London, 7 may, AZƏRTAC
Londonda yerləşən İmperial Kollecində “COP29-dan sonra baxış: Dəyişən dünyada dayanıqlılıq (“Post COP29 Reflections: Sustainability in a Changing World”) adlı tədbir baş tutub.
AZƏRTAC xəbər verir ki, tədbir dövlət proqramı xətti ilə İmperial Kollecində təhsil alan Nərmin Abdullayeva və Kamil Şükürov tərəfindən təşkil olunub.
Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov, COP29 spikeri və iqlim maliyyəsi üzrə ekspert Niki Hutson, İmperial Kollecinin Biznes Məktəbində İqlim Maliyyəsi və İnvestisiya Mərkəzinin rəhbəri professor Maykl Uilkins, həmin məktəbin iqtisadiyyat və biznes üçün strategiya üzrə magistr proqramının direktoru və iqtisadiyyat üzrə dosent Saymon Kuin, həmçinin media və jurnalistika üzrə tədqiqatçı, iqlim ədaləti üzrə ekspert Şuka Bidarian çıxış ediblər.
Səfir Elin Süleymanov çıxışında COP29-un mürəkkəb qlobal geosiyasi kontektsdə baş tutmasına baxmayaraq danışıqların uğurla başa çatdığını vurğulayıb. O, bu uğurun əsasən Azərbaycan Sədrliyinin qətiyyətli səyləri və çoxtərəfliliyə verdiyi əhəmiyyət sayəsində mümkün olduğunu qeyd edib. Səfir COP29-un “maliyyə COP-u” kimi tarixə düşdüyünü bildirərək, əldə olunmuş razılaşmaların yalnız imzalanmaqla deyil, real şəkildə icra edilməsinin qarşıdakı əsas vəzifə olduğunu diqqətə çatdırıb.
Elin Süleymanov, həmçinin coğrafi və mədəni baxımdan Şərqi Avropa, Asiya və Yaxın Şərq arasında körpü rolunu oynayan Azərbaycanın həm də 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlikdən irəli gələn təcrübəsini tətbiq etdiyini deyərək, COP29-un Qlobal Şimal və Qlobal Cənub arasında dialoqu gücləndirən nadir platformaya çevrildiyini və bu kontekstdə aparılan müzakirələrin inklüzivliyi ilə seçildiyini bildirib.
Media və jurnalistika üzrə tədqiqatçı, iqlim ədaləti üzrə ekspert Şuka Bidarian COP tədbirlərinin mediada təqdim olunması ilə bağlı mövcud trendlər və qarşıda duran çağırışlar barədə fikirlərini bölüşüb. COP29 spikeri və iqlim maliyyəsi üzrə ekspert Niki Hutson çıxışında dayanıqlı maliyyə sahəsində yeniliklərdən danışaraq, bərpaolunan enerji, nəqliyyat və kənd təsərrüfatı sektorlarında innovativ maliyyələşdirmə modellərinin önəmini vurğulayıb. İmperial Kollecinin Biznes Məktəbində İqlim Maliyyəsi və İnvestisiya Mərkəzinin rəhbəri professor Maykl Uilkins çıxışında iqlim maliyyəsinin inkişafı, yaşıl investisiyaların cəlb edilməsi və özəl sektorun bu sahədəki roluna toxunub.
Panelin sonunda iştirakçı tələbələr çıxış edən spikerlərə suallar ünvanlayaraq aktiv müzakirəyə qoşulublar.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London