AZ

“Neftçi”nin basketbolçusu final seriyasında “Sabah”a qarşı keçirdikləri oyunları dəyərləndirib

“Neftçi”nin oyunçusu Kamran Məmmədov Azərbaycan Basketbol Liqasının final seriyasında “Sabah”a qarşı keçirdikləri üç oyunu (1:2) dəyərləndirib.

O, “Report”a açıqlamasında yorğunluğun oyunlarına təsir etdiyini vurğulayıb.

Basketbolçu final seriyasının görüşlərinin maraqlı keçdiyini bildirib:

“Hər matçda təxminən 30 dəqiqə hesabda öndə olduq, sonradan yorğunluq təsir göstərdi. “Sabah”ın ehtiyat oyunçular skamyası daha genişdir. Hər oyun getdikcə daha çətin olur. Amma bunun öhdəsindən gələ biləcəyimizi düşünürəm. Əlimizdən gələni edəcəyik. Seriyanın oyunları çox maraqlı keçir”.

K.Məmmədov seriyanın 4-cü matçında “Neftçi”nin şanslarını dəyərləndirib:

“Əvvəlcədən heç nəyi proqnozlaşdırmaq mümkün deyil. Oynamalı və bacardığımız hər şeyi ortaya qoymalıyıq. Sabahkı oyuna komanda həm fiziki, həm də psixoloji cəhətdən hazır olacaq”.

Qeyd edək ki, “Neftçi” final seriyasının iki matçında rəqibinə uduzub (77:86, 89:94), birində isə qələbə qazanıb - 79:76. Komandalar arasında dördüncü görüş sabah keçiriləcək. Final seriyasında 4 qələbə əldə edən komanda çempion olacaq.

Seçilən
0
report.az

1Mənbələr