BAKI, 7 may. TELEQRAF
Moskva Şəhər Hərbi Prokurorluğu keçmiş vəkil Elman Paşayevə qarşı irəli sürülmüş cinayət işi üzrə ittiham aktını təsdiqləyib və işi baxılması üçün Donetsk Qarnizon Hərbi Məhkəməsinə göndərib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, Elman Paşayev Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (dələduzluq) və 30-cu maddənin 3-cü hissəsi ilə 159-cu maddənin 4-cü hissəsi (dələduzluğa cəhd) ilə ittiham olunur.
İstintaqın versiyasına əsasən, Paşayev 2024-cü ilin yanvar-may ayları ərzində tanınmış bloqer Yelena Blinovskayanın həyat yoldaşı, sahibkar Aleksey Blinovskidən ümumilikdə 20,1 milyon rubl və 300 min ABŞ dolları alaraq, cütlüyü qanunsuz maliyyə əməliyyatları, vergi ödəməkdən yayınma və cinayət yolu ilə əldə olunmuş gəlirlərin leqallaşdırılması ittihamlarından azad etməyə kömək edəcəyinə dair vəd verib.
Bundan əlavə, 2023-cü ilin iyulundan 2024-cü ilin sentyabrınadək Paşayev, haqqında ayrıca cinayət işi açılmış digər bir şəxslə əvvəlcədən əlbir olaraq, Petrozavodsk sakininə hərbi xidmətə müqavilə ilə qəbul və narkotik vasitələrin satışına görə cinayət məsuliyyətindən azad olunmaq məsələsində kömək vədi verib. Bu məqsədlə 15 milyon rubl tələb olunub, onun 10,5 milyon rublu və təxminən 500 min rubl dəyərində kompüter texnikası Paşayevə verilib.
Cinayət işi hazırda Donetsk Qarnizon Hərbi Məhkəməsinə göndərilib və məhkəmə baxışı gözlənilir.