“Gürcü arzusu” partiyasına növbəti dəfə İrakli Kobaxidze rəhbərlik edəcək.
Oxuməni.az xəbər verir ki, bu barədə “Newsgeorgia.ge” məlumat yayıb.
Kobaxidzenin namizədliyini partiyanın “Paraqraf” otelində keçirilən siyasi şurası irəli sürüb.
“Gürcü Arzusu”na sədrlik, əlbəttə ki, çox böyük məsuliyyətdir və eyni zamanda, təbii ki, çox böyük şərəfdir və buna görə, göstərdiyiniz dəstəyə, etimada görə mən hər birinizə dərin minnətdarlığımı bildirmək istəyirəm”, - deyə İrakli Kobaxidze bildirib.
Kobaxidze “Gürcü Arzusu”nun qurucusu Bidzina İvanişviliyə “gürcü işini həyata keçirdiyinə” görə təşəkkür edib və həmçinin partiyanın yerli hakimiyyət seçkilərinə hazırlığa başladığını bildirib.
"Yerli hökumət seçkilərinə 5 aydan az vaxt qalıb. Biz artıq seçkilərə hazırlaşmağa başlamışıq və bir neçə həftədən sonra seçki kampaniyamız rəsmən açılacaq. Partiya onuncu, yubiley qələbəsi üçün tam səfərbər olacaq. Gürcüstan xalqının dəstəyi ilə 64 bələdiyyənin hamısında mer və şura seçkilərində qalib gələcəyik,"- Kobaxidze deyib.
“Gürcü Arzusu” partiyasının sədri vəzifəsi İrakli Qaribaşvili partiyadan və siyasətdən getmək qərarına gəldikdən sonra boş qalıb. Qaribaşvili aprelin 25-də müvafiq bəyanatla çıxış edib.
Almaz Həsənli