rolunu oynayır”.
Nazir əlavə edib ki, 2025–2026-cı tədris ili ərzində bu qardaşlaşmış məktəblər “Mirasını kəşf et” adlı təhsil proqramında iştirak edəcəklər. Proqram dörd əsas komponent ətrafında formalaşdırılıb.
Həmin komponentlər haqda ətraflı məlumat verən Emin Əmrullayev qeyd edib ki, irs formalarının öyrənilməsi və təqdimatı komponenti üzrə şagirdlər öz memarlıq, ədəbiyyat və ənənəvi sənət nümunələrini araşdırıb təqdim edəcəklər. Poeziya vasitəsilə irsin ifadəsi üzrə öz duyğu və düşüncələrini şeirə çevirərək mədəni irsin poetik təsvirini hazırlayacaqlar. İncəsənət vasitəsilə irsin yenidən yaradılması komponenti üzrə rəsm, heykəl və digər incəsənət növlərində intellektual və estetik yanaşmalar tətbiq ediləcək. Məsuliyyətli turizm mövzusunda esse yazılması üzrə isə şagirdlər yerli turizm məkanlarının tarixini, ekologiyasını və sosial-mədəni kontekstini təhlil edərək esse hazırlayacaqlar.
Emin Əmrullayev qeyd edib ki, bu fəaliyyətlər tənqidi düşüncə, yaradıcılıq və qlobal şüurun inkişafına, eyni zamanda Rəbatdan Bakıya qədər şagirdlər arasında mədəni dialoqun güclənməsinə xidmət edəcək.