Sloveniya və Azərbaycan arasında birgə müəssislərin yaradılması üçün informasiya və kommunikasiya texnologiyaları (telekommunikasiya və rəqəmsal həllər daxil olmaqla), bərpa olunan enerji (günəş, külək və kiçik hidroenergetika), əczaçılıq sənayesi və səhiyyə, tikinti və infrastruktur (regionların bərpası və inkişafı daxil olmaqla) ən perspektivli sahələrdir.
Bunu Sloveniyanın İqtisadiyyat, Turizm və İdman Nazirliyinin baş katibi Mitya Blaqanye “Report”a müsahibəsində bildirib.
“Birgə müəssisələrin yaradılması ölkələrimiz arasında gələcək əməkdaşlığın mühüm istiqaməti kimi nəzərdən keçirilir. Belə tərəfdaşlıq ikitərəfli əlaqələri gücləndirməklə yanaşı, həm də tərəflərin bir-birini tamamlayan üstünlüklərindən istifadə edərək üçüncü ölkələrin bazarlarına çıxışı təmin etməyə qadirdir”, - o qeyd edib.
Baş katib xatırladıb ki, Bakıda keçirilən biznes forumda Sloveniyanın Baş nazirinin müavini, xarici və Avropa işləri naziri Tanya Fayon vurğulayıb ki, Sloveniya birgə müəssisələri yeni bazarlara çıxmaq üçün əsas vasitə hesab edir: “Bu mövqe Azərbaycanın xarici işlər naziri tərəfindən dəstəklənib və o, hər iki ölkənin şirkətləri qarşısında açılan strateji imkanları diqqətə çatdırıb. “Kontron” və “BestComp Group” arasında telekommunikasiya həllərinin inkişafına yönəlmiş əməkdaşlıq örnək ola bilər. Bu cür tərəfdaşlıqlar genişləndirilə və regionun digər ölkələrində fəaliyyət üçün uyğunlaşdırıla bilər”
Onun sözlərinə görə, bundan başqa, hər iki ölkə bərpa olunan enerji mənbələri sahəsində layihələrə, o cümlədən günəş və külək enerjisi layihələrinə sərmayə qoyur ki, bunlar da birgə təşəbbüslər vasitəsilə digər bazarlara genişləndirilə bilər.
“Sloveniyanın inkişaf etmiş əczaçılıq sənayesi və Azərbaycanın inkişaf edən səhiyyə sektoru məhsulların birgə istehsalı və qonşu regionlara distribusiyası üçün şərait yaradır”, – M.Blaqanye vurğulayıb.
O əlavə edib ki, xüsusilə Qarabağ və Şərqi Zəngəzur kimi rayonlarda yenidənqurma layihələrində birgə səylər, infrastrukturun inkişafına ehtiyacın olduğu digər ölkələrdə birgə layihələrin həyata keçirilməsi üçün model ola bilər.
“Bundan başqa, Azərbaycan və Sloveniya arasında yaradılmış iqtisadi əməkdaşlıq üzrə birgə işçi qrupu belə layihələrin müəyyənləşdirilməsi və inkişafı üçün platforma rolunu oynayır. Onun vəzifəsi strateji maraqların əlaqələndirilməsi, ekspertiza mübadiləsi və dayanıqlı əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasıdır. Ümumiyyətlə, birgə müəssisələrin yaradılması Sloveniya və Azərbaycan qarşısında ikitərəfli format xaricində iqtisadi mövcudluğu genişləndirmək üçün yeni üfüqlər açır, regional və qlobal bazarlarda mövqeləri gücləndirir”, - baş katib qeyd edib.
Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış ola bilərsiniz.