Bakı, 7 may, AZƏRTAC
Kubokun finalında sürprizlə qarşılaşa bilərik. Bəzən zəif hesab etdiyiniz komanda güclünü üstələyir. Bu cür matçlarda atmosfer tamamilə fərqli olur. Ona görə də hər iki tərəf üçün çətin görüş olacaq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Rauf Əliyev ölkə kubokunun final mərhələsində üz-üzə gələcək “Qarabağ” və “Sabah” komandalarının şanslarını dəyərləndirərkən deyib.
Hazırda “Qarabağ”ın U-15 komandasının baş məşqçisi olan 36 yaşlı mütəxəssis bir vaxtlar formasını geyindiyi Ağdam klubunu cütün favoriti hesab etdiyini söyləyib: “Bu gün komandaların heyətinə və oyununa baxsaq, “Qarabağ”ın daha üstün olduğunu deyə bilərik. Komandamız Premyer Liqada çempionluğu rəsmiləşdirdiyi üçün bütün fikrini kubok matçına yönəldib. “Sabah” kuboku qazanmasa, bu onların işlərini çətinləşdirə bilər. Çünki kubok avrokuboklarda iştirak üçün yeganə şansdır. Final bir qarşılaşmadan ibarət olduğu üçün hər iki kollektiv oyuna çox ciddi yanaşacaq”.
Qeyd edək ki, may ayının 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan Kubokunun final oyunu saat 19:00-da start götürəcək.