AZ

Xabi Alonso artıq “Real”la anlaşıb! - bəs nə vaxt “sükan arxasına” keçəcək?

Dünyanın aparıcı idman nəşrlərinin insaydlarına inansaq, “Real”ın 65 yaşlı baş məşqçisi Karlo Ançelotti tezliklə postunu tərk edəcək.

"Football-plus.az" xəbər verir ki, detallar fərqlənsə də, mahiyyət eynidi: tezliklə italiyalı mütəxəssis Madriddən ayrılacaq. İspaniyada artıq onun əvəzedicisinin də adını çəkirlər – Xabi Alonso.

“Real” çoxdan 43 yaşlı ispaniyalının uğurlarını izləyir. Hələ 2024-cü ildə insayder Fabritsio Romano Madrid klubunun Alonsoya marağı və səbəbkarın özünün də “Bayer-04”dən sonra məhz “Real”ı çalışdırmaq arzusu haqda yazmışdı.

Hər şeydən belə görünür ki, artıq bu təyinatın vaxtı yetişib. “Relevo” nəşri xəbər verir ki, tərəflər razılaşmanın astanasındadı və tezliklə final danışıqları başlayacaq. Alonso klublararası dünya çempionatından sonra “ağ şimşəklər”i qəbul edəcək – nə o, nə də “Real” əməkdaşlığa bundan tez başlamaq istəyir. Həmin turnirdə madridlilərə Santyaqo Solari rəhbərlik edəcək. Argentinalı çoxdan “kral klubu”nun sistemindədi və əvvəllər əsas komanda ilə də çalışıb.

Xatırladaq ki, klublararası dünya çempionatı iyunun 15-də başlayacaq və iyulun 13-nə qədər davam edəcək. İnsaydlar gerçəkdisə, Alonso əsas komandada yayın ortasından tez görünməyəcək. “Bayer-04” düşərgəsi Xabini “Real”a buraxmağın əleyhinə deyil. Ancaq həmkarımız Florian Plettenberq onu da iddia edir ki, Leverkuzen klubu 15-20 milyon avro kompensasiya almaq istəyir. Düzdü, almanların idman direktoru Fernando Karro kompensasiya ilə bağlı məqamı təsdiqləməyib:
“Alonso ilə aramızda centlmen razılaşması var: vaxtilə oynadığı komandalardan biri ona “elçi düşərsə”, masa arxasına keçəcək və danışacağıq. Və Xabiyə heç bir maneə yaratmayacağıq”.


“Bayer-04” artıq Alonsoya əvəzedici axtarır. “Sky Sports”un yaydığı xəbərə görə, klub rəhbərliyi “Real Sosyedad”ın sabiq baş məşqçisi İmanol Alquasili dəvət etmək istəyir. Belə görünür ki, “Real” – Alonso – “Bayer-04” üçbucağının bütün tərəfləri yerdəyişməyə razıdı, yalnız son detallar dəqiqləşməlidi.

“Real”ın hazırkı çalışdırıcısı Karlo Ançelottinin də taleyi bəllidi – o, mövsüm bitəndən sonra Braziliya yığmasına rəhbərlik etməyə başlayacaq. Yuxarıda adı çəkilən Romanoya inansaq, italiyalı mütxəssis pentakampeonlarla bütün məsələlərdə razılığa gəlib və iyunun əvvəlində yeni vəzifəni qəbul edəcək. Həmkarımız Luis Sesar Menotti isə iddia edir ki, braziliyalılar hədsiz yüksək maaşla Ançelottiyə 2030-cu ilə qədər müqavilə təklif edib. Yəni italiyalı yeni postda hər mövsüm üçün 10 milyo avro qazanacaq.

“Real” da don Karlo ilə ən gözəl şəkildə vidalaşacaq – madridlilər ona növbəti mövsüm üçün əməkhaqqını ödəyəcək, həmçinin məşqçi karyerasını bitirəndən sonra klubun səfiri olmağı təklif edib.

Hələ ki “Real”ın işləri heç də yaxşı getmir. Madrid nəhəngi Çempionlar Liqasında mübarizəni 1/4 final mərhələsində dayandırıb, ötən şənbə İspaniya kuboku uğrunda oyunda “Barsa”ya uduzub, La Liqada da bu komandadan 4 xal geri qalmaqla 2-ci pillədə qərarlaşıb.
Seçilən
0
football-plus.az

1Mənbələr