AZ

Fərid Hacıyev hər iki məşqçini narazı saldı - HAKİMLƏRİN MÜHAKİMƏSİ

5 oyunda 24 sarı vərəqə normaldı. Təsadüfi deyil ki, yalnız “Səbail” sarı vərəqə limitini aşdığına görə cərimə ilə üzləşdi.

“Sumqayıt” – “Neftçi” oyununu nəzərə almasaq, hakim qərarlarıyla bağlı ciddi narazılıq olmadı.

Sabah – Qarabağ, TURAL QURBANOV
Ölkə kubokunun finalçılarının premyer-liqadakı dueli kəşfiyyat xarakteri daşısa da, həm də yetərincə baxımlı alındı. Yetərincə sürətli və dinamik, Qurban Qurbanov demişkən, çempionluq oyununa layiq hərəkətlər izlədik.Elə ədalət təmsilçisi də oyunun gözəlliyinə xələl gətirmək istəmədi. Kiçik səhvlərə göz yumdu, şifahi xəbərdarlıqlara üstünlük verdi. O başqa məsələ ki, qayda pozuntularının çoxluğu sarı vərəqələri, hətta penaltini qaçılmaz etdi. Əlbəttə, Tural Qurbanov cərimə meydançasında Musa Qurbanlını kobud müdaxiləylə yerə sərən Con İrasabalı bağışlaya bilməzdi. Odu ki, hakimim nə penalti qərarını qınamağa ehtiyac var, nə də sarı vərəqələri. Yeri gələndə hakim idarəçiliyindən şikayətlənən Qurban Qurbanovla Vasili Berezutski də razıdısa, deməli, Tural Qurbanov vəzifəsini qüsursuz icra edib.

Sumqayıt – Neftçi, FƏRİD HACIYEV
Görünür, bu dəfə Samir Abasov haqlıdı. Ona görə yox ki, komandası qələbəyə layiq çıxış etdi. Ona görə ki, referi premyer-liqa səviyyəsində matç idarə etdiyini ya unutmuşdu, ya da həmin 90 dəqiqə Fərid Hacıyev üçün ağır yük idi. İlk dəqiqələrdən yerli-yersiz fit çalmağa üstünlük verən hakim tempə çox ciddi zərbə vurdu. Bu isə nəinki 22-ci dəqiqədə məğlub duruma düşən Samir Abasovun, hesabda öndə olan Vaqif Cavadovun da xoşuna gəlmədi. Düzdü, hakim şifahi xəbərdarlıqla “Neftçi”nin baş məşqçisini oyun ərzində susdura bildi. Lakin mütəxəssisin mətbuat konfransında səsləndirdiyi fikirlərə haqq verməmək olmur. Axı Fərid Hacıyev Alan Diasın Edvin Kuça kobud müdaxiləsini düzgün dəyərləndirməli, daha doğrusu, penaltiverməli, Bassala Sambunun qolunu saymalıydı. Çünki həmin epizodda top Ağadadaş Salyanskiyə toxunmamışdı! Görünür, Hacıyevin təcrübə toplamağaehtiyacı var. Amma bunu premyer-liqada etməməlidi!

Turan Tovuz – Şamaxı, KAMAL UMUDLU
Turun açılış matçı Kamal Umudluya tapşırılmışdı. Futbolçuların kiçik səhvlərini belə bağışlamaq istəməyən referi tez-tez fit çalaraq fasilələrin yaranmasına səbəb oldu. Umudlu artıq ilk yarıda hər komandadan bir futbolçuya “sarı” göstərməklə bir növ onların “gözünün odunu aldı”. Yersiz fitləri nəzərə almasaq, ümumilikdə idarəçilik qənaətbəxş səviyyədə idi.

Kəpəz – Zirə, ƏLİYAR AĞAYEV
Hər iki komanda səliqəli oynamağa çalışdı. Qonaqlar ilk dəqiqələrdən mübarizə əzmini ortaya qoysa da, hansısa aqressivliyin şahidi olmadıq. Təsadüfi deyil ki, hakim ilk dəfə əlini cibinə yalnız 83-cü dəqiqədə atdı. Növbəti üç “sarı” isə uzatma dəqiqələrinə təsadüf etdi. Referinin bəzi qərarlarından razı qalmayan “Kəpəz”in baş məşqçisi Azər Bağırov da şifahi xəbərdarlıq etdi. 27-ci dəqiqədə isə baş hakimlə laysmanın qərarı üst-üstə düşmədi. Hər halda, hakimlər briqadasının nəticəyə təsir edən səhini izləmədik.

Səbail – Araz-Naxçıvan, RƏŞAD ƏHMƏDOV
Rəşad Əhmədovun bu oyunu pis idarə etdiyini demək insafsızlıq olar. Amma onun ciddi metodik qüsuru var. Referi bəzi hallarda meydanda mövqeyini itirir. Məsələn, epizodların birində top ona dəydi, daha bir neçə epizodda Əhmədov futbolçuların görmə bucağını daraltdı. Bir sözlə, meydanda daha düzgün mövqe seçməli, qərarlarını tez-tez dartışan baş məşqçilərə münasibətdə sərt olmalıdı.

Seçilən
0
football-plus.az

1Mənbələr