AZ

Maskat sınağı: İran və ABŞ arasında diplomatiyanın son şansı

Mayın 11-də İran və ABŞ arasında danışıqların dördüncü mərhələsi Omanın paytaxtı Maskatda keçiriləcək.

Bu görüş tərəflər arasında illərdir davam edən gərgin münasibətlərin fonunda baş tutur və regionda yeni siyasi düzən ehtimallarını gündəmə gətirir. Lakin bu mərhələdə yekun nəticə barədə konkret fikir söyləmək hələ tezdir. Danışıqların davam etməsi artıq özlüyündə bir irəliləyiş sayılır.

Tehran və Vaşinqton əvvəlki sərt və kompromissiz mövqelərindən qismən geri çəkiliblər.  ABŞ prezidenti Donald Trampın İrana "2 ay vaxt" verdiyi haqda məlumatlar, proseslərə əlavə siyasi təzyiq gətirir. Trampın yenidən siyasi səhnəyə qayıtmaq istəyi fonunda bu danışıqlar onun üçün həm də şəxsi xarakter daşıyır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Tofiq Abbasov bildirib ki, Trampın bu proseslərdəki rolu təkcə İranla məhdudlaşmır. O, paralel olaraq Ukrayna və Rusiya arasında vasitəçilik etməyə çalışır. Eyni zamanda, onun İsrailin Baş naziri Benyamin Netanyahu ilə münasibətlərində soyuqluq yaşadığı bildirilir:

"Bu, Təl-Əvivlə Vaşinqton arasında fikir ayrılıqlarının dərinləşdiyini göstərir. Hazırda Vaşinqtonda elə dairələr var ki, İranla müharibə ehtimalını ön plana çəkməyə çalışır. Ancaq bu ehtimal reallaşarsa, nəticələri Yaxın Şərq üçün fəlakətli ola bilər. İran tərəfi dəfələrlə bəyan edib ki, İsrailin hərbi təhdidlərinə qarşı cavab verməyə tam hazırdır. Tehran rəsmiləri bildirirlər ki, əgər İran vurulsa, cavab zərbəsi ağır olacaq və İsrailin "bir həftəyə yer üzündən silinə biləcəyi" barədə açıq mesajlar verilib. Bu isə onu göstərir ki, regional hərbi eskalasiya ehtimalı danışıqlar uğursuz olarsa, real təhlükəyə çevrilə bilər".

Tofiq Abbasov: Vaşinqtonda elə dairələr var ki, İranla müharibə ehtimalını ön plana çəkməyə çalışır

Onun sözlərinə görə, bununla belə, danışıqlarda müsbət dinamika hiss olunur. Hər iki tərəf müəyyən güzəştlərə meyilli görünür. Tramp isə bu proseslərdə birbaşa məlumatlı olmaq və nəzarəti əldən buraxmamaq istəyir. Onun üçün əsas məqsəd, görünən odur ki, strateji gedişlərdə son sözü özü deməkdir:

"Ən maraqlı məqamlardan biri də odur ki, 2015-ci ildə imzalanmış və Tramp administrasiyası dövründə ləğv edilən Vyana nüvə razılaşmasına qayıdış ehtimalı hələ də gündəmdədir. Əgər Maskat danışıqları müsbət nəticə verərsə, bu sənədə dönüş regional və qlobal təhlükəsizlik üçün yeni imkanlar yarada bilər. Hazırkı vəziyyəti bir cümlə ilə ifadə etsək, "daş qayaya rast gəlib". Amma bu dəfə, həmin daş da, qayaya çevrilən tərəf də danışıqlar masasında oturub. Əgər qarşılıqlı maraqlar düzgün hesablanarsa, qarşıdakı iki ay ərzində İran və ABŞ arasında razılaşma əldə olunması mümkündür. Bu isə regionda yeni bir mərhələnin başlanğıcı ola bilər.

Əli Hüseynov

Seçilən
0
bakivaxti.az

1Mənbələr