AZ

Pakistan ordusu Hindistana qarşı tam hazırdır

BAKI, TurkicWorld

Pakistan Hindistanın hücumuna cavab verib.

TurkicWorld xəbər verir ki, Hindistanın son hərbi hücumlarına cavab olaraq Pakistan hökuməti Silahlı Qüvvələrə lazımi tədbirlər görmək üçün tam səlahiyyət verildiyini bəyan edib.

Hücumlar nəticəsində Pakistan tərəfdən 26 nəfər ölüb, 46 nəfər yaralanıb. Hindistan isə ən azı 8 mülki şəxsin öldüyünü, 29 nəfərin yaralandığını açıqlayıb.

Hindistan ordusu Pakistan və Azad Kəşmir bölgəsindəki “terror düşərgələrini” hədəfə aldıqlarını bildirib. Cavab olaraq Pakistan ordusu 5 Hindistan döyüş təyyarəsi və 1 pilotsuz aparatı vurduğunu açıqlayıb.

Pakistanın Milli Təhlükəsizlik Şurası Baş Nazir Şahbaz Şərifin rəhbərliyi ilə fövqəladə iclas keçirib. Açıqlamada Hindistanın bu hücumunun BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, Pakistanın özünümüdafiə hüququnu tanıdığı və bu hücumların beynəlxalq hüquqa görə açıq müharibə aktı olduğu bildirilib.

Pakistan tərəfi mülki ərazilərin, o cümlədən məscidlərin və mülki infrastrukturun hədəf alındığını və bunun nəticəsində qadınlar və uşaqlar daxil olmaqla dinc sakinlərin həyatını itirdiyini vurğulayıb. Hücumların Körfəz ölkələrinə məxsus kommersiya hava yollarını da təhlükə altında qoyduğu qeyd edilib.

Qeyd edək ki, Hindistan bu addımı aprelin 22-də Kəşmirin Pahalgam bölgəsində baş verən və 26 nəfərin həyatını itirdiyi terror aktına cavab olaraq atdığını açıqlayıb. Hindistan “Müqavimət Cəbhəsi (TRF)” və “Ceyşi Məhəmməd” qruplaşmalarının bu hücumla əlaqəli olduğunu iddia edir.

Pakistan isə bu iddiaları rədd edərək, həmin bölgələrdə heç bir terror düşərgəsinin mövcud olmadığını bildirib və beynəlxalq media nümayəndələrinin hadisə yerlərinə baş çəkməsi üçün şəffaf araşdırma təklifi irəli sürdüyünü vurğulayıb.

Seçilən
0
turkic.world

1Mənbələr