Paşinyan Moskvada keçiriləcək 9 May paradında iştirak edəcək.
KONKRET.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu il 9 May – Qələbə Günü münasibətilə Moskvada keçiriləcək hərbi paradda iştirak edəcəyini rəsmən təsdiqləyib. Bu barədə məlumatı erməni KİV-ləri yayıb.
Paşinyanın Kremlə bu səfəri, xüsusilə də Ukrayna müharibəsi fonunda Qərbin Rusiyaya qarşı sərtləşən sanksiya siyasətinə baxmayaraq baş tutacaq. Analitiklər bu addımı Ermənistanın balanslı xarici siyasətində yeni bir dönüş kimi qiymətləndirirlər. Belə ki, Ermənistan son illər Avropa İttifaqı və ABŞ-la münasibətləri intensivləşdirməyə çalışsa da, Rusiya ilə tarixi və hərbi müttəfiqliyi hələ də davam edir.
Paşinyanın parad iştirakına razılıq verməsi həm də son dövrlər Ermənistan-Rusiya münasibətlərində yaşanan gərginliyə zidd bir jest kimi qiymətləndirilə bilər. Xatırladaq ki, son aylarda rəsmi İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətləri soyumuş və Paşinyan açıq şəkildə Rusiyanın Ermənistanın təhlükəsizliyinə zəmanət vermədiyini bildirmişdi.
Buna baxmayaraq, 9 May paradında iştirak Paşinyanın Moskva ilə münasibətləri tam kəsmək niyyətində olmadığını göstərən diplomatik siqnal kimi də qəbul oluna bilər. Həmçinin bu addım daxili auditoriya və rusiyameylli siyasi dairələrə də ünvanlanmış ola bilər.
Rusiya prezidenti Vladimir Putinlə Paşinyan arasında mümkün görüşün baş tutub-tutmayacağı hələlik bəlli deyil.
Müşviq Tofiqoğlu,
KONKRET.az