AZ

Vuçiçin Moskvaya səfəri yarımçıq qaldı – Prezidentin təyyarəsi Bakıya məcburi eniş etdi

Serbiya Prezidenti Aleksandar Vuçiçin Moskvaya planlaşdırılan səfəri zamanı təhlükəsizlik səbəbləri üzündən təyyarə kursunu dəyişməli olub. Prezidentin hava gəmisi Azərbaycanın paytaxtı Bakıda məcburi eniş edib.

KONKRET.az xəbər verir ki, bu barədə Serbiya KİV-ləri məlumat yayıb. Bildirilir ki, məcburi enişin əsas səbəbi Ukraynada davam edən müharibə və Rusiya hava məkanında artan hərbi fəallıqdır. Belə ki, Vuçiçin istifadə etdiyi hava marşrutu üzərində risklər artdığı üçün ekipaj ən təhlükəsiz variant kimi Heydər Əliyev Beynəlxalq Hava Limanına enməyə qərar verib.

Serbiya prezidentinin Moskvaya səfərinin məqsədi 9 May – Qələbə Günü münasibətilə Rusiya paytaxtında keçiriləcək 80 illik hərbi paradda iştirak etmək idi. Aleksandar Vuçiç, Vladimir Putinin dəvəti ilə Qırmızı meydanda təşkil olunan mərasimdə bir sıra dünya liderləri ilə birlikdə iştirak etməli idi.

Hazırda Vuçiçin Moskvaya səfərinin davam edib-etməyəcəyi və ya tamamilə ləğv olunacağı barədə rəsmi məlumat verilməyib. Serbiya Prezident Administrasiyasından və Azərbaycan rəsmilərindən hadisəyə dair açıqlama gözlənilir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Seçilən
0
konkret.az

1Mənbələr