AZ

Françesko Açerbi avrokuboklarda ilk qolunu vurdu

UEFA Çempionlar Liqasının yarımfinalının “Barselona” ilə cavab oyunu “İnter”in müdafiəçisi Françesko Açerbi üçün əlamətdar olub.

Arena.az xatırladır ki, “Barselona” səfərindən 3:3 hesablı heç-heçə ilə qayıtmış “neradzurri” “Cüzeppe Meatsa”dakı dramataik oyunu 4:3 (əsas vaxt 3:3) hesabı ilə qazanıb.

“İnter” birinci hissədə 2:0 hesablı üstünlüyünü əldən verərək 2:3 hesablı məğlub vəziyyətə düşüb, 90+3-cü dəqiqədə bərabərliyi yaxalayıb, əlavə vaxtın birinci hissəsində isə qələbə qolunu “blauqrana”nın qapısından keçirib.

Təzminat müddətində oyunu əlavə vaxta sürükləyərək, “neradzurri”yə ümid bəxş etmiş həlledici qolun müəllifi isə “İnter”in veteranı, 37 yaşlı italyan mərkəz müdafiəçisi Françesko Açerbi olub. O, “neradzurri”nin niderlandlı müdafiəçisi Denzel Dumfrisin ötürməsini qola çevirib. “Qoca yaşında” “dəlləkliyini” “Barselona”nın başında etmiş Açerbi üçün bu qol avrokuboklar çərçivəsində ilk qolu olub. Necə deyərlər, azdır – sazdır!

Françesko Açerbi futbola “Paviya” klubunda qədəm qoyub. Müdafiəçi, karyerası ərzində əvvəllər “Recina”, “Cenoa”, “Kyevo Verona”, “Milan”, “Sassuolo”, və “Latsio”da çıxış edib.

“İnter” Açerbini 2023-cü ilin iyul ayında “Latsio”dan 4 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda “neradzurri”nin düşərgəsinə qatıb. Açerbinin “İnter”lə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Açerbi “neradzurri”inin heyətində bütün yarışlarda 29 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Açerbinin “İnter”in heyətində çıxışının ümumi mənzərəsi isə 116 oyun, 5 qol və 5 məhsuldar ötürmədən ibarətdir.

Françesko Açerbi 2014-cü ilin noyabr ayında debüt etdiyi İtaliya yığmasının heyətində 34 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib. Françesko “skuadra adzurra” ilə 2021-ci ildə keçirilmiş Avropa Çempionatının (AÇ-2020) qalibi olub.

Françesko Açerbinin qənimətlər muzeyində klub səviyyəsində “İnter”lə İtaliya A Seriyası çempionluğu (2023/2024), “Latsio” (2018/2019) və “İnter”lə (2022/2023) qazandığı İtaliya Kuboku, həmçinin “Latsio” (2019/2020) və “İnter”lə (2022/2023, 2023/2024) qazandığı İtaliya Super Kuboku var.

“Transfermarkt” internet-portalı 37 yaşlı mərkəz müdafiəçisinin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
0
arena.az

1Mənbələr